Muəllif:

Ağıllı başlar və dahiyanə fikirlər

Ankara

Heç yadımdan çıxmaz. İskəndər Həmidovun daxili işlər naziri olduğu vaxtlar idi. Bir də eşitdik ki, demə, özümüzdən xəbərsiz nüvə silahına malik dövlətlərin klubuna daxil olmuşuq, artıq bir neçə atom bombamız da var. Kimsə bəyan etdi ki, cənab Həmidov həmin bu atom bombalarını Daxili İşlər Nazirliyi binasındakı istirahət otağında çarpayısının altında saxlayır. O cür qarmaqarışıq dövrdə Azərbaycanda daxili işlər nazirinin çarpayısının altından daha etibarlı yer tapmaq çox çətin idi.
O dövrdə insanlarımız savadlı, siyasi cəhətdən, vallah, indikindən daha yetkin idilər. Ona görə də əksəriyyətimiz bığları yağa batmasın deyə ABŞ prezidenti ilə plov yeməkdən imtina edən İskəndər Həmidovun sözlərini ciddiyə almadıq. Düşündük ki, keçmiş polisdir, cəbhəçidir, bir sözlə, naşıdır, təcrübəsizdir. Danışır da… Amma sonra başa düşdük ki, quru-quru özümüzdən demək bizim milli xüsusiyyətimizdir.
Hakimiyyət dəyişdi. «Yeni azərbaycanlılar» iqtidara gəldilər. Bundan sonra bildik ki, dünyaya meydan oxuyan ABŞ prezidenti Azərbaycanın dövlət başçısı ilə qarşılaşanda 15 dəqiqə keçməmiş qorxusundan gizlənmək üçün Ağ evdə siçan yuvası axtarır. Get-gedə bu qəbildən olan zarafatları ciddi qəbul etməyə başladıq. Yəqin ki, çarəsizlikdən. Çünki belə zarafatlar dəbə düşdü. İş o yerə çatdı ki, ciddi ekspertlər, politoloqlar belə zarafatlaşmağa başladılar. Ciddi məsələlər barədə qeyri-ciddi söhbətlər intellekt səviyyəsinin göstəricisi oldu. Az qala deyəcəkdim ki, Allah bundan betərindən saxlasın, bu günümüzə də şükür. Sonra düşündüm ki, işlər bu cür getməz. Getsə də, axırı yaxşı olmaz. Axı zarafatın da bir həddi var. Belə getsə, zarafat edə-edə axırımıza çıxacaqlar. Özü də hamımızın. Bircə ona görə ki, bu cür zarafatlar bəzi «yeni azərbaycanlıların» ürəyinə yağ-bal kimi yayılır. Ona görə də lap Xazanovun tutuquşusu kimi gerçək və qeyri-gerçək təhdidlərə baxmayaraq, danışmağa qərar verdim.
Dağlıq Qarabağdakı işğalçı ordunun potensialını ən qısa müddətdə məhv etməyə imkan verən arsenala malik, kosmik dövlət olan Azərbaycan torpaqlarının 20 faizinin 20 ildən çox müddətə işğal altında qalmasına baxmayaraq, işğalçıya tərəf sülh təklifi ilə çıxış edir. Bunu «Trend»ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
M.Əhmədoğlu qeyd edib ki, belə imkanların sahibi olan rəsmi Bakı Ermənistana ucuz qaz vermək niyyətini ortalığa qoydu:»Ermənistanın regional iqtisadi layihələrə qoşulacağını bildirdi. Beynəlxalq ictimaiyyət, eləcə də Qərb dövlətləri və Rusiya bilirlər ki, rəsmi Bakı verdiyi vədə həmişə əməl edib. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın hərbi potensialının güclənməsinin sadə erməni xalqı üçün təhlükə yaratmadığını da bəyan etdi. Amma həmin bəyanatdan da aşkar şəkildə bilinir ki, onun Azərbaycan torpaqlarının işğal altında qalmasına uzun müddət dözmək niyyəti də yoxdur».
Politoloq onu da bildirib ki, hərbdə qayda var: «Hər bir silah öz güc parametrlərinə görə müəyyən rütbədə və vəzifədə olan hərbçiyə təhkim olunur. Yalnız nüvə çamadanları sonadək prezidentlərdə qalır. Bu gün Azərbaycanın malik olduğu termobarik silahların və «smerç»lərin taleyini Ali Baş Komandan müəyyənləşdirir. Yaxın zamanlarda Ali Baş Komandan termobarik raketlər və «smerç»lər üzərində sərəncam vermək səlahiyyətini hansısa generala, bəlkə də polkovnikə tapşıra bilər. Bu general və ya polkovnik həmin termobarik silahı və «smerç»ləri nə zaman istifadə edəcəyini özü müəyyənləşdirir. Yaratdıqları yalan dənizində üzən Ermənistanın siyasətçisi və ya hərbçisi azərbaycanlı generalın və ya polkovnikin siyasi əsirinə çevrilə bilər. Erməni hərbçi yalan danışan zaman və ya işğal olunmuş ərazilərdə ermənilərin daxili üçün nəzərdə tutulan hərbi təlimlər keçirilən anda bu termobarik silahlardan istifadə oluna bilər».
Mərkəz direktorunun sözlərinə görə, Azərbaycanın silahları Ermənistan da daxil olmaqla ermənilərin nəzarət etdiyi torpaqların istənilən nöqtəsini vurmağa qadirdir:
«İstənilən nöqtə dedikdə, Yerevanda «Baqramyan 26» ünvanı və Mesamor AES də başa düşülməlidir. Hər halda «Baqramyan 26″dakılar ayılsalar, hadisələrin gedişini bəlkə də ciddi surətdə dəyişə bilərlər. Qorxu hissi təkcə insanlarda deyil, bütün canlılarda var. Ona görə Ermənistan rəhbərliyi mümkün qədər tez öz işğalçı qoşunlarını, ilk növbədə şəxsi heyəti Azərbaycan ərazisindən çıxarmaq barədə düşünsün. Öz ailə üzvlərinə və şəxsi heyətin ailə üzvlərinə rəhmləri gəlsin. Termobarik raketlərin öldürdüyü erməni əsgərinin meyitini axtarmaq erməni ailələrinin bir nömrəli işinə çevrilə bilər. Ətraflarında baş verənləri görməməklə, nadan roluna girməklə özlərini elə aparırlar ki, sanki belə proseslər mövcud deyil. Bu halı dəfələrlə təkrarlamaqla ermənilər nadanlığı geosiyasi faktora çeviriblər».
M.Əhmədoğlu qeyd edib ki, nəzərə alınmalıdır ki, Azərbaycanın arsenalında olan silahların da şüuru yoxdur, qanmazdırlar. O baxımdan, görünür, ermənilər öz nadanlıqlarını Azərbaycanın malik olduğu silahın qanmazlığı ilə müqayisə etmək istəyirlər. «Ermənilərə bunu məsləhət görməzdik».
Bir sözlə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, Almaniya, İran, Türkiyə bizim əlimizə heç su tökməyə də layiq deyillər. Biz artıq kosmik dövlətik və kosmosdan bütün düşmənlərimizi məhv edəcəyik. Bir sözlə, cənab Əhmədoğlu bizi nağıllar aləminə növbəti səyahətə dəvət edir. Bu yuxunun nə vaxt çin olacağını isə heç kim bilmir. Cənab Əhmədoğlunun bəyanatlarına inansaq, son 10 ildə yuxumuz ən azı 5-6 dəfə çin olmalı idi. Amma bir dəfə də olsun muradımıza yetmədik. İnanıram ki, bu, bizim Qarabağ münaqişəsinin həlli ilə bağlı son nöqtə-vergülünə qədər işləyib-hazırladığımız bir hərbi əməliyyat planıdır. Bu illər ərzində düşmənin diqqətini yayındırırıq ki, tam gözləmədikləri vaxt hücuma keçib işğal altında olan torpaqlarımızı azad edək. Hər şey hazırdır. Bir vaxtın çatıb-çatmadığını özümüz üçün aydınlaşdıra bilmirik. Yəqin ki, Mirzə Fətəli Axundovun «Aldanmış kəvakib» əsərində olduğu kimi, ulduzların işarətini gözləyirik. Onlar isə susur. Bizi yoldan çıxarmaq istəmir. İndi də qalmışıq göylərə baxa-baxa.
İş-gücü olmayan, vaxtını ulduzları seyr etməklə keçirən adamın ağlına isə əcaib-qəraib fikirlər gəlir. Lap cənab Əhmədoğlunun ağlına gəldiyi kimi. Nə etsin?! Axı nə qədər səssiz-səmirsiz ulduzları seyr etmək olar. Hərdən bir adamda danışmaq arzusu yaranır. Özü də deməliyəm ki, bu məsələdə Ermənistandakı bəzi həmkarları cənab Əhmədoğludan heç də geri qalmırlar. Axı ermənilər də ulduzları seyr edirlər ki, onların azərbaycanlılara nə vaxt işarət verəcəyini bilsinlər.
Cənab Əhmədoğlu Mesamor AES-i, onun erməni həmkarları Mingəçevir su anbarını yerlə-yeksan etməklə hədə-qorxu gəlirlər. Deyəsən, mənim ağlıma dua yazmaq vaxtı çatıb. Çünki heç nə başa düşmürəm. Sən demə, məsələnin çox sadə həlli varmış. Ermənistandakı Atom Elektrik Stansiyasını yerlə-yeksan edirik, vəssəlam-şüttamam. Və nəticədə Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə əhalisinin böyük bir hissəsi, bəzi ölkələrdə isə mütləq əksəriyyəti tələf olur. Münaqişənin bundan da samərəli həlli yolu varmı? Ermənilər və azərbaycanlıların kökü kəsiləndən sonra hansı problemin mövcudluğundan söhbət gedə bilər.
Bizim atom elektrik stansiyamız olmadığı üçün Əhmədoğlunun erməni həmkarları Mingəçevir su anbarını dağıdıb onlarla şəhəri, minlərlə kəndi su altına göndərməyi təklif edirlər, sözsüz ki, bütün əhalisi ilə birlikdə. Ən azından gələcəyin arxeoloqları işlə təmin olunacaqlar.
Nə cahil insanlarıq. Sən demə, münaqişənin bu qədər bəsit həlli yolu var. Biz isə ulduzların işarətini gözləyirik. Bundan sonra isə beynəlxalq aləmin bizi ciddiyə qəbulunu tələb edirik. Amma, «rəis, alınmır». Sıradan bir insan olan ABŞ prezidentinin mürəkkəb milli-etnik münaqişənin bu cür sadə və eyni zamanda dahiyanə bir həlli yolunun olduğunu anlaması isə heç mümkün deyil.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 617