Muəllif:

Ağır yol qəzası törətdi, 7 illiyə cəzalandı

Lənkəranda ağır yol qəzası törədən sürücü təqsirli bilindi və 7 il müddətinə azadlıqdan məhrum edildi. Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Yasər Hüseynzadə barəsində belə bir qərar çıxardı.

Ötən il avqustun 12-də saat 18.30 radələrində Ələt-Astara magistral yolunun 191-ci kilometrliyində, rayonun Ürgə kəndindən keçən hissəsində Lənkəran şəhər sakini, 21 yaşlı Yasər Hüseynzadə idarə etdiyi VAZ-21054 markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn Masallı rayonunun Kolatan kənd sakini, 46 yaşlı İlham Murtuzayevin idarə etdiyi VAZ-21074 markalı avtomobillə toqquşub. Zərbənin təsirindən hər iki maşın tamamilə sıradan çıxıb. Sürücülərlə sərnişinlər isə deformasiyaya uğramış avtomobillərdən FHN xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Qəza nəticəsində «VAZ-21074» markalı maşında olan sərnişin, Masallı rayonunun Kolatan kənd sakini, 50 yaşlı Nəzər Əliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Maşının sürücüsü İlham Murtuzayev isə ağır vəziyyətdə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlərin səyi nəticəsiz qalıb. Sürücü az sonra xəstəxanada keçinib. Həmin avtomobilin daha bir sərnişini, Masallının Kolatan kənd sakini, 56 yaşlı Fikrət Qəmbərov və «VAZ-21054» markalı avtomaşının sürücüsü Yasər Hüseynzadə də ağır xəsarətlərlə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və onlara göstərilən tibbi yardım nəticəsində həyatları xilas edilib.

İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində günahkar Yasər Hüseynzadənin olması müəyyən edilib və buna görə də Yasər Hüseynzadənin barəsində CM 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) maddəsi ilə cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176