Ağakişi Kazımov: “Keçmiş şöhrətini teatra qaytara bilsək…”
Bu il Azərbaycanda Milli Teatrın 140 yaşı tamam olur. 1873-cü ilin martında Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» tamaşası səhnələşdirildi. O vaxtdan bu günədək uzun bir yol keçilib. Gəlin milli teatrımızın dünəninə və bu gününə xalq artisti, qocaman rejissor Ağakişi Kazımovun gözü ilə baxaq.
— Ağakişi müəllim, gəlin lap başdan başlayaq. Azərbaycan teatrının təməli 1873-cü ildə Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri»nin tamaşası ilə başlanıb, bunu bilirik. Bundan əvvəl, təbii ki, Azərbaycanda teatrın rüşeymləri olmuşdu, deyilmi?
— Əlbəttə, meydan teatrları, oyunbazlar, kəndirbazlar, şəbih məclisləri-filan — bütün bunlar teatrın ilk rüşeymləri idi və hələ XV əsrdən vardı. «Lənkəran xanının vəziri»nin səhnələşdirilməsi isə milli teatrın yaranma günü kimi tarixə yazıldı. Daha sonralar ziyalılar tərəfindən dərnəklər yaradıldı, xalq teatrları fəaliyyətə başladı. Nəriman Nərimanov, Hüseyn Ərəblinski, Cahangir Zeynalov və digər ziyalıların dərnəkləri fəaliyyət göstərirdi ki, bunlar da teatrın sevilməsində böyük rol oynadı.
— İlk peşəkar aktyorlar kimlər idi bəs?
— Cəfər Cəfərovun kitabında özüm oxumuşam ki, Azərbaycanın ilk aktyorları Sidqi Ruhulla, Mirzağa Əliyev, Murad Muradov olub. Murad Muradov Hüseyn Ərəblinskini səhnəyə gətirən insan olub. Hansı ki, bu aktyorun adı çoxlarına o qədər də tanış deyil.
— İlk rejissorumuz kim olub?
— Teatrşünas İlham Rəhimlinin uzun araşdırmalarının nəticəsi olaraq bəlli olub ki, ilk rejissor Əbdürrəhim bəy Haqverdiyev olub.
— Azərbaycan teatrının çiçəklənmə mərhələsi olubmu və nə vaxta təsadüf edir?
— 1922-ci ildə Azərbaycan Dram Teatrı yarandı. Rza Əfqanlı, Ağasadıq Gəraybəyli, Sona Hacıyeva kimi teatr fədailəri yetişdi. Tuqanov kimi görkəmli rejissor Bakıya dəvət edildi. O, Rusiya Bədaye Teatrının tamaşalarını Azərbaycana gətirdi. Maksim Qorkinin “Həyatın dibində” adlı tamaşasını səhnələşdirdi. Cəfər Cabbarlı ilə birlikdə dramaturqun silsilə əsərləri hazırlandı. 1932-ci ildə teatra Yusif Yıldız adlı rejissor dəvət olundu. 1936-cı ildə isə Ədil İsgəndərov teatra baş rejissor təyin olundu. Onun hazırladığı tamaşalarla monumental teatr ənənəsinin əsası qoyuldu.
— Teatrın inkişafına, təbii ki, rejissorlarımızın da mühüm təsiri olub…
— Əlbəttə. 1938-ci ildə Ədil İsgəndərovun səhnələşdirdiyi “Vaqif” tamaşası mədəni hadisəyə çevrildi. Ardınca “Fərhad və Şirin”, “Xanlar” və digər tamaşalar gəldi. Mehdi Məmmədovun teatra gəlişi monumental tamaşaları intellektual tamaşalarla əvəzlədi. Daha sonra Tofiq Kazımov teatra baş rejissor təyin edildi və bundan sonra teatrda lirik-psixoloji tamaşalar səhnələşdirildi.
— 1960-cı illərdə teatrdakı canlanmanı Tofiq Kazımov İlyas Əfəndiyev tandemi ilə əlaqələndirənlər də var…
— Bəli, 60-cı illərdə hər iki nəhəng sənətkarın birgə işbirliyi teatra yaddaqalan tamaşalar bəxş etdi. Eyni zamanda bu yeni, gənc aktyor və aktrisaların da yetişməsinə böyük təsir göstərdi. Daha sonra, Azərbaycan teatrında yeni nəsil rejissorlar — Cənnət Səlimova, mən, Mərahim Fərzəlibəyov kimi rejissorlar yetişdi.
— Sizcə, teatrın əvvəlki şöhrətini özünə qaytarmaq üçün neyləməliyik?
— Teatrın ən şöhrətli dönəmi 1945-65-ci illərdir, bu bir çiçəklənmə dönəmi idi. O vaxtın şöhrətini teatra qaytara bilsək, teatrımızı xilas edə biləcəyik. Bunun üçün qüvvəni hələ ki görmürəm, bəlkə də yetişəcək.