Muəllif:

Abbas Lisani barəsində daha bir təhqiqat işi: ali rəhbəri təhqir etmisən

Güney Azərbaycanda soydaşlarımızın hüquqları uğrunda hərəkatın fəallarından olan Abbas Lisani barəsində daha bir təhqiqat işi açılıb. Güney informasiya qaynaqlarına istinadənə, onu vaxtilə yazmış olduğu bir məqaləsi əsasında İranın ali dini lideri Əli Xamneyini təhqir etməkdə təqsirləndirirlər.

AbbasLisani bu səbəbdən iyunun 30-da Ərdəbil İnqilab Məhkəməsinin 5-ci şöbəsində olub və ifadə verib. Hakim tərəfindən xeyli sorğu-sual olunub və özünü müdafiə edib. O, barəsində açılmış digər təhqiqat işi ilə bağlı sualları da cavablandıraraq ona qarşı irəli sürülmüş bütün ittihamları təkzib edib: “Mən əvvəllər “Çənlibel” qrupunu yaratmaq ittihamı ilə mühakimə olunmuşam, ancaq məhkəmə heç bir dəlil tapmadığına görə bəraət almışam. Təhqir edilmiş adamın da kim olduğu əsas deyil. Ancaq bu addımın özü çox alçaq bir hərəkətdir və həmin adamın nə qədər səviyyəsiz olmasının göstəricisidir. Mən heç vaxt məqalələrimdə və çıxışlarımda kimsəni təhqir etməmişəm. Sadəcə, ETTELAAT bir şey tapa bilmədiyindən mənə qarşı belə bir ittiham irəli sürüblər”.

İstintaq davam edir və Lisani barəsində daha bir təhqiqat işi açılıb. Ona “Çənlibel” adlı qrup təşkil etmək, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAzTV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölunun qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, ETTELAAT-ın gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülür.

Abbas Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib.

Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A.Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146