Ailə zorakılığı törədənlər ciddi cəzalanlacaq
Ailələrdə zorakılıq hallarının qarşısının alınması üçün qaydaların sərtləşdirilməsi gözlənilir.Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir necə hüquqi sənəddə dəyişikliklər edilə bilər.Bunlar “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun, Ailə və İnzibati Xətalar məcəllələrinə və zərurət yarandığı halda, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdir. Hazırda bununla bağlı müxtəlif müvafiq institutlardan və QHT-lərdən parlamentə daxil olan müraciətlərə baxılır.
Müraciətlərdə əsasən ötən illər ərzində ailələrdə qadınların və uşaqların fiziki və psixoloji zorakılığa məruz qalması hallarının çoxluğu göstərilir. Edilən təkliflərin bir qisminə əsasən dəyişikliklərin bir hissəsi bundan ibarət ola bilər ki, əgər ailə üzvlərindən kimsə (əsasən qadın və uşaq) yüngül formada belə psixoloji və fiziki təzyiqə məruz qalırsa, qarşı tərəfin şikayəti olmadan belə hadisəni törədən ailə üzvü məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, dəyişikliklərdə məişət zorakılığına qarşı təbliğatın gücləndirilməsi, bununla bağlı fəaliyyət göstərən mərkəzlərin fəaliyyətinin daha da gücləndirilməsi və bir sıra maarifləndirici layihələrin həyata keçirilməsinin tənzimlənməsi nəzərdə tutulur. Hazırda verilən təkliflər üzərində iş gedir və sənədin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.