AFFA “Sumqayıt” klubunu 12 min manat cərimələdi
AFFA İntizam Komitəsinin iclasında Topaz Premyer Liqasının XVI turunun görüşlərində qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Simurq”la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Qəbələ” 1000 manat cərimə edilib. Eyni cəza “Qarabağ” və “Neftçi” komandalarına da tətbiq olunub. “Xəzər Lənkəran” isə “İnter”lə matçın 43-cü dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün 1000 manat cərimələnib.
Ən qalmaqallı görüş isə “Sumqayıt” – “Bakı” matçı olub. Qarşılaşmanın 90+2-ci dəqiqəsində yan xətt hakimini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov 4 oyunluq cəzalandırılıb. Görüş başa çatdıqdan sonra meydan sahiblərinin “Neftçi”yə məxsus olan müdafiəçisi Slavik Alxasov və ötən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu da eyni sayda cəza alıb. “Sumqayıt” 3 futbolçusuna görə ümumilikdə 12 min manat cərimə ödəməyə məhkumdur.