Akademik Fikrət Əliyev: «Elmdə heç kəsə güzəşt edilməməlidir!»
Son 50 ildə elmin keyfiyyətini müəyyənləşdirmək üçün müxtəlif qiymətləndirmə meyarları meydana gəlib. Akademik Fikrət Əliyevin həmmüəllifi olduğu «Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri» adlı kitab bütövlükdə bu məsələyə həsr olunub. Kitabda dünya elmini müəyyən qəliblər üzrə qiymətləndirmədə ABŞ-ın «ISI-Thomson Reuters» təşkilatının mövqeyindən, dəyərləndirmə mexanizmindən və s. söz açılır.
«Thomson Reuters»in elmi qiymətləndirmə sistemi bu gün dünyada qəbul olunan ən optimal mexanizmdir. Bu mexanizm artıq 50 ildir işləyir və durmadan təkmilləşir. Bu indeksin məqsədi sanballı elmi nəşrləri təsnifləşdirmək, indeksləşdirmək və onların təsir əmsalını müəyyənləşdirmək olub. 2002-ci ildə Elmi İnformasiya İnstitutu «Thomson Reuters»in tərkibinə keçdikdən sonra qurumun işi xeyli irəli gedib. İndi artıq «ISI-Thomson Reuters» təkcə təsir əmsalına malik jurnallar haqqında illik hesabat («Journal Citation Report») dərc etməklə kifayətlənmir, məqalələrinə ən çox istinad edilən alimlərin də siyahısını hazırlayıb dərc edir. Bu isə dünya universitetlərinin reytinq cədvəlini müəyyənləşdirməyə imkan verir.
Akademik Fikrət Əliyev deyir ki, elmi tədqiqatların nəticələrini qiymətləndirmə baxımından təsir əmsalının əhəmiyyəti o qədər böyükdür ki, bununla hətta müxtəlif ölkələrdə elmin inkişaf dinamikasını da izləmək mümkündür:
— Ayrı-ayrı institutlar, alimlər «ISI-Thomson Reuters»in «Web of Science» adlanan indeksləşdirmə bazası vasitəsilə öz elmi işlərinə edilən istinadların kəmiyyətini müəyyənləşdirə bilirlər. Nüfuzlu jurnalın təsir əmsalı impakt faktoru olduğu kimi, elmi-tədqiqat institutunun, fərdi şəkildə alimin və hətta ayrıca məqalənin də impakt faktoru ola bilər. Yəni «ISI-Thomson Reuters»in «Web of Science» bazasına daxil olan «Science Citation Index Expanded», «Social Sciences Citation Index» və «Arts & Humanities Citation Index» kimi elmi indeksləşdirmə sistemləri həm qlobal, həm də regional elmi tərəqqinin güzgüsü rolunda çıxış edir.
— «ISI-Thomson Reuters» haqqında belə bir təəssürat yaranıb ki, bu təşkilat əsasən Qərbdə aparılan elmi tədqiqatların analizinə daha çox diqqət ayırır. Bu haqda fikrinizi bilmək istərdim…
— «Web of Science» bazasının əhatə etdiyi jurnalların coğrafiyası belə bir fikir oyadır ki, daha çox məhz Qərbdə nəşr olunan elmi jurnallar təsir əmsalına malikdir. Düşünürəm ki, burada kimisə müqəssir çıxarmaq olmaz. Məsələn, «Science Citation Index Expanded» siyahısına daxil olan jurnallar tam olaraq ingilis dilində dərc edilən nəşrlərdir. Və onlar əksərən ingilisdilli ölkələrdə çıxır. Başqa sözlə, bu siyahıya daxil olmaq digər 2 siyahıya daxil olmaqdan daha çətindir. «ISI-Thomson Reuters»in rəsmiləri də bunu dəfələrlə etiraf ediblər. Çünki dəqiq və təbiət elmlərinə həsr olunan jurnallar bir qayda olaraq regional deyil, qlobal xarakterli tədqiqatları özündə cəmlədiyindən onların məhz ingilis dilində nəşri düzgün hesab olunur. «Social Sciences Citation Index» və «Arts & Humanities Citation Index»ə daxil olan jurnallar üçünsə belə bir tələb yoxdur. «ISI-Thomson Reuters» razılaşır ki, bəli, məsələn, bir ölkənin ədəbiyyatı, folkloru məhz milli dildə yayılmalıdır. Həmin siyahılara daxil olan regional jurnallardakı məqalələrə ingilis dilində yalnız xülasə vermək kafi hesab olunur.
Görünür, məhz bu amil «ISI-Thomson Reuters»in 100-dən artıq ölkə ilə əməkdaşlığına yardım edir. Azərbaycan uzun müddət «ISI-Thomson Reuters»lə əməkdaşlıq imkanından məhrum olub. O vaxtlar bizə elə gəlirdi ki, əgər jurnal, məsələn, Moskvada nəşr olunursa, deməli, ən nüfuzlu elmi nəşrdir. Halbuki indi həmin jurnallar ya ümumiyyətlə, «Web of Science» bazasına düşə bilmir, ya da çox zəif təsir əmsallarına malikdir. Sadəcə, real mənzərə bundan ibarətdir ki, bu gün nə Rusiya, nə də postsovet ölkələrində nəşr olunan jurnallar «ISI-Thomson Reuters»lə sıx əməkdaşlıq edir. Ümid etmək olar ki, yaxın 10 ildə postsovet ölkələrinin göstəriciləri daha yüksək olacaq.
O ki qaldı sualınızın ikinci hissəsinə, əlbəttə, Sizinlə tam razıyam: «ISI Thomson Reuters»in bizim regionda çıxan elmi nəşrlərə diqqət ayırması heç də səbəbsiz deyil. Bilirsiniz ki, 10 ildir ölkəmizdə RİTN, AMEA və BDU Tətbiqi Riyaziyyat İnstitutu ingilis dilində «Applied and Computational Mathematics» jurnalını nəşr edir. Bu jurnal həm regionda, həm də ölkəmizdə «Web of Science»ə daxil olmuş və təsir əmsalı qazanmış ilk nəşrdir. Nəşr Azərbaycan tətbiqi riyaziyyat elminin uğurlarını beynəlxalq aləmə çıxarmaqla bərabər, müvafiq sahədə xarici alimlərin də seçilmiş elmi tədqiqatlarını yerli alimlərimizə təqdim etməklə bilavasitə elmi körpü rolunu oynayır. Biz uzun illər ərzində «ISI-Thomson Reuters»lə əməkdaşlıq etməklə, nəhayət, onların diqqətini ölkəmizə yönəldə bilmişik. Bu işdə akademik Əli Abbasovun, professor Larinin, professor Tamer Başarın çox böyük əməyi var. Bu fəaliyyətlərdə gərgin əmək sərf etmiş bir şəxs kimi deməliyəm ki, «ISI-Thomson Reuters»in elmi jurnallar qarşısında qoyduğu tələblər çox sərt olsa da, təşkilat daim əməkdaşlığa, səmərəli partnyorluğa hazırdır. Biz çox istərdik ki, tezliklə digər Azərbaycan jurnalları da təşkilatın siyahılarına düşsünlər.
— Digər jurnallarımızdan söz düşmüşkən, Sizcə, onların «Web of Science» bazasına düşə bilməməsinin səbəbi nədir? Jurnallarımızın «ISI-Thomson Reuters»lə əməkdaşlığa meyil etmədiyi necə izah oluna bilər?
— Bilirsiniz, ölkəmizin elmi-tədqiqat institutlarında 40-dan artıq elmi jurnal nəşr olunur. Təəssüflər olsun ki, hələlik bu jurnallardan heç biri «ISI-Thomson Reuters»lə əməkdaşlıq qura bilməyib. Bunun bir sıra səbəbləri var. Dəqiq və tətbiqi elmləri əhatə edən jurnallarımız, bayaq da qeyd etdiyim kimi, məqalələrə ingilis dilində xülasə verməklə «Web of Science» bazasına düşə bilməzlər. Gərəkdir ki, həmin jurnallar ingilis dilində nəşr olunsun.
Sual yarana bilər ki, bəs əgər bütün jurnallar ingilis dilində dərc olunacaqsa, bu dili bilməyənlər, məsələn, elə yerli auditoriyanın böyük hissəsi elmi yeniliklərlə necə tanış olacaq? Bu sualın cavabı aydındır: yaxşı olar ki, milli auditoriyanı itirmək istəməyən jurnallarımız eyni zamanda iki dildə nəşr olunsunlar. Estoniyada, Ukraynada, Litvada bunun təqdirəlayiq örnəkləri var. Bu gün həmin ölkələrdə çıxan elmi jurnallar iki dildə — həm yerli elmi ictimaiyyətin, həm də beynəlxalq intellektual auditoriyanın diqqətini qazana biliblər. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, jurnala təkcə ingilis dilində ad verməklə, onu beynəlxalq nəşr adlandırmaqla «ISI-Thomson Reuters»in diqqətini çəkmək mümkün deyil. Axı gərək həmin jurnallarda mükəmməl, professional ingilis dilində yazılmış məqalələr dərc olunsun, məqalələrin qarşısında qoyulan beynəlxalq qiymətvermə standartlarına əməl edilsin. Bunun üçünsə Azərbaycan alimi beynəlxalq elmi jurnallarda dərc olunma təcrübəsinə malik olmalıdır.
Düşünürəm ki, elmi işçilərə tələbləri sərtləşdirməyə ehtiyac var. Hər bir elmi-tədqiqat institutunun qarşısında tələb qoyulmalıdır ki, məsələn, yaxın 3 il ərzində müəssisənin təsir əmsalı 3-5 arası olsun. Bunun üçün həmin institutların əməkdaşları 3 il ərzində «ISI-Thomson Reuters» siyahılarında olan nüfuzlu jurnallarda məqalə dərc etdirməlidirlər.
Prezident xüsusi sərəncamla Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələrinə iddialı şəxslər qarşısında belə tələblər qoyulmasını qanuniləşdirdi. Keçmiş Sovetlər Birliyində elmi adların verilməsinin müasir tələblərə uyğunlaşdırılması yolunda ilk addım olan bu qərarı alqışlamaq lazımdır. Amma təkcə Ali Attestasiya Komissiyası bu işin öhdəsindən gələ bilməz. Lazımdır ki, ali təhsil müəssisələri də, MEA da əməkdaşlarını məhz belə bir istiqamətdə səfərbərliyə alsın. Elmdə heç kəsə güzəşt edilməməlidir. Açıq danışmaq lazımdır. Götürək elə MEA-nın nəşr etdiyi «Məruzələr»i. Kim deyə bilər ki, bu jurnalda nəşr olunan məqalələr dünya elmi ictimaiyyətinə lazım deyil? Əlbəttə, lazımdır. Amma necə? Nə vaxta kimi biz özümüz yazıb özümüz oxuyacağıq? «Məruzələr»də dərc olunan məqalələri ingilis dilinə çevirib nəşr etmək olmazmı? Olar. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının məlumatına görə, Azərbaycan dilində nəşr olunan jurnallarımız arasında «Məruzələr» xarici kitabxanalar tərəfindən ən çox tələb edilən nəşrlər sırasındadır. Əcnəbi alimlər bu jurnalda dərc olunan məqalələrin ingilis dilində olan xülasəsinə bu qədər maraq göstərirsə, deməli, bu nəşrin ingilis dilinə çevrilməsinə və beləliklə, ən yaxın zamanda «ISI Thomson Reuters»lə əməkdaşlıq etməsinə ehtiyac var.