Adı Türkiyədəki əməliyyatda keçən milyarder Babək Zəncani kimdir?
Türkiyənin ictimai-siyasi gündəmini zəbt edən “böyük rüşvət” əməliyyatının əsas ismi kimi ortaya İrandan olan milyarder Babək Zəncani çıxır. Adı çəkilən əməliyyatda həbs edilən əsas simalardan biri, əslən İrandan olan iş adamı Rza Zərrabi əsas “müştərilərindən” birinin “B.Z” adlı şəxs olduğunu deyib. Babək Zəncani var-dövləti baxımından 14 milyard dollar varidatla İranın ən varlı iş adamıdır. R.Zərrabi bu adama müraciətdə “rəisim” xitabı edərmiş. Babək Zəncani İranın eks-prezidenti Rəfsəncaniyə yaxın şəxs olub. İran Mərkəzi Bankının o vaxtkı rəhbəri Möhsün Nourbaxışın xidməti sürücüsü olub.
Məhdudiyyətlər üzündən İran Mərkəzi Bankının gündəlik alqı-satqıya çıxardığı 17 milyon dolların taleyi ona tapşırılıb. Bu adam 1% komisyonla gündə 17 min dollar qazanıb. Daha sonra Türkiyəyə qoyun dərisi satmağa başlayıb, iflasa uğrayıb, həbsə alınıb. Qısamüddətli həbsdən sonra Babək Zəncani Türkiyəyə gələrək burada təhsil alır, kosmetika şirkəti qurur.
Onun milyarderlər klubuna girməsini həll edən hadisə 2010-cu ildə baş verir.
Məhdudiyyətlər üzündən İran dolları ölkədən kənara çıxara bilməyəndə B.Zəncani 40 milyon dolları bir neçə günə xaricə çıxarır. Bundan sonra İran dövləti qapıları bu şəxsin üzünə açır. Daha sonra o, İran neftini xaricə satışa çıxarmağa başlayır, bu satışlardan milyardlar qazanır.
Babək Zəncani son 3 ildə İran banklarına aid 17 milyard dolları 7%-lə ölkədən kənara çıxarır və “New York Times” qəzeti Babək Zəncanini “İran embarqosunu dağıdan şəxs” kimi dəyərləndirir.
2013-cü ilin aprelində adı ABŞ və Avropa Birliyinin cəzalandırılan şəxslər siyahısına düşüb, bütün xarici hesabları dondurulub. Bununla da Zəncani İran hökumətinə borclu olduğu 2.8 milyard dollar borcunu ödəyə bilməyib. O, İran tərəfə vəsaitlərinin bloka alındığını deyib. Həmin tarixdən bu yana Türkiyədən İrana qızıl ixracı başlayıb. Bundan başqa B.Zəncaninin adı bu siyahıya düşəndən sonra təyyarələrlə qızıl qaçaqmalçılığı da başlayıb.
İran məclisində adı 3 rüşvət hadisəsində keçən Babək Zəncani keçən həftə İran Məkəzi Bankına borclu olduğu 3 milyard dollar borcunu ödəyib. Amma onun arxasında İranın keçmiş hökumətinin 5 nazirinin və xüsusi xidmət qurumlarının durduğu deyilir. Ona qarşı qaçaq neft alveri ittihamı qüvvədən salınıb, qalan iki cinayətin də üstünü örtməyə çalışırlar.
Babək Zəncaninin 6 il öncə İstanbulda qurduğu Kont Kozmetik ve Dış Ticaret Limited Şirketinin fəaliyyət əhatəsi kosmetikadan tekstilə, plastiktən qızıl və qiymətli metal idxalı ilə banklararası transferlərə qədər genişdir. İranlı dollar milyarderi Babək Zəncaninin adı bu ilin aprelində ABŞ-ın İran embarqosunu dağıtmaq fəaliyyətlərilə bağlı qadağan edilən şirkətlər və şəxslər siyahısına salınıb (Turan).