AFFA prezidenti “Neftçi”ni hədələdi
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində «Bakcell Arena»dakı «Neftçi» — «Qarabağ» oyununda və qarşılaşma başa çatdıqdan sonra baş verən hadisələr, bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərarlar son günlər geniş müzakirə olunur. Bununla əlaqədar AFFA prezidenti Rövnəq Abdullayev qurumun rəsmi saytına fikirlərini bildirib. Açıqlamada deyilir:
«Ölkə çempionatında idman mübarizəsi get-gedə gərginləşir. Mövsümün sonu yaxınlaşdıqca komandalar arasında rəqabət artır. Amma təəssüf ki, bəzən xoşagəlməz hallarla da rastlaşırıq. «Neftçi» — «Qarabağ» oyununda baş verən hadisələr futbolumuza başucalığı gətirmir. Azarkeşlərin səsləndirdiyi nalayiq ifadələr, etik normalara sığmayan hərəkətlər təəssüf doğurur. «Neftçi» klubu məşqçilərinin oyunun fasiləsində və qarşılaşma başa çatdıqdan sonra etdiyi hərəkətlər və səsləndirdiyi fikirlərlə də tanışam. AFFA İntizam Komitəsi bununla bağlı müvafiq qaydada qərarlar qəbul edib və hesab edirəm ki, İntizam Komitəsinin mövqeyi haqlıdır. Bilirəm ki, bu qərarlarla bağlı «Neftçi» klubu Apellyasiya və Ekspert Komitəsinə şikayət edib. Amma klub rəsmilərinin və məşqçilərin nədən narazı qaldığı, sözün doğrusu, mənim üçün bir qədər anlaşılmazdır. Düşünürəm ki, AFFA-nın çıxardığı haqlı qərarlara etiraz etməkdənsə, «Neftçi» klubunun məsul şəxsləri öz hərəkətlərinə və açıqlamalarındakı ifadələrə daha diqqətlə yanaşmalı, ölkə çempionatının Əsasnaməsinin tələblərinə uyğun davranmalıdılar. Əks-təqdirdə, intizam qaydalarına uyğun olaraq kluba və klub rəsmilərinə qarşı daha ciddi sanksiyalar tətbiq oluna bilər».
Xatırladaq ki, AFFA İntizam Komitəsinin 4 gün əvvəlki iclasında çempionatın XXV turu çərçivəsində keçirilən “Neftçi” -“Qarabağ” matçında baş verən neqativ hallara baxılıb. Hər 2 klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cəriməyə məruz qalıb. Qarşılaşmanın 21 və 25-ci dəqiqələrində “Qarabağ”, 16, 42 və 72-ci dəqiqələrində “Neftçi”nin fanatları tərəfindən pirotexniki vasitələrdən, fişənglərdən istifadəyə və meydançaya atılmasına görə hər 2 klub daha 2000 manat ödəməli olacaq. 44-cü dəqiqədə İqor Mitreski (“Neftçi”) sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 matçlıq cəzalanıb. “Ağ-qaralar” bu səbəbdən daha 200 manat ziyana düşüb. Azərbaycanın ən titullu klubuna böyük zərbəni isə məşqçiləri vurub. Qarşılaşmanın fasiləsində məşqçi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb və komandasının 5000 manat cərimələnməsinə səbəb olub.
Mətbuat konfransında AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlədən baş məşqçi Böyükağa Hacıyevin cəzası daha ağır olub: 10 oyunluq cəza! Bu isə onun üçün mövsümün bitirdiyini göstərir. Hacıyev postundan qovulmasa, gələn çempionatın IV turunda meydanın kənarında görünəcək. Baş məşqçisinə görə klub 20000 manat cərimə edilib. Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Neftçi” daha 5000 manat ziyana düşüb. Bununla, 1 oyuna görə olan cərimələrin ümumi məbləği 33200 manata çatıb.