Muəllif:

Akif Əlizadə: «İntellekt ən qiymətli milli sərvətdir»

Milli Elmlər Akademiyasında «Avropa məkanında yeni çağırışlar: gənc alimlərin Beynəlxalq Bakı Forumu» öz işinə başlayıb. Mayın 25-dək davam edəcək forum Gənclər və İdman Nazirliyinin, MEA, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı, Avropa Gənc Alimlər Şurasının (EURODOC) dəstəyi ilə keçirilir. Forumda Avropanın 32 ölkəsindən 160, Azərbaycandan isə 190 gənc alim iştirak edir.
Forumun məqsədi Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Azərbaycanın gənc alimlərinin Avropnın elm mühitinə inteqrasiyasını intensivləşdirməkdir.
Açılışda çıxış edənlər müxtəlif ixtisaslar üzrə tədqiqatlar aparan gənc alimlərin təcrübə və bilik mübadiləsi aparmaları, Avropanın aparıcı universitetlərindən professorların çıxışlarını dinləmək və Azərbaycan alimlərinin elmi nailiyyətləri ilə tanış olmaq baxımından forumun əhəmiyyətini vurğulayıblar.
Forumda çıxış edən MEA prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir, artıq bu yeniliklərin müəllifi olmaq lazımdır: «Azərbaycan alimləri Avropa alimləri ilə əməkdaşlığı genişləndirməlidir. MEA bu məsələdə öz dəstəyini göstərməyə hazırdır. Artıq hamı tərəfindən dərk edilmiş bir həqiqətdir ki, cəmiyyət məhz elmi ilə tanınacaq. İntellekt ən qiymətli milli sərvətdir. Hazırkı dövrdə elm adamlarının birləşməsinə daha çox ehtiyac duyulur».
Əlizadə deyib ki, Azərbaycana yalnız nanotexnologiyalar sahəsindəki yenilikləri izləmək kifayət etmir. Artıq bu yeniliklərin müəllifi olmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan alimləri Avropa alimləri ilə əməkdaşlığı genişləndirməlidirlər. O, AMEA-nın bu məsələyə öz dəstəyini göstərməyə hazır olduğunu da söyləyib.
AMEA prezidenti qeyd edib ki, forumda məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
MM Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda elm sahəsinə dair bir sıra dövlət proqramları hazırlanıb, Azərbaycanda elektron hökumətlə bağlı sərəncamlar verilib. Millət vəkili 23 xidmətin «ASAN xidməti»ndə birləşməsini də elmin cəmiyyətdə inkişaf etməsinin təzahürü kimi dəyərləndirib.
Respublika Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu qurumun fəaliyyəti barədə məlumat verib. O, çıxışında fondun beynəlxalq əməkdaşlığa hər zaman hazır olduğunu da xüsusi vurğulayıb. Respublika Prezidenti yanında Elmin İnkişafı Fondunun içraçı direktoru Elçin Babayev qeyd edib ki, gənc alimlərin bir araya gəlməsi üçün təkcə elmi dialoq deyil, həm də mədəniyyətlərarası dialoq lazımdır:
«Qloballaşan dünyada gənclərin müsbət xarakterli ambisiyalarına yol açılmalıdır. Mən istərdim ki, Bakı Forumu müntəzəm olaraq fəaliyyət göstərsin. Forumun daimi katibliyi yaradıla, o iki ildən bir keçirilə bilər. Elmin İnkişafı Fondu hər il gənc alimlərin qrant müsabiqələrini keçirir. Yaxşı olardı ki, bizim gənclər daha çox məsuliyyət daşısınlar. Yeni dünya sizlərə arxalanır. Bu dünyanın problemlərinin sorumlusu da siz gənclər olacaqsınız. Orta və yaşlı nəsil qloballaşan dünyanın çağırışlarına səs verəcəklər. Gənclər isə bu çağırışların əsas mühərriki olacaqlar».
Gənc tədqiqatçılar və Doktorantların Avropa Şurasının rəhbəri Slobodan Radicev və digər alimlər də Azərbaycanda belə bir tədbirin keçirilməsini yüksək qiymətləndiriblər. O da bildirib ki, Avropanın gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi vacibdir: «Bu forum iştirakçı ölkələr üçün kifayət qədər əhəmiyyətli olacaq və Avropanın elm sahəsinə töhfəsini verəcək». Forum çərçivəsində 5 istiqamət üzrə paralel sessiyalar keçirilib.
Forumda texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər, tibb, biologiya və kimya sahəsində Avropa gənc alimlərinin elmi nəticələri, Yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiyası, Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığı kimi məsələlər müzakirə edilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 248