Muəllif:

Ağ-qara dünya

Dünən hava o qədər isti idi ki, iş yoldaşlarım işdən çıxan kimi hücum çəkdilər mağazalara özlərinə yaz geyimləri almağa. Elə mən özüm də uzunboğaz çəkməmə baxıb, dərindən nəfəs aldım ki, sabah onu çıxardıb atacam və biryolluq keçəcəm yay sandaletkalarına. Beləcə, təzə ayaqqabı almaq ehtiyacı qalmayacaq. Elə bu fikirlərlə metroya mindim. Burda yayın (yazın yox haa) gəlişi özünü lap aydın göstərirdi. Metronun havasızlığı, üstəgəl bayırdakı istidən gödəkçə, paltolarını soyunub qoltuğuna vurmuş insanlar yay mənzərəsi yaradırdılar. Beləcə 7 dayanacaq keçib öz stansiyamda çıxanda qəfildən sanki yenə də qış fəslinə düşdüm. Bayaqdan bürmələyib çantama soxduğum şərfi çıxartmağa çalışsam da, külək və şaxta məni elə təntitdi ki, hər şeyi unudub cəld evə tərəf qaçdım.
Məşhur «Brilyant əl» filmində deyildiyi kimi, Bakı «kontrastlar şəhəri»dir. Həm də təkcə iqlim, hava məsələlərində yox. Burda təmizliklə çirkab, zənginliklə səfalət, müasirliklə köhnəlik, Şərqlə Qərb daim qonşudurlar. Amma adi qonşu deyillər haa, «bədnam» qonşuluqdadırlar. Aralarında keçilməz sərhədlər olsa da, atəşkəsin pozulması, ölüm halları da baş verməkdədir.
Bu qonşuluqlardan biri haqqında isə ayrıca yazmaq istərdim. Bu, iqtidar-müxalifət qonşuluğudur. Bu da «bədnam» qonşuluqdur. Daim bir-birlərinə qarşı soyuq, son zamanlarsa lap soyuq müharibələr aparmaqdadırlar. Siyasi qütblərin, ümumiyyətlə, qütblərin olması yaxşı şeydir deyirlər, inkarı inkar olmasa, dialektika, inkişaf da olmaz. Amma bu inkar prosesinin də bir qaydaları olmamış deyil. Qaydalar müəyyən edilməyib zatən. Kim kimin harasından gəldi vurur (bir qayda olaraq qurşaqdan aşağı). Vurhavurdur. Vallah, bir başqa xalq bu qütbləşməyə müxtəliflik adı verib bundan xal qazanardı. Biz isə bu cür müxtəliflik və təzadlardan dolayı xal itirməkdəyik.
Uzun illərdir, təxminən 5-6 il, olar yerli telekanalları izləmirəm. Çünki bütün dünya rəngli təsvirə keçsə də, bizim kanallar hələ də ağ-qara rejimdən imtina etməyiblər. Bir tanışım var, başqa ölkədə yaşayır. O, Bakıya gələndə bizim kanalları gəzişdikdən sonra maraqlı bir söz demişdi: «Sanki əsəb dispanserində sinirləri pozulmuş adamlara sakitləşdirici proqram yayımlayırlar». Amma bu, çoxdan olmuşdu. O tanışım hələ ailə-məişət münaqişələrinə həsr olunmuş saçyoldu verilişlərini görməmişdi. Görsəydi belə, düşünmürəm ki, fikrini dəyişərdi. Çünki əsəb dispanserlərində pasientlər də elə təzadlı olurlar. Eləsi var çox sakit, mağmun, eləsi də var ki, coşqun…
Yəni hər iki qütb üçün uyğun olan proqramlar kefiniz istəyən qədərdir. Bu mənada TV-lərdə balansa ciddi əməl olunur. FB kimi bir seçim olmasaydı, bəlkə də yerli TV-lərdən imtina etmək elə də asan olmayacaqdı. Nə yaxşı ki, var. Amma son zamanlar burda da elə qaradan başqa rəng görmək mümkün deyil. Əlbəttə, deyəcəksiniz ki, reallığımızda qara rənglərin çox olmasındandır. Bəlkə də razılaşardım sizinlə. Amma bir halda ki, FB «qaradan başqa rəng yoxdur» qərarını verdi, ağzın nədir başqa rəngin adını tutasan. Quru yuyub yaş sərərlər səni, AzTV-nin «müstəntiq» verilişləri yalan olar. Elə Aqşin Yeniseyin çoxluğun fikrindən fərqli bir mülahizə söyləməsi bəs idi ki, adamı kumirlikdən qaldırıb yerə çırpdılar. Ümumiyyətlə, şəxsiyyətəpərəstişə guya nifrət edən bu toplum özü bir xeyli idollar və kumirlər yaradıb. Mən demirəm ki, onların idol etdikləri insanlar adi insanlardır. Yox, əslində seçiləndirlər. Amma onları sanki ona görə idollaşdırırlar ki, sonra istədikləri zaman yerə çırpıb param-parça eləsinlər. Diş-dırnaqla müdafiə edəcəkləri yeganə qisim isə öz sıradaşlarıdır. Onlar çıxıb bir andaca (təzyiq altında, təbii) ekranlardan ideallarını inkar edəndə belə onların arxasında dayana bilirlər, heç bir vəchlə tərəflərini vermirlər.
…Belə-belə işlər. Dünya bölünüb «bizimkilərə və nemeslərə». Odur ki, iki qütb arasında qalmışıq. Ağ görmək istəyəndə yerli TV-lərə, qara görmək istəyəndə FB-yə baş vururuq. Ağa baxanda görürsən ki, ağ ediblər, qaraya baxanda, qara bağlayıb gəzməyin gəlir.
Şikayət etmirəm. Bəlkə də belə yaxşıdır. Çünki məhz bu səbəblərdən son zamanlar fərqli rənglər axtarmaq ehtiyacı yaranıb məndə. Məsələn, bu yazını yazanda qırmızı sviter vardı əynimdə. Bu fikirləri düşünəndə (dünən) isə sarı vodolazkada idim. Ümid edirəm ki, geyimin az da olsa, təsiri olacaq. Bəlkə siz də sınayasınız, hə?

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 402