Ağ evin saytında Güney Azərbaycana dəstək müraciəti
Yanvarın 13-də Ağ evin saytının «Biz xalqıq» səhifəsində ABŞ prezidenti Barak Obamanı İranda azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib. «Turan» agentliyinin məlumatına görə, müraciətdə bu tələblər yer alıb:
«Biz Obama administrasiyasını İran hökumətinin İrandakı azərbaycanlıların təməl hüquqlarını pozduğunu tanımağa çağırırıq. Amerikanın Azərbaycan icması olaraq Obama administrasiyasından xahiş edirik ki, İran hakimiyyətinin bu ölkədəki etnik və digər azlıqların təməl hüquqlarını daim pozduğunu tanısın.
İran hakimiyyəti azərbaycanlılara öz doğma dillərində təhsil almaq, Azərbaycan dilində azad KİV-ə malik olmaq, öz mədəni ənənələrini həyata keçirməyə imkan yaratmaqdan imtina edir. Bu cür məsələləri qaldırmaq istəyənlər isə təqiblərə, həbs cəzalarına, işgəncə, hətta ölüm hallarına məruz qalır. Biz həmçinin xahiş edirik ki, Obama administrasiyası azərbaycanlıların məsələsini İran haqqında məsələlərin gündəliyinə daxil etsin».
Qaydalara görə, Ağ evin saytında müraciəti ABŞ-da yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində müraciəti 25 min adam dəstəkləyərsə, sənəd baxılmaq üçün administrasiyaya təqdim olunur.