ABŞ yığmasının voleybolçusu «Lokomotiv»də oynayacaq
Bakının “Lokomotiv” voleybol komandası transfer bazarında fəallığını davam etdirir. Yeni mövsüm üçün daha güclü kollektiv formalaşdırmağı planlaşdıran “dəmiryolçular” növbəti oyunçu keçidini həll ediblər.
Belə ki, “Lokomotiv” ABŞ millisinin gənc üzvü Lauren Gibbemeyerlə müqavilə imzalayıb. 1988-ci il təvəllüdlü, 188 sm boya malik orta sahə oyunçusu İtaliyanın “Pesaro” klubundan transfer edilib. Onunla 1 illik razılıq əldə olunub, deyə apasport.az saytı xəbər verir.
Gibbemeyer daha öncə vətənində “Minnesota” və “Queensies” komandalarının şərəfini qoruyub. 2011-ci ildən əsas yığmaya çağırılan voleybolçu gənclərin heyətində Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) çempionu (2006), Panamerika Oyunlarının (2011) bürünc mükafatçısı olub.
Qeyd edək ki, argentinalı Kladio Kuellonu baş məşqçi postuna gətirən “dəmiryolçular” Laurendən öncə Cənubi Koreya millisinin voleybolçusu Sa-Ni Kimi və Serbiya yığmasının liberosu Suzana Sebiçi transfer edərək, ötən ilki heyətdən Mariya Filipova (Bolqarıstan), Olqa Palçevskaya, Vera Klimoviç (hər ikisi Belarus) və Aleksandra Samoylova (Rusiya) ilə müqavilənin müddətini artırıb.