Ağırlıq
Bu həftə də əzici düşüncələrin bütün ağırlığı ilə ruhumuza hakim kəsildiyi qalırdı. Heç yüngülləşdiyimiz, rahatlıqla nəfəs almağa başladığımız olurmu ki. Baş verənlərin ard-arda mahiyyətinə vardıqca, elə hey ağırlıq ağırlıq üstündən gəlir. Elə bil ştanqa bir ucdan yeni disklər əlavə edilir. Qaldır görüm…
Bizim mühitdə seçkilərin nəticələri sarıdan daxili mübahisələrin davam etdiyi bir fonda qonşu gürcülər — bizimlə eyni taleni yaşamış bir millət nəticəsi mübahisə doğurmayan, mədəni dünya liderlərinin təbriklərini gecikdirməyən seçkilər keçirməyi bacardılar və inauqurasiyaya hazırlaşırlar — 70 ölkədən dəvətli var. Hakimiyyəti ləyaqətlə təhvil-təslim etməyi bacardılar. Biz isə buradan baxıb gürcülərə və onların bu siyasi uğuruna qibtə etdik.
Buna qədər biz nəticəsi mübahisə doğurmayan seçki keçirmək bacarığı dedikdə, monqolları və qırğızları örnək görürdük, indi lap yaxın qonşumuz və qardaşımız — gürcülər də bizə siyasət dərsi verdilər. Pedaqoji dillə deyilsə, əyani vasitələrlə… Hər kəs öz işlərini uğurla nizamlarkən bir ölkə olaraq qınaq obyekti kimi qalmağımızdan dolayı bir mənəvi ağırlıq səni sarmaya bilərmi? Niyə başqaları elə, biz — «qədim mədəniyyət ölkəsi» belə — sualını verməyə bilərikmi?
Bəlkə də bunu xatırlatmağa heç ehtiyac belə yoxdur ki, onların oğulları 100-120 il öncə gürcülərə demokratiyanı gətirən Ramişvili, Jordaniya, Qegeçkori, Çxenkeli, Sereteli kimi kişilərin əkdiyi toxumları cücərdə, bu torpaqlarda daha dərinlərə kök atdıra bildilər. Saakaşvili kimi oğulların həsəd aparılacaq, bəzən dəlisovluq təsiri bağışlayan inadkarlığı ilə Stalin, Orconikidze, Şevardnadzelərin «seçki praktikası» mirasından qətiyyətlə və elə gəlir ki, birdəfəlik yaxa qurtara bildilər. Gürcülərə on illərdən bəri hakim kəsilən, onların mənliyini əzən sovet seçki metodu ilə ləyaqətlə üzülüşməyi bacardılar. Çətin ki, bu örnəkdən sonra bir də keçmiş praktikaya qayıdış olsun. Gürcüstan gerçək demokratiya yolu getdiyini bütün dünyaya inandırıcılıqla göstərə, mədəni millət olduğunu, bəşəri dəyərləri mənimsədiyini göstərə bildi. Bir də onu sübut etdi ki, mədəni dünyaya inteqrasiya yolunda, niyyətində səmimidir. Necə həsəd aparmayaq?
Biz isə… Seçkimiz bir aydır bitib, nəticə elan edilib, gözlədiyimiz ünvanlardan təbriklər açıq duyulan tərəddüdlərlə gəlməkdədir. Bu təbrik cümlələrinə fikir verilsə, nə qədər ehtiyatlı ifadələr seçildiyi gözdən qaçmır. Bunu anlayırıq. Niyə belə? — deyə baş sındırarkən Ollandı, Merkeli, Kemeronu, Obamanı da anlamaq gərəkdir. Onlar öz toplumlarından ehtiyat etməkdə, türk demiş, yüz ölçüb, bir biçməkdə haqlıdırlar. Ortada mənimsənilmiş Avropa dəyərləri varkən… Bu tərəflərdə də neft və qaz varkən, onların buna ehtiyacı varkən…
Ağır mənəvi yük çiyinlərimizdən basır. Həzrəti İsa kimi ağır çarmıxı çiynimizdə daşımağa məhkum ikən, bunu bizim üçün bir başqasının daşımayacağının da fərqindəyik. Bu toplum hələ də Rəsulzadə, Topçubaşov, Ağayev, Yusifbəyli kimi bizə azadlığı dadızdırmış, demokratiyanın, iradə özgürlüyünün nə olduğunu anlatmış kişlərin yolu ilə sərrast addımlaya bilmir. Büdrəyə-büdrəyə, yıxıla-qalxa gedirik. Azərbaycanlıları ümmətdən millətə çevirən, onu öz bağımsız dövlətinə qovuşduran müəllimləri xatırlayır və indi seçki prosesinin dələduzları və fırıldaqçıları kimi barmaqla göstərilən müəllimləri — ən saf peşə sahibləri adına iddiaçı olanları görürük.
Bir də «Orxan Zeynalov sindromu»nun davam etməkdə olan fəsadı. Bunun gətirdiyi ağırlıq… Görün iş nə yerdədir ki, bu mövzunu tək qəzetçilər, bütünlükdə media deyil, səfirlər, siyasətçilər, nazirlər, din başçıları da hallandırmaqdadır. Fəqət başını bəlaya soxmuş Orxan kimi azərbaycanlılar azdırmı? Niyə onlar öz səadətlərini bu ölkədə axtarır? — kimsə sual etmir. Bu insanları qürbətə qovan nədir? Orada məruz qaldıqları həqarətlər, polis zorakılığı bizim hökumətin heysiyyətinə toxunmurmu məgər? Onlar gerçəkdənmi bizim üçün, Jirinovski demiş, «artıq» əhalidir?
Mən bir iqtisadçıdan soruşdum — dedi ki, Azərbaycan torpağı bu gün azı 20 milyon insanı yedizdirə bilər. İndi 9 milyonuq. İtirilən 20 faiz torpaqlarımız üzərində nəzarəti özümüzə qaytarsaq, bu rəqəmi 30 milyona da çatdırmaq olardı.
Mətbuatdan oxuyuruq ki, yaşamaq, öz səadətini arayıb tapmaq ümidi ilə Azərbaycanı seçən əcnəbilərin sayında 15 faiz artım var. Bizimkilərsə kəndli dili ilə deyilsə, «Rusiyətin çöllərində»… Bu da bir paradoks. Niyə belə?
Mətbuatda neft gəlirləri bazasında başqa ölkələrə yatırımlar barədə xəbərlər oxuyuruq. Deməli, iş yerləri oralarda açılacaq. Bura ilə vidalaşıb öz bizneslərini başqa ölkələrə köçürən iş adamlarımız da az deyil. Moskva bazarında döyülüb, polis həqarətinə məruz qalmış, əli qandallı uçağa oturdularaq ölkəsinə qovulan lənkəranlı çayçı isə deyir ki, ailəsinə oradan çörəkpulu göndərə bilirdi, indi bilmir ailəsini necə dolandıracaq, Lənkəranda işi hardan tapsın, işmi var? İnsanımızı ölkə dışına qovan acı gerçəklik beləykən, məmurların yeni açılan iş yerləri barədə gətirdikləri gümrah rəqəmlər havadan asılı qalır. Bizi hərif yerinə qoymurlar ki? — bu da sənə ağır gəlir.
Öz ölkəsinin etnik və dini tərkibinin dəyişilməsini istəməyən ruslar (təbii istəkdir) yasaq dalınca yasaq düşünürlər. Ailənlə gəlmə, cinayət törətmişsənsə gəlmə, bu qədər ödəyəcəksən, ölkən Gömrük İttifaqına niyə üzv olmur, Qarabağda savaşa qalxsanız, işə qarışacağıq və s. Gəl baş çıxar görüm, necə baş çıxarırsan.
Bu kimi adama yer edən ağırlıqlara öyrəncəliyik. Bağımsızlıqdan bu yana daha nələrə öyrəncəli olmadıq ki? Bir təhər çarmıxı daşıyacağıq. Mənə bu son günlərdə ən çox əzab verən bilirsiniz nə oldu? — keçmiş müdafiə nazirinin mülklərinin siyahısı. Prezidentliyə bir namizədin «20 santimetr», başqa bir namizədin buna hiddətlənərək «nə 20 santimetr, hətta 200 metr irəliləmişik» kimi ölkədə gülüş doğuran əks-arqumentlərinin heç biri doğru deyilmiş. Generalların mülklərinin kvadrat metrlərində, onların Mərdəkan çöllüyü və Moskva bazarları istiqamətində gerçəkdə daha böyük irəliləyişlər qeydə alınıb…
Bunların general, yoxsa biznesmen olduqlarını ayırd etmək əzabını tanrı heç kimsəyə göstərməsin. İndi gəl təsəvvür etməyə çalış ki, bunlar bu qədər orduya və bu qədər biznes obyektinə və mülklərə idarəçiliyi necə uzlaşdıra bilirmişlər. Qoçaq, kəlləli adamlardır vallah. İşdən çıxarılanların siyahısını da gördüm, nə qədər qohumcanlı, el-oba canlı adamlar imiş — əməlli-başlı kövrəldik.
Nə isə, bu ağırlıqların axırında yüngüllük gətirən bir pozitivin qeydə alındığını insafən xatırlatmalıyıq — bir generalın mətbuatın da nə vaxtdan bəridir zəhləsini tökmüş, toplum qarşısında «Qordi düyününə» çevrilən mənzil davasına nöqtə qoyulduğunu oxuduq. Bax bunu eşidəndən bəri bir az rahatlandıq.
[email protected]