Muəllif:

Ağaclar ayaqüstə ölür

Bakıya sabah ertə dönmüşəm. Moldovada idim. Həmin ölkədə, bu gün 56 yaşımın tamam olmasına baxmayaraq, indiyədək olmamışdım. Təbii ki, həmin ölkə barədə oxumuş, eşitmişdim, tanıdığım moldovanlar da vardı. Hətta redaksiyamızda uzun illər incə türk ləhcəsindən zövq aldığım bir qaqauz xanım da çalışmışdı. Nə isə, «min eşitməkdənsə, bir görmək yaxşıdır» deyirlər. Ona görə də, Arif Əliyev Şərq tərəfdaşlığı layihəsi çərçivəsində Kişinyovdakı beynəlxalq tədbirə getməyi təklif edəndə çox düşünmədim.
Məni təəccübləndirən ilk şey Kişinyova İstanbul üzərindən gedəcəyimiz oldu. Heç ağlıma da gəlməzdi ki, Bakıdan oraya birbaşa uçuş yoxdur.
İkinci dəfə oranın hava limanına çıxanda təəccübləndim, daha doğrusu, özümü keçmişə dönmüş kimi hiss etdim. Hər şey çox tanış və nə qədər qəribə səslənsə də, doğma gəlirdi. Özümü 70-ci illərin Sovet İttifaqında sandım. Nə Bakıdakı «möhtəşəm tıxaclar» vardı, nə kimdənsə qaçırmış kimi hər şeyi tezcə yıxıb yenidən qurmaq eşqiylə özünəməxsusluğunu göydələnlərin güdazına verdiyimiz doğma, lakin artıq yadlaşmış Bakının boğanağı, nə də palma, kaktus və baobablar… Ətraf bizə doğma olan xan çinarları, qarağaclar, söyüdlər, palıdlar, qovaqlar, qayınlar, tut ağaclarıyla doluydu. Özü də havanın sıfırdan bir qədər yuxarı olmasına baxmayaraq, ağacların yarpağı rənginin gurluğunu itirməmişdi. Hətta payızın nəfəsindən üşüyənləri belə çürüməmiş, sadəcə, rəngini yaşıldan qızılıya dəyişmişdi. Şəhərin düz mərkəzindəki yüzillik ağaclarla dolu parkları gəzdikcə bir şeyi anlamağa başlayırdım ki, iş pulun və maliyyənin çoxluğunda və bu səbəbdən də hətta Avropaya belə meydan oxumağımızda deyil, iş özümüzə və ətrafımıza, o cümlədən də ətraf mühitə münasibətimizdədir.
Yadımdadır, 2007-ci ildə Bolqarıstanda olarkən Sofiya aeroportunun vaxtilə işləyən Ağstafa aeroportundan heç də fərqlənmədiyini görmüşdüm. Bizi qarşılayan bolqar həmkarımız bunu sezib mənə dedi ki, «bir il sonra bizi, iqtisadi göstəricilərimiz buna uyğun olmasa da, Avropa Birliyinə qəbul edəcəklər. Söz də veriblər ki, o vaxtacan bizimçün təzəsini tiksinlər». Onu da dedi ki, Azərbaycanı iqtisadi göstəricilərinə görə elə günü bu gün Avropa Birliyinə qəbul etmək olar. O vaxtdan altı il keçib. Bolqarıstan iqtisadi cəhətdən çiçəklənməsə də, Avropa Birliyinin üzvüdür, bizsə bu sarıdan bir qədər də irəliləsək, həmin Birliyə bir addım da yaxınlaşmamışıq.
Biz Bakının bahalı xarici avtomobillərlə dolu olduğuyla da öyünür və bunu iqtisadiyyatımızın zənginliyi ilə izah edirik. Ümidimizi neftə və qaza bağlamışıq. Kişinyovda olduğum dörd gün ərzində dördcə dənə, o da sınıq-salxaq, «Jiquli» gördüm. Yerdə qalanları zənginliyimizin göstəricisi kimi öyündüyümüz maşınlardandı…
Bu gün Heyvanları beynəlxalq müdafiə günüdür. Eşitdiyimə görə, bizdə də bu günün mövcudluğundan xəbəri olanlar var. Ona görə də, demək istəyirəm ki, heyvanları müdafiə etməyi düşünənlər ilk növbədə ətraf mühiti qorumağı bacarmalıdırlar, çünki ətraf mühitin əhəmiyyətini dərk etməyənlər həyatın qədrini də bilməzlər. Bayaq Kişinyov parklarındakı yüzillik ağaclardan yazanda bir şeyi qeyd etməyi unutdum. Oradakı qarağacların yarpaqları bizdəkilərinki kimi çürük-çürük deyildi. Bildiyimə görə, qarağac ekologiyaya çox həssasdır. Yəqin, elə buna görədir ki, bizim qarağacların yarpaqlarına cücərməmiş qurd düşür. Amma onlar hələ ki hər yeni baharda oyanır və yarpaqlayırlar, yarpaqlayırlar ki, çürüməsinlər. Ancaq alınmır. Ətraf çox qurdludur.
Və nəhayət, orada olanda bir şeyi anladım, daha doğrusu, hiss etdim. Kişinyov mənə zahirən nə qədər keçmiş SSRİ-ni xatırlatsa da, moldovanlar bir ayaqları ilə siyasi cəhətdən artıq Avropadadırlar. Bu heç də Moldovanın coğrafi olaraq zatən Avropada olduğundan irəli gəlmir. Azərbaycan da, bu yaxınlarda bizim alimlərin kəşf etdiyi kimi, azca olsa da, Avropadaymış. Amma görünür, bu azca kifayət etmir, çünki bu, yarımçıqlıq kompleksi yaradır. Deməli, bütövləşməli və heç kim üçün deyil, yalnız və yalnız özümüzçün kim olmaq istədiyimizə qərar verməliyik, yoxsa ağaclarımıza qurd düşməkdə davam edəcək və bir gün qarağac yarpaqları cücərməyəcək…
Ağaclar qurd deyil, onlar ayaqüstə ölürlər…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 331