AFFA vitse-prezidenti: «Qarabağ» klubu erməni təxribatından çəkinmir
«Qarabağ» Futbol Klubu Almaniyada ermənilərin ehtimal olunan təxribatından çəkinməli deyil. Bu barədə AFFA birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.
Məsələ belədir ki, Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi ötən gün məlumat göndərərək «Qarabağ» Futbol Klubu ilə Almaniyanın «Ayntraxt» klubunun oyunu zamanı erməni separatçılarının təxribat törədəcəkləri barədə onlarda məlumat olduğunu bildirib. Mədəniyyət Evi bununla bağlı «Qarabağ» Futbol Klubunun rəhbərliyinə müraciət məktubu göndərib.
Əliyev qeyd edib ki, müvafiq səviyyələrdə bu məsələ ilə bağlı müvafiq işlər görülür. «Eləcə də Berlində yerləşən Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzindən müvafiq zənglər olub. Digər tərəfdən Almaniyada təhsil alan tələbələr də bu təxribatın qarşısını alacaqlar. Biz «Qarabağı» tək qoymayacağıq, hamımız onlarlayıq», deyə Trend xəbər verir.
Qeyd edək ki, Avropa Liqasının «pley-off» mərhələsində Ağdamın «Qarabağ» klubu Almaniyanın «Ayntraxt» klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də Azərbaycanda, cavab oyunu isə bir həftə sonra Almaniyada keçiriləcək.