Muəllif:

Akademik Fikrət Əliyev: «Sözünü deyə bilməyən alimin elmdə yer tutmağı elmə zərbədir»

İnteqrasiyasız inkişafın mümkünsüz olduğu bizim günlərdə alimlərin əsərlərinin nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc edilməsi elmin qarşısında qoyulan vacib məsələdir. İstinad indeksli jurnallarda çap olunan məqalələr isə yalnız alimin deyil, onun təmsil etdiyi ölkənin də əsas nüfuz göstəricisinə çevrilib. Elmin inkişaf göstəricisi kimi, digər vacib amil isə təsir əmsalına (impakt faktor) layiq görülən jurnalların sayıdır. Bu baxımdan, «Thomson Reuters» Agentliyinin hesabatına salınmış yeganə Azərbaycan jurnalı — 2002-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, MEA və BDU Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təsis olunan «Applied and Computational Mathematics»dir. Amma bu mərhələnin arxasında illərin gərgin əməyi, zəhməti dayanır.
Jurnalın ərsəyə gəlməsində böyük rolu olan baş redaktorlardan biri, akademik Fikrət Əliyevdir.
— İstənilən dövlətin inkişafında elm müstəsna rol oynayır. Sovet dönəmində güclü elm vardı, amma onun mərkəzdən idarə olunması alimlərin «əl-qol»unu bağlayırdı. Bu baxımdan, müstəqil Azərbaycanda hər bir sahədə olduğu kimi, elm sahəsinə də yenilik gətirmək məqsədilə 2002-ci ildə akademik Əli Abbasovun rəhbərliyi ilə bir qrup alim apardığımız analiz nəticəsində dünya elmi tərəfindən qəbul edilən jurnallarımızın olmadığını müəyyənləşdirdik. Dünyada minlərlə elmi jurnal çap olunur. Amma ötən əsrin ortalarından sonra elmi qiymətləndirən «Thomson Reuters» Agentliyinin siyahısında cəmi 10 min ətrafında elmi jurnal qeydiyyatdan keçir və bu jurnallarda çap olunan elmi işlər qiymətləndirilir. Düşündük ki, belə bir jurnalımızın olması Azərbaycan elminin dünyada tanıdılmasına, qloballaşmada yaxından iştirakına imkan yaradar. İlk vaxtlar əlaqələrimizdən istifadə edərək, tanınmış alimləri jurnala cəlb etməyə çalışdıq. Eyni zamanda, Azərbaycan elminin dünya müstəvisinə çıxarılması üçün ilk dəfə 2005-ci ildə RİTN-in dəstəyi və nazir Əli Abbasovun məsləhəti ilə «Sənaye Tətbiqli Optimallaşdırma və İdarəetmə» konfransı təşkil olundu və dünyanın əksər ölkələrindən 100-ə qədər alim iştirak etdi. Konfransda yeni, tanınmış alimlər jurnalın redaksiya heyətinə daxil edildi. Beləliklə, «Applied and Computational Mathematics» yarandığı qısa zamanda — 2008-ci ildə Azərbaycan elm tarixində ilk elmi jurnal olaraq «Thomson Reuters»in genişləndirilmiş siyahısına daxil oldu.
Bu tarixdən sonra jurnala artan marağın nəticəsində keyfiyyət dərəcələri də ildən-ilə yüksəlməyə başladı. Nəhayət, agentliyin 2012-ci il üzrə hesabatına əsasən, Azərbaycanda dərc olunan «Applied and Computational Mathematics» (Tətbiq və Riyazi Hesablama) beynəlxalq jurnalının təsir əmsalı (İmpact Factor) artaraq 0,75-ə çatdı. Düzdür, arada bir il jurnalın keyfiyyət dərəcəsi düşdü. Səbəb o idi ki, jurnalı ildə iki dəfə çap edirdik. Sonra «Thomson Reuters»dən ildə iki dəfə çap edilən jurnalların qiymətləndirilməsinin dayandırılacağı ilə bağlı xəbər gəldi və biz jurnalın nəşrinin sayını ildə 3 dəfəyə qaldırdıq. Hazırda jurnal hər nömrə 300 tirajla çap olunur. Bundan sonra jurnalın keyfiyyət dərəcəsi təkrar artmağa başladı.
— Bəs jurnal üçün yazılar hansı şərtlərlə qəbul olunur?
— Bu prosesə ciddi nəzarət var. Hər iki-üç ildən bir «Thomson Reuters» rəyçilərin siyahısı ilə bağlı bizə sorğu göndərir. Yəni burada şəffaf sistemdir. Şərtlərə görə, jurnala daxil olan məqalələrin hər biri ciddi rəydən keçməlidir. Bir məqaləyə isə 2-dən az rəy verilə bilməz. Bu, dünyada qəbul edilmiş bir prosedurdur. Bəzi alimlər rəylər üçün vəsait tələb etsə də, bəziləri bunu özünün alimlik borcu bilir. Eyni zamanda bu, alimin özünə də müsbət təsir edir. Çünki o, dünyada çıxan yeni jurnallarla maraqlanmasa, elm sahəsindəki yeniliklərdən xəbərsiz qalar. Ona görə də onların böyük əksəriyyəti göndərilən məqalələrə məmnuniyyətlə rəy bildirirlər. İki rəyin əsas götürülməsinin də səbəbi bir rəyçinin görmədiyi səhvin digər rəyçi tərəfindən müəyyənləşməsidir. Biri mənfi, digəri müsbət rəy yazdıqda isə üçüncü rəyçiyə müraciət olunur və onun əsasında məqalənin nəşri haqda qərar qəbul edilir. Ümumiyyətlə, iş olan yerdə səhv də ola bilər. Bu hər yerdə normal qəbul edilir. Amma Azərbaycanda buna fərqli münasibəti olanlar da var. Eyni zamanda, rəy mənfi verilibsə, nə qədər yaxın adam olursa-olsun, dəxli yoxdur, o məqalə jurnala qəbul edilə bilməz. Çünki elə məqalələr qəbul edilərsə, gələcəkdə jurnalın nüfuzunu böyük təhlükə gözləyər. Türkiyədə agentliyin siyahısında olan 75 jurnaldan 5-i qeyri-ciddiliyə görə bu il o siyahıdan çıxarılıb. MDB ölkələrində də analoji hal olub.
Qısa zamanda — 6 il ərzində «Thomson Reuters»in siyahısına daxil olmağımızın səbəbi də məhz, şəffaflıq və ciddi nəzarət prinsipidir. Müqayisə üçün deyim ki, Türkiyədə buna yaxın adla dərc olunan jurnal 36 ilə o siyahıya daxil ola bilib. Ukraynada da buna yaxın olan jurnalların bəzilərinin impakt-faktorları dəfələrlə aşağı düşüb.
— Təsir əmsalının aşağı düşməsi əsas hansı səbəblər üzündən baş verir?
— Qeyri-ciddiliyə yol verilir. Elə məqalələr götürürlər ki, onların reytinqi olmur. Jurnalda dərc olunmaq üçün çoxsaylı müraciətlər olur. Əgər milli heysiyyəti kənara qoyub, şəxsi hissləri irəli çəksən, əmin edirəm ki, o zaman heç nəyə nail olmaq mümkün olmayacaq. Gərək ilk növbədə millətin, elmin gələcəyini nəzərə alıb qərar verəsən.
— Jurnalın bu günədək 27 sayı çapdan çıxıb. Bu müddətdə rəylərə əsasən təxminən nə qədər məqalə jurnaldan kənarlaşdırılıb?
— Bu yaxınlarda belə bir statistika apardıq. İndiyə qədər jurnala daxil olan yazıların yalnız 75 faizi çap edilib, 25 faizi qəbul olunmayıb. Əsasən çalışırıq ki, alimin özünün güclü reytinqi, çox güclü elmi nəticələri olsun. Reytinqi olmayan, amma aldığı nəticələr çox güclü olan gənc alimlərin də məqalələrini rəyçilərlə məsləhətləşdikdən sonra dərc edirik. Çox reytinqli olan, amma işinin nəticələri zəif olan alimlərin məqalələri qəbul edilmir.
— Jurnalın nüfuzuna görə dərc olunmaq üçün sizə tapşırıq, xahiş-minnət edənlər olurmu?
— Lap çox olur. Amma obyektivliyin qorunmasında cənab nazirin çox böyük dəstəyi var. Bir çox alimlər, başqa şəxslər müraciət edir, amma heç bir tapşırıq istəyi nəzərə alınmır. Çünki burada iki məsələ var: ya obyektivlik, ya da tapşırıq. Tapşırıq bir-iki il sonra jurnalı qeyri-ciddiliyə yol verən digər jurnallar kimi sıradan çıxaracaq. Hətta jurnalın redaksiya heyətinin üzvlərinə də güzəşt edilmir. Onların bəzilərinin də məqalələri rəylər əsasında nəşrə buraxılmayıb. Məqalə müəllifləri də obyektivlik prinsipi gözlənildiyinə görə bu addıma çox düzgün yanaşırlar. Vaxtilə xoş münasibətdə olduğumuz elə müəlliflər də var ki, bunları qəbul etmək istəməyib, amma biz məqaləni buraxmamışıq. İndi o insanlarla münasibətlərdə müəyyən soyuqluq var.
— Azərbaycanın gələcək hədəflərində «beyin axını»nın qarşısının alınması üçün zəruri tədbirlərin həyata keçirilməsi də əks olunub. Bununla bağlı fikirləriniz necədir?
— İlk növbədə, alimlərin maddi vəziyyətinin yaxşılaşdırılması önə çəkilməlidir. İnanmıram ki, maddi imkanı yaxşı və elmi tədqiqat işi aparmaq üçün şəraiti normal olan alim başqa ölkədə yaşamaq istəsin. Eyni zamanda, artıq xaricdə öz yerini tutmuş və geri dönmək istəməyən alimlərin ölkəyə gətirilməsi də məqsədəuyğun deyil, əksinə, onların yanına buradan gənc kadrlar göndərilməlidir. Hazırda dövlət tərəfindən elmin inkişafına dəstək verilir. Ölkə başçısı da, çıxışlarının birində qeyd edib ki, Azərbaycan elmi regionda birinci olmalıdır.
— Necə düşünürsünüz, birinciyik?
— Xeyr, birinci deyilik. Birinci olmaq üçün böyük potensialımız və maddi imkanımız var. Amma müasir səviyyədə işləməyi bacarmalı və elmdə obyektivliyi qorumalıyıq.
Elmdə qazanılan hər uğur Azərbaycanın adına yazılır. Bu baxımdan, işlərin məzmunu da dəyişməli, islahatlar aparılmalıdır. Tutaq ki, uzun illərin aliminin bu müddətdə heç bir elmi göstəricisi yoxdur. Artıq o bilməlidir ki, elmdə sözünü deyə bilmir və o yeri tutmağın özü də elmə zərbədir. Hər bir elmi işçidən ciddi hesabatlar qəbul edilməlidir. Alimlər qarşısında iqtisadiyyatımıza xeyir gətirə biləcək problematik məsələlər qaldırılmalıdır. Eyni zamanda, alimin gözü heç bir yerdə qalmamalı, işinə görə aldığı maaşla ailəsini normal dolandırmağı bacarmalıdır. Elm başqa işlərə bənzəməz. Əgər alimin maddi sıxıntıları olarsa, artıq beyin tam elmi işə deyil, qayğıların həllinə köklənir.
— «Thomson Reuters»in bazasında Azərbaycan üçün bir jurnal az deyilmi?
— Tamamilə yerində verilən sualdır. Azərbaycanda elmin elə sahələri var ki, onlar çoxdan öz jurnallarını bu siyahıya salmaq üçün cəhd göstərməli idilər və əminəm ki, buna nail də olardılar. Məsələn, fizika, kimya, informasiya texnologiyaları, geologiya, biologiya, metalşünaslıq, neft maşınqayırması və s. istiqamətlər üzrə Azərbaycanda çox böyük işlər görülüb və görülməkdədir. Bunlar dünya çapında da öz layiqli yerini tutur və yetərincə də Azərbaycanda jurnallar çap edilir. Düşünürəm ki, onları «Thomson Reuters»in tələblərinə uyğunlaşdırıb, müvafiq addımlar atılmalıdır. Əsas tələblərdən biri güclü redaksiya heyətinin yaradılmasıdır. Humanitar, siyasi, ictimai elmlər sahəsində də jurnalların o bazaya salınmasına hər zamankından daha böyük ehtiyac var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 434