AFFA-nın fəaliyyəti bəyənildi
Bu gün AFFA-nın növbəti Konfransı idi və qurumun inzibati binasında təşkil olunan və assosiasiyanın prezidenti Rövnəq Abdullayevin iştirak etdiyi iclasda bir sıra məsələlər müzakirə olunub. Məsələn:
Bakı AÇ-2020 ilə bağlı iddiasını davam etdirir
AFFA prezidenti Rövnəq Abdullayev 2012-ci ilin futbolumuzda çox uğurlu il olduğunu bildirir və 2012-ci il Azərbaycan futbolu üçün uğurlu sayır: «“Neftçi” Avropa Liqasının qrup mərhələsinə yüksəldi, Azərbaycan 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etdi. Gələcəkdə də bu kimi mötəbər yarışların ölkəmizdə təşkil edilməsi üçün iş aparırıq. Biz, 2020-ci il Avropa çempionatının oyunlarından birini Bakıda keçirmək üçün lazım olan bütün sənədləri UEFA-ya təqdim etmişik. Mən hesab edirəm ki, bunun üçün hər cür şəraitimiz var. Yığma komandamız da Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün yeni komanda formalaşdırmalıyıq”.
Təəssüf ki, hələlik Azərbaycan yığması 2014-cü il dünya çempionatının seçmə mərhələsində cəmi 2 xal toplaya bilib. Amma mən əminəm ki, bu il xal ehtiyatımızı daha da yaxşılaşdıracağıq”.
Öz növbəsində AFFA baş katibi Elxan Məmmədov futbolun inkişafı istiqamətində 3 əsas prioretdən biri haqda -infrastukturla, yəni ölkəmizdə inşa edilən stadionlarla bağlı danışdı. Baş katib digər prioritet — kütləviliyin artırılması ilə bağlı vəziyyəti dəyərləndirdi. O, hazırda futbolumuzda 43 min üzv olduğunu və bunun 36 mininin futbolla aktiv məşğul olduğunu qeyd etdi.
Baş katib sonuncu prioritet olan təhsilllə bağlı da fikirlərini bildirdi. Dedi ki, mətkəblərdə şagirdlərin 92 faizinin futbol dərslərində iştirak etdiyini, məktəblilərin 23 faizinin klublara getdiyini qeyd edib.
Daha sonra AFFA-nın Maliyyə və Mühasibat Departamentinin rəisi Xalid Cavadov assosiasiyanın 2012-ci il üzrə maliyyə hesabatını təqdim etdi. Müstəqil Audit Departamentinin rəhbəri Vaqif Məmmədov isə daxil olan maliyyə vəsaitindən səmərəli istifadə olunduğunu, ciddi nöqsanların olmadığını və fəaliyyətin düzgün aparıldığını bildirdi. Sonda AFFA-nın fəaliyyəti qənaətbəxş sayıldı və konfrans işini bitirdi.
Çempionat yeni formatda keçiriləcək
Bundan sonra İcariyyə Komitəsinin iclası keçirildi və müzakirələrdən sonra bir neçə vacib qəbul olundu. Əvvəla, Premyer Liqasının formatı dəyişdirilib. Qərara əsasən, Azərbaycanın futbol çempionatında “altılıq” sistemi ləğv olunacaq. 2013/14 mövsümündən etibarən Premyer Liqada 12 deyil, 10 klub çıxış edəcək. Həmin klublar 4 dövrəli sistem üzrə 36 turda mübarizə aparacaq.
Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatı son 3 mövsümdür “altılıq sistemi” ilə keçirilir. Bu sistemə əsasən, çempionatda 12 komanda mübarizə aparırdı. 22 turdan sonra daha çox xal toplayan 6 komanda birinci “altılıq”da mükafatlar uğrunda mübarizə aparırdı. Lakin ikinci “altılıqda” futbolçular, məşqçilər, rəhbərlik və azarkeşlər üçün hansısa maraq qalmırdı. Ona görə də komandalar arasında rəqabəti artırmaq üçün yeni sistemə keçid zəruri idi.
AFFA İcraiyyə Komitəsində I divizionla da bağlı bir məsələyə baxılıb. Komitə üzvləri qərara alıblar ki, növbəti mövsümdən I divizonda yarışan hər bir klub oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır. Həmçinin iclasda müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığmalarının baş məşqçiləri də təsdiqlənib. Arif Əsədovun U-19, Aslan Kərimovun U-16 və ispaniyalı Patrisiya Qonzalesin qızlardan ibarət U-19-un baş məşqçisi vəzifələrinə təyinatları rəsmiləşib.
150 min manatlıq superkubok
Azərbaycan Kubokunun formatı isə dəyişdirilməyib və bu yarışın hazırkı sistemlə keçirilməsinə qərar verilib. Əvəzində Azərbaycan Superkubokunun mükafat fondu müəyyənləşib. AFFA İcraiyyə Komitəsi uzun fasilədən sonra bərpa olunan yarışın iştirakçılarına çatacaq məbləği açıqlayıb. Belə ki, Superkubok üçün 150 min manat ayrılıb. Premyer Liqanın qalibi ilə Azərbaycan kubokunun sahibi arasında keçiriləcək matçın qalibi 100 min, məğlub komanda 50 min manat qazanacaq. Xaricdə hazırlanan Superkubok artıq Bakıya gətirilib. Əslində, matçın keçirilmə tarixi də məlumdur. Lakin AFFA bu məsələ ilə bağlı yekun qərarı sonra verəcək.
Belə ki, Superkubokun Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından 1 həftə əvvəl keçirilməsi haqda qərar hələ xeyli əvvəl qəbul olunub. Avrokubokların təqvimi müəyyənləşdiyindən və I təsnifat mərhələsi iyulun 4-də başlayacağından Superkubok iyunun 27-də keçirilməlidir.