AFFA Berti Foqtsa əvəzləyici axtarır?
Mən fanatların Berti Foqtsu istefaya çağırdıqlarını eşitməmişəm. Almaniyalı baş məşqçi millidə müqaviləsinin sonunadək işləməlidir. AFFA baş katibi Elxan Məmmədov Almaniyanın DPA agentliyinə açıqlamasında belə deyir. Apasport.az saytının məlumatına görə, Assosiasiya rəsmisi hələ iyulun 22-də, Milli Mətbuat Günü ilə münasibətilə jurnalistlərlə görüşdə 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını bildirmişdi.
Məmmədov bu dəfə vurğulayıb ki, 67 yaşlı almaniyalı çalışdırıcı çox güman cari seçmə mərhələnin sonunda vəzifəsindən gedəcək: “Biz eyni zamanda ona aktiv şəkildə əvəzləyici axtarırıq. Artıq namizədlər siyahısı var. AFFA-nın İcraiyyə Komitəsi bundan layiqli seçim edəcək”.
O da bəllidir ki, Berti Foqts postunu tərk etdikdən sonra işsiz qalmayacaq. DÇ-2014-ün seçmə mərhələsinin sonunda AFFA ilə müqaviləsi başa çatacaq tanınmış mütəxəssis yeni təklif alıb. Avro-1996-da Almaniya yığmasına tarixinin son titulunu qazandıran Foqts Polşa millisinin hədəfindədir. Bu ölkənin futbol federasiyası indiki baş məşqçi Frantişek Jmudanı məhz almaniyalı ilə əvəzləmək niyyətindədir. Bu çalışdırıcı postundan ayrıldıqdan sonra Foqts karyerasında növbəti milliyə rəhbərlik edəcək.
Millimizin baş məşqçisi əvvəllər də Polşa yığmasına namizəd göstərilib. Lakin həmin vaxt AFFA onunla müqaviləni yeniləməklə, almaniyalını postunda saxlamağa nail olmuşdu. Bu dəfə isə assosiasiya baş məşqçi postuna alternativ namizədlər axtardığını açıqladığından polşalıların Foqts arzusunda əngəl qalmayıb.