Abutalıbovu Oslolulara «icarə»yə verək
Ankara
Bir neçə il bundan öncə Norveçin paytaxtı Osloda idim. O qədər böyük olmasa da, çox gözəl şəhərdir. Amma diqqətimi daha çox çəkən Oslonun ayrı-ayrı hissələrini bir-birindən ayıran geniş meşə-park zolaqları oldu. Belə meşə-park zolaqlarından birinə getdim. Ucu-bucağı görünməyən bu parkda yalnız bir neçə xudmani kafe, bir neçə tennis və voleybol meydançası, itlərin təlimi üçün qapalı sahə vardı. Bir də adamların gəzməsi üçün qəmbər döşənmiş çox dar cığırlar. Vəssalam.
Məni dəhşət bürüdü. Düşündüm ki, belə də varlı neft ölkəsi olar?! Bu qədər pulu-paranı nə vaxt və nəyə xərcləyəcəklər?! Bahalı restoranların, ucu-bucağı görünməyən, amma çox bahalı mərmər döşəndiyindən yayda nəfəs almağa imkan verməyən, payız, qış və yaz aylarında isə sürüşkənliyi üzündən gəzinti üçün yararsız hala düşən meydanların, oxucudan üzr istəyirəm, «ütüldüyü» üçün qəzet səhifəsində adının çəkilməsi mümkün olmayan cinsiyyət orqanını xatırladan palmaların, kaktusların iz-tozunu belə görmədim. Hər tərəf bu iqlim zolağında təbii şəraitdə «yaşaya» biləcək ağac və kollardan ibarət idi.
İndi düşünürəm ki, bizim «yeni azərbaycanlılar» haqlıdırlar. Məsələ özünü mədəni avropalı adlandırmaqda deyil. Bu norveçlilər inkişafda çox geridə qalıblar. Yazıqdırlar. Təcili olaraq onlarla təcrübə mübadiləsi təşkil etmək lazımdır. Amma norveçlilərin Bakıya gəlməsinin heç bir xeyri olmaz. Məsələ ondadır ki, Osloda bu tip məsələlərin həlli ilə məşğul olan paytaxtın meridir, yəni bələdiyyə başçısı. Bakının icra hakimiyyəti başçısından fərqli olaraq, Oslonun merini şəhərin əhalisi seçir. Heç kim bizdəki kimi şəhərə 15-20 il rəhbərlik edə bilmir. Oslolular ən geci beş-altı ildən bir merlərini «təzələyirlər». Bir sözlə, oslolular çox naşükürdülər. Hətta, yaxşı işləsən də, səni geç-tez hörmətlə yola salırlar. Kürsüdə yerini rahatlamağa imkan vermirlər. Nəticədə sabah Osloya kimin rəhbərlik edəcəyini bilmək olmur. Düşündüm ki, oslolular yazıqdırlar. Hal-hazırkı merlərini dəvət etməyin elə bir əhəmiyyəti yoxdur. Onsuz da, ən uzağı bir-iki ilə yola salacaqlar. Hörmətli Hacıbala Abutalıbovdan öyrəndiklərini həyata keçirə bilməyəcək. İşi yarımçıq qalacaq. Abutalıbov məktəbini keçəmməyən yeni mer palmaların və kaktusların əhəmiyyətini hardan bilsin.
Ən yaxşısı odur ki, biz bir müddətə cənab Abutalıbovu Oslolulara «icarə»yə verək. Onsuz da H.Abutalıbov Bakını çoxdan abıra salıb. Yerinə gələn, istəsə də, heç nəyi dəyişdirə bilməz. İndi getsin oslolulara şəhər başçısının nə cür işləməli olduğunu nümayiş etdirsin. Bir neçə ildən sonra Bakıya qayıda bilər. Problem deyil. Ondan sonra gələn yeni mer cənab Abutalıbovun cızdığı planlardan bir addım da kənara ata bilməz. Pulun-paranın haraya və nə cür xərclənməli olduğunu görən Oslo sakinləri yeni merə göz açmağa imkan verməzlər.
Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Sən demə, osloluların arzuları bir müddət gerçəkləşməyəcək. Çünki cənab Abutalıbov hesab edir ki, hələ Bakını tam «abıra» salmayıb. Görüləcək işlər çoxdur.
«Bakı ilə bağlı gələcək planlardan biri də şəhərdə geniş yaşıllığın salınmasıdır». Bunu «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Onun sözlərinə görə, bu tədbirlər Böyük Bakının Regional İnkişaf Planında da əsas istiqamətlərdən biri kimi götürülüb. Bakının yaşıllaşdırılmasının hələ sovet dövründə planlaşdırıldığını xatırladan C.Qocayev deyib ki, həmin vaxt Dəniz Vağzalından Hüseyn Cavid bağına qədər yaşıllıqdan ibarət xiyabanın, yaşıl parkların salınması düşünülürdü: «Lakin müstəqillik dövründə ancaq indiki Heydər Əliyev Sarayının qarşısında park salındı. Təzəlikcə də «Qış bulvarı» kimi tanınan park açıldı. Çünki qış vaxtı dəniz kənarında gəzmək olduqca soyuqdur. Lakin gələcəkdə bu parkın da uzadılması nəzərdə tutulub. Bu park Hüseyn Cavid bağına qədər gedib çıxa bilər. Bağın ora qədər salınması isə həmin ərazidə elmi mərkəzlərin olması ilə əlaqədardır. Məsələn, Milli Elmlər Akademiyası, bir sıra ali məktəblər, bir sözlə, elmlə məşğul olan insanların bu cür bağlarda, xiyabanda gəzməsinə böyük ehtiyacı var». C.Qocayev əlavə edib ki, «Qış bulvarı»nın uzadılması üçün söküntülər qaçılmaz olacaq. Onun sözlərinə görə, bulvarın uzadılması üçün söküntülər gedən ərazilərdə mütləq yaşıllıq salınmalı, həm də söküntü kütləvi deyil, seçmə olmalıdır:»Elə tikililər var ki, hazırda orada yaşayış münasib deyil, həm də insanların sağlamlığı üçün ziyanlıdır. Məsələn, «Kubinka», Sirkin ətrafı kimi yerlərin sökülməsi hesabına bu cür yaşıllıqları salmaq mümkün ola bilər. Çünki belə xiyabanlara çox ehtiyac var». Birincisi, əgər söhbət «Qış bulvarı»ndan gedirsə, mən orada kaktus gördüm, palma gördüm, bir-iki fəvvarə gördüm, göz qamaşdıran mərmər döşəmələr gördüm, amma yaşıllıq görmədim. Yəni onu demək istəyirəm ki, xiyabanlar və meşə-park zolaqları eyni şey deyil. Bizdə, yəni Bakıda mərmər döşənmiş xiyabanlar var, Osloda isə meşə-park zolaqları.
İkincisi, elə insanlar var ki, səmtləri müəyyənləşdirə bilmirlər. Buna «coğrafi sərsəmlik» də deyirlər. Sözsüz ki, Kubinka deyilən ərazidəki və sirkin ətrafındakı tikililərin böyük əksəriyyəti sökülməlidir. Buna kimsə etiraz edə bilməz. Amma məndə belə bir təəssürat yarandı ki, qocalıqda «coğrafi sərsəmlik» xəstəliyinə tutulmuşam. Axı Bakıda, şəhərin mərkəzində, köhnə kişilərin «Kolodeznı» adlandırdığı küçədə anadan olmuşam, Yasamalda böyümüşəm. Bir sözlə, Bakını yaxşı tanımalıyam. Ona görə də Kubinka və Sirk ətrafı ərazilərin Cavid bağına qədər uzadılacaq «Qış bulvarı»na nə aidiyyəti olduğunu başa düşmədim. Əgər mən «coğrafi sərsəmlik» xəstəliyinə tutulmamışamsa, söhbət müxtəlif səmtlərdən gedir.
Üçüncüsü, əgər söhbət «Qış bulvarı»nı Cavid bağına qədər uzatmaqdan gedirsə, onda «Sovetski» adlanan istiqamətdəki tikililər dağıdılmalıdır. O istiqamətdə isə yeni tikililər və hətta göydələnlər var. Özü də böyük əksəriyyəti yaşayış binalarıdır. Onlara nə olacaq? Orada yaşayanların taleyi necə olacaq? İnsan haqları müdafiəçilərinin iddialarına görə, indiki «Qış Bulvarı»nın salınması naminə on minlərlə insan evindən-eşiyindən oldu, bəziləri hətta küçəyə atıldı. «Sovetski» dağıdılarkən nə qədər ailə bədbəxt ediləcək? İnanmıram ki, «Sovetski»də insanlara veriləcək kompensasiya «Qış Bulvarı»ndakından artıq olsun. Bu, ədalətsizlik olar. Özü də vaxtı ilə «Qış Bulvarı»nın ərazisində yaşayan vətəndaşlara qarşı ədalətsizlik olar. Bizim «yeni azərbaycanlılar» isə ədalətsiz ola bilməzlər, xüsusilə də söhbət öz cibləri kimi dəyərləndirdikləri dövlət büdcəsindən və digər dövlət fondlarından gedirsə. Yeri gəlmişkən, düşünmək lazım deyil ki, Norveçdə məmurlar şəhərin ərazisindən daha «səmərəli» istifadə etmək istəməzdilər. Lakin qanunlar buna imkan vermir. Norveç qanunlarına görə, tikililər şəhər ərazisinin yalnız üçdə birini təşkil edə bilər. Qalan üçdə ikisi meşə-park zolaqlarından ibarət olmalıdır.
Ona görə də Hacıbala Abutalıbovu oslolulara «icarə», verməyə dəyər. Onlara bilmirəm, bizə bəlkə xeyri dəydi…
[email protected]