Muəllif:

Ahəngyol elmi Amerikada və Avropada elmi sistem kimi qəbul olunmaqdadır

Sosioloq və riyaziyyatçı alim, professor Əhməd Qəşəmoğlunun təklif etdiyi ahəngyolun artıq Amerikada və Avropada ciddi, yeni bir elmi sistem kimi qəbul olunmaqda və yayılmaqda olduğu deyilir. Ahəngyol — dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiyadır. Hər hansı sahədə aparılan tədqiqatlar geniş mənada ahəngin pozulmasına yol açırsa, həmin tədqiqatları ən azı müvəqqəti olaraq (onun ahəngə xidmət edəcəyi vaxta qədər) dayandırmağı məqsədəuyğun bilir. Bu elmi-fəlsəfi nəzəriyyənin müəllifi Əhməd Qəşəmoğlu deyir:
— Ahəngyol prinsipləri əsasında olan elmi təkliflər Azərbaycanda doxsanıncı illərin əvvəllərindən təklif edilməsinə baxmayaraq, elə bir diqqətə səbəb olmadı. Əksinə, ölkəmizin imicinə xeyli müsbət rənglər qata biləcək bu elmin formalaşmaqda olduğu, mənim rəhbərlik etdiyim ciddi bir elmi mərkəz anlaşılmazlıq ucundan ləğv edildi.
Lütfizadənin təqdimatından sonra bu elmə diqqət artmağa başladı. İndi İtaliyada bu elmə çox ciddi maraq yaranıb. Onların bir jurnalı, bir saytı ahəngyol barədə ingilis və italyan dillərində geniş məlumat verib. İtalyan yazıçılardan Bruno Di Loreto Vurms ahəngyola böyük maraq göstərir və onu təbliğ edir. Artıq italyan iqtisadçılar ahəngyola ciddi maraq göstərməkdədirlər. Mənim İtaliyaya gedib bir neçə elmi mərkəzdə seminar verməyim planlaşdırılır. Amerikada daha çox ekoloji problemlərlə məşğul olanlar ahəngyola maraq göstərirlər. İndi Amerikada iki məqaləm çapa hazırlanır. Yaxınlarda Nyu-York Universitetində ahəngyolla bağlı kitab çıxması məsələsinin də həll olması gözlənilir. Almaniyada, Hollandiyada, Fransada, Pakistanda, Koreyada və Yaponiyada da ahəngyolla bağlı araşdırmalara maraq göstərən mütəxəssislərlə yazışırıq. Pakistan saytlarından biri artıq mənim iki məqaləmi yayıb. Türkiyənin 3 universiteti ahəngyolun təqdimatını keçirib. Türkiyədə ahəngyola həsr olunmuş beynəlxalq bir simpoziuma hazırlıq gedir.
Bu il sentyabrın 5-də mən Əskişəhərdə, «YUNESKO»nun təşkil etdiyi beynəlxalq bir konfransada ahəngyolun təhsil sisteminə tətbiqi əsasındakı modelim barədə məlumat verdim. Müxtəlif ölkələrin nümayəndələri xeyli maraq göstərdilər. Türkiyənin Kanal-26 TV kanalı məni dəvət etdi və bu barədə geniş məlumat verdi.
Qərbin ciddi elm adamları artıq başa düşürlər ki, onların əsaslandığı elmi nəzəriyyələr daha çox rasional, praqmatik düşüncə əsasında formalaşmışdır. Bu isə əvvəllər ciddi yüksəlişlərə gətirsə də, indiki vaxtda bir dalana söykənmişdir. Bu dalanı aşmaq üçün Şərq fəsəfəsinin, dini kitabların da potensialını hərəkətə gətirmək lazımdır. Ahəngyolla tanış olan belə mütəxəssislər hiss edirlər ki, bu yolda ahəngyolun xeyli faydası ola bilər.
— Azərbaycanın elmi çevrələrində bu məsələyə münasibət necədir?
— Milli Elmlər Akademiyasında ahəngyola maraq ciddidir. Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə 2008-ci ildə bu sahədə mənim monoqrafiyam çapdan çıxıb. İnstitutun elmi seminarında bu nəzəriyyə təqdir olunub və Akademiyanın Rəyasət Heyətində müzakirə üçün təqdim edilib. Akademiyanın rəhbərliyi də indi bu nəzəriyyəyə maraq göstərməlidir. Bəzi nazirliklər bu nəzəriyyəyə maraq göstərməkdədirlər. Təbii ki, mən çox istərdim ki, bu nəzəriyyədən ilk öncə Azərbaycanda istifadə olunsun. İnşallah, yaxşı olar.
— Təhsil sisteminin ahəngyol fəlsəfəsi əsasında qurulması nəyi dəyişə bilər?
— Ahəngyol elminin əsas müddəası odur ki, kainat sonsuz ölçülü bir orqanizm, bir vücuddur və yer üzü də bu vücudun bir hissəsidir. Yer üzündə istənilən sahədə, eləcə də cəmiyyətdə, məhz, o proseslər daha uğurlu, daha dayanıqlı ola bilər ki, həmin proseslər öz məxsus olduqları kainatın əsas fəaliyyət prinsipi olan ahəng prinsipi əsasında davam etsin. Kainat ierarxik sistemlər halında mövcuddur. Hər bir aşağı tərtib sistemdə bir münaqişə, ahəngin pozulması halı olduqda üst sistemlər hərəkətə gələrək bu ahəngi bərpa etməyə çalışır. Aşağı sistemlərdə ahəngin bərpa olunması mümkün olmayanda üst sistemlər həmin sistemin özünü məhv edir. Diqqətlə fikir versəniz, bütün dini kitablar da bunu deyir. Ahəngyol fəlsəfəsi Şərq və Qərb fəlsəfi fikrinin birlikdə ümumiləşdirilməsi, dini kitabların fəlsəfi yöndən təhlili və sistem nəzəriyyəsi əsasında qurulmuşdur. Bu elmin əsas tezisləri 2011-ci ildə Lütfizadə tərəfindən təqdir edilmiş və Kaliforniya Universitetinin olduqca önəmli BİSC saytında yerləşdirilmişdir. İndi bu elm sahəsi Qərbdə, bir sıra Şərq ölkələrində uğurla yayılmaqdadır.
Təhsil sisteminin ahəngyol fəlsəfəsi əsasında qurulması, onun daha dayanıqlı, uğurlu, ölkənin tərəqqisinə xidmət edə biləcək bir vəziyyətə gətirilməsinə xidmət edəcəkdir. Təhsil sisteminin ahəng prinsipləri ilə qurulması həm bu sistemin öz daxilində ahəng şərtlərinin qurulmasını, həm də bu sistemin öz qarşısına ölkənin tərəqqisinə xidmət edəcək məqsəd qoymağı tələb edir.
— Ahəngin əsas şərtləri hansılardır?
— Ahəngyol elmində, ahəngin əsas şərtləri bu şəkildə müəyyən edilmişdir. Bir neçə varlığın, obyektin bir-biri ilə ahəng yaratması üçün 4 şərt ödənməlidir: Birincisi, onların qarşısında öz təyinatlarına uyğun olan bir ümumi məqsədləri olmalıdır. İkincisi, bu obyektlərin mövcud komponentləri bir bütöv sistem əmələ gətirərək həmin məqsədə çatmaq üçün imkan yaratmalıdırlar. Üçüncüsü, bu məqsəd hər bir obyektin məxsusi maraqlarından daha yüksəkdə durmalıdır. Hər bir obyekt o birilərdən həmin məqsədə çatmağı tələb edə bilməlidir və bu tələb dərhal yerinə yetirilməlidir. Dördüncüsü, isə hər bir obyektin həmin məqsəd yolundakı fəaliyyəti o biri obyektlərin fəaliyyətini gücləndirməlidir.
— Təhsilin ahəng prinsipi ilə təşkili ilə bağlı konkret modeliniz varmı və bunun tətbiqində hansı çətinliklər ortaya çıxa bilər?
— Var. Təhsil hər zaman mənim diqqət mərkəzimdə olub. Ona görə də ahəngyolun təhsil sisteminə tətbiqi ilə bağlı modelim də hazırlanıb. Bu model bütün milli, mənəvi, tarixi xüsusiyyətləri, Qərb və Şərq metodlarını nəzərə alaraq, təhsil sistemini ölkənin tərəqqisinə xidmət edəcək bir formada təklif edir. Bu modeldən istifadə sahəsində müəyyən çətinliklər var: Əvvəla, bu modeli təklif edən azərbaycanlıdır. İngilis, fransız, yapon, amerikalı deyil. Təhsil problemləri ilə məşğul olanların əksəriyyəti hökmən özlərini daha ağıllı hesab edir. Bundan başqa, bizim təhsil sistemimiz artıq uzun illərdir ki, Boloniya sisteminə keçmək sahəsində xeyli işlər görüb. Psixoloji olaraq daha mütərəqqi yolda olduqlarını düşünürlər. Və bu yolda xeyli pullar xərclənib. Beynəlxalq təşkilatlar burada Azərbaycanın tərəqqisindən daha çox öz maraqlarına uyğun olan təhsil sistemi görmək istəyir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 675