Muəllif:

Afaq Bəşirqızı:Teatrın öhdəsindən gəlim – bəsimdir

Vaxtilə öz peşəkar heyəti və yaradılan sənət əsərləri baxımından bütün SSRİ məkanında yaxşı tanınan Azərbaycan teatr və aktyorluq sənəti barədə bu gün fərqli fikirlər səslənir. Bu fikirlər arasında tənqid də var, tərif də. Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Afaq Bəşirqızı da belə düşünənlər arasındadır:

— Bir neçə il əvvəl teatr sənətində xeyli susqunluq yaşanırdı. İndi-indi müəyyən tərpəniş hiss olunur, lakin yenə də görülən işlər azlıq təşkil edir. Təbii ki, burada texniki məsələlər, xüsusilə teatrlarda təmir və yenidənqurma işləri də az təsirə malik deyil. Bəzi teatrlar təmir-bərpa mərhələsindən keçdi. Yaxşı rejissor 17-18 kvadratmetrlik otaqda da böyük bir tamaşa yarada bilər. Əsas odur ki, istək və maraq olsun.

— Bu gün cəmiyyətimizin başı yüngül, daha tez güldürən və unudulan səhnəciklərə qarışıb.

— Bunu, bilirsiniz nəyə bənzətmək olar? Qəfildən hansısa bir situasiyaya şaqqanaq çəkib gülürsən. Üstündən 5 dəqiqə keçməmiş öz-özünə düşünürsən ki, burada gülməli bir şey olmadığı halda, mən nəyə güldüm? Bu gün yaşadıqlarımız həmin ani, təsadüfi gülüşə bənzəyir ki, bu durum da tez unudulur. Belə təsadüfi gülüş yaradanları da sonralar xatırlamaq üçün uzun müddət haqqında danışmaq lazım olur. Amma əsl sənətkarın adı yada düşən zaman qeyri-ixtiyari ya dodağın qaçır, ya gözün yaşarır, ya da dərin düşüncəyə dalırsan. Bu baxımdan, narahat olmayın, zaman hər şeyi yerinə oturdacaq.

— Bu gün bizi tez gülüb, tez unudan kütləyə çevirən səbəb nədir?

— Zənnimcə, bütün bunların səbəbi zamanın gətirdiyi çətinliklər, problemlər və sıxıntılarla bağlıdır. İnsanların içərisində olduğu durum onları sıxır və stresini atmaq üçün qəfil gülməyə, qəfil ağlamağa və az düşünməyə ethiyac hiss edirlər. Hiss edirsən ki, bu cür davranmasan, ürəyin dayanacaq, beynin kilidlənəcək, damarların donacaq. Dediyim kimi, hər şey sosial çətinliklər və gündəlik qayğılardan qaynaqlanır.

— Hazırda şoulara əsas gəlir mənbəyi kimi baxılır və bəzi oturuşmuş sənətkarlar belə şouya üz tuturlar. Şəxsən sizə bu cür təklif gəlib?

— Xeyr, gəlməyib. Bəlkə də mənim xasiyyətimi bildiklərindən indiyədək heç bir təklif gəlməyib. Əslində, mənim vaxtım və imkanlarım da çatmaz əlavə şouya-filana. Teatrın öhdəsindən gəlim – bəsimdir. Bilirsiniz, bu tip xırda məsələlər mənim heç müzakirə mövzum ola bilməz. Mən daha ciddi məsələləri müzakirə edirəm. Onlar çox kiçik çaplı və sənətə gəlir mənbəyi kimi baxanlardır. Təsəvvür edin ki, bu insanlar hələ 1-2-ci kurslardan başlayaraq, sənət əvəzinə, pul qazanmaq dərdinə düşürlər. İndidən gələcəkdə şou-proqramlara getməyi, gündəlik 30-40 manat qazanmağı, toylarda tamadalıq etməyi düşünürlər. Əvvəllər biz arzu edirdik ki, yaxşı sənət yaradaq, rollar oynayaq, maaşlarımız artsın və hansısa yaşda öz maşınım olsun. İndikilərsə, əvvəl kreditə bahalı maşın götürüb, sonra onun kreditini ödəmək üçün barlara da gedirlər, toylara da, aş paylamağa da, tamadalıq etməyə, bozbaş gətirməyə də və sair. Çünki banka kreditini ödəməlidir. Sənətsə belə işlərə baxmır. O ki qaldı tanınmış aktyorlarımızın el şənliklərinə, yüngül məclislərə getməsinə, bütün bunlar bizim parıltı və dəbdəbəni sevməyimizlə bağlıdır. Hər kəs özünə cavabdehdir. Kim gedirsə, sənəti də gözdən düşür, reytinqi də azalır.

— Kişi aktyorların qadın obrazları yaratma məsələsi çox müzakirə olundu. Buna pis baxanlar da oldu. Normal yanaşanlar da. Siz necə düşünürsünz?

— Əvvəla, dediyiniz proses mono teatrlarda müşahidə olunur ki, orada da cəmi iki-üç kişi aktyor olur və qadın aktyorlar ümumiyyətlə təmsil olunmur. Belə olan zaman həmin kişi aktyorlar məcburiyyət qarşısında kişi rollarını da, qadın rollarını da, uşaq rollarını da özləri oynayırlar. İfrata getmədiyi müddətcə bu hal normaldır. Amma elə ki, ifrata gedirik, o zaman hər şey gözdən düşür. Bütün sahələrdə ifrat mənfi qəbul olunduğu kimi, aktyorluq sənətində də ifrata gedilməsi qəbuledilməzdir. Gediriksə, buna yalnız təəssüflənmək qalır.

— Dramaturgiyanın inkişafını necə qiymətlənddirirsiz?
— Mən pessimizmdən uzaq insanam və bu məsələyə də bədbin yanaşmaq istəmirəm. Təbii ki, bu gün istedadlı gənclərimiz, gənc aktyorlarımız, İncəsənət Universitetində gələcəyin qabiliyyətli aktyorları az deyil. Amma narahatlıq doğuran məqamlar da var. Teatrı dövlət və xalq dolandırır. Şəxsi qruplar halında, fərdi zövqlər şəklində formalaşan və peşəkarlıqdan getdikcə uzaqlaşan aktyorşünaslıq gələcəkdə təhlükəli məcraya yönələ bilər. Bu baxımdan hazırda Azərbaycan teatrına, teatr sənətinə, peşəkar teatrşünaslığa və aktyorşünaslığa xüsusi diqqət və qayğı lazımdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 306