ABŞ şirkətləri Türkiyə üzərindən Azərbaycana gəlir
ABŞ səfirliyi Amerika Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), habelə Türkiyədə yerləşən Amerika Biznes Forumu, Türk-Amerika Biznes Assosiasiyası və ABŞ-ın Türkiyədəki Kommersiya İdarəsi ilə birgə Türkiyədə çalışan doqquz Amerika şirkəti təmsilçilərinin noyabrın 25-26-da Azərbaycana ikigünlük səfərini təşkil edib.
Amerikanın Azərbaycan səfirliyinin mətbuat xidmətinin məlumatına görə, ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalinin rəhbərlik etdiyi heyət Azərbaycanda biznes əlaqələri qurmaq, ölkədəki investisiya imkanları barədə məlumat almaq və yerli tərəfdaşlar tapmaq məqsədilə Azərbaycanın dövlət və özəl sektor təmsilşiləri ilə görüşlər keçirib.
Ticarət missiyasının təmsilçiləri eləcə də ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Derek Hoqan, Amerika Ticarət Palatasının direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, AZPROMO prezidenti Rüfət Məmmədov və Türkiyənin Azərbaycan səfiri Alper Çoşqun ilə görüşlər keçirərək ABŞ şirkətlərinin regiondakı rolunun artırılması yollarını müzakirə edib.
“ABŞ şirkətləri Azərbaycanda enerji sahəsindən tutmuş kənd təsərrüfatı və aerokosmik sahələrə kimi cəlb olunub və Azərbaycanın iqtisadi inkişafa yönəltdiyi investisiyalar bu iqtisadi əlaqələrin gələcəkdə inkişafına yol açacaq. ABŞ səfirliyi daim Azərbaycan bazarına daxil olmaq, yerli tərəfdaş tapmaq və ya öz biznesini genişləndirmək istəyən ABŞ şirkətlərinə dəstək göstərir. Bu istiqamətdə inkişaf Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım etməklə bərabər bizim ikitərəfli əməkdaşlığımızı da gücləndirir”, — Amerikanın Azərbaycanda müvəqqəti işlər vəkili Derek Hoqan ticarət missiyasının səfərini şərh edərkən bildirib.