Muradverdiyev bir müddətliyə toplumdan təcrid olunacaq
Belə görünür, Akif Muradverdiyev bu tezliklə açıb buraxılana bənzəmir. MTN-in həbs etdiyi bu şəxs bir müddətliyə toplumdan təcrid olunacaq. Hər halda, Bakı Apellyasiya Məhkəməsi Muradverdiyevin həbsi barədə qərardan verilən apellyasiya şikayəti təmin etmədi.
Bakı Apellyasiya Məhkəməsi Muradverdiyevin yaşadığı evdə axtarış aparılması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətini də təmin etməyib. Akif Muradverdiyev iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.
Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan — Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.
Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Muradverdiyev bu qızılların onun olmadığını, ona «atıldığını» iddia edib.

