Abbas Əhməd: “İstər futbol olsun, istər sənətçilər, özümüzünkülərə azarkeşlik edirəm”
Abbas Əhməd 1980-90-cı illərin sevilən estrada müğənnilərindən olub. Amma sonralar Moskvaya köçən və bu günə qədər orada yaşayan sənətçinin Bakı səfərləri adətən gizli olur. Yəni, media, TV onun gəlişindən çox zaman xəbər tuta bilmir. Nadir hallarda mətbuatla görüşən Abbas Əhməd yığılıb qalan təəssüratlarını bölüşür. Bu dəfə o, həm özündən, həm sənətdən, həm də sənətçilərdən danışdı:
– Uzun illər Moskvada yaşayan biri kim, sizə Bakı daha doğmadır, yoxsa Moskva?
– Mənimçün hər ikisi eynidir. Rusiyada özümü gəlmə hesab etmirəm.
–Moskvada nə işlə məşğulsunuz?
– 1988-ci ildən 2002-ci ilə qədər “Qaya” ansamblında işləmişəm. Rəhbərimiz Teymur Mirzəyev Azərbaycandan gedəndən sonra ansambl dağıldı və mən də Moskvaya getdim. Bildiyiniz kimi, indi əksər müğənnilər korporativ məclislərdə iştirak edirlər.
– 12 ildir Moskvadasınız. Niyə Rusiyanın sənət aləminə, şou-biznesinə qoşulmursuz?
– 2003-cü ildə belə bir imkan var idi. Amma şərtlər məni qane etmədi. Bir həmyerlimiz təklif elədi ki, səni Rusiya şou-biznesinə qoşaq. Məsələn, orada “Nepara” qrupu, Avraam Russo müqavilə ilə işləyirdi. Amma mənim üzv olduğum “Qaya” ansamblı Rusiya şou-biznesindən səviyyəcə çox yuxarıdır. Biz Moskvaya gələndə Kirkorov kimi müğənnilər bizə həsədlə baxırdılar.
– Niyə razı olmadınız?
– Orada müqavilələr 4-5 illikdir. Sənin üzərinə 4-5 milyon avro pul qoyulur, amma özünə ayda 1000-2000 dollar çatır. Gecə də, gündüz də səni hara istəsələr, apara bilərlər. Bu yaşayış deyil ki! Yaşım da imkan vermirdi. 1960 təvəllüdəm. Moskvaya gələndə yaşım qırxı keçmişdi.
– Rusiyada müğənnilərin qonorarı nə qədərdir?
– Məsələn, orada hazırda ən bahalı iki sənətçi var: Stas Mixaylov və Vaenqa. Bu müğənnilərin bir çıxışı 150 min avrodur. Stas Mixaylovu hansısa məclisimizdə görmək istəsək, 100 min avroya gəlsə, çox yaxşıdır.
– Bəs Kirkorov?
– Təxminən 50 min avro. Düzdür, Rusiyada həmişə Kirkorov, Puqaçova və Qalkin ən bahalı olublar. Qalkin tamada kimi gəlir.
– Rusiyada birini ortaya çıxarmağa nə qədər pul lazımdır?
– Ən azı 5 milyon avro. Amma Stas Mixaylovun səviyyəsinə çatmaq üçün 20 milyon lazımdır.
– Nadir Qafarzadə də bir ara Rusiya şou-biznesinə qoşulmuşdu. Yadınızdadır?
– Hə, bir dəfə gördüm, çox xoşuma gəldi. İstər futbol olsun, istər sənətçilər, özümüzünkülərə azarkeşlik edirəm.
– Orada özünüz toy aparırsınız?
– Çox nadir hallarda.
– Moskvada bir klip neçəyə başa gəlir?
– 20 min dollara.
– Burada 20 minə super klip çəkirlər.
– O klipi ancaq TV 3, ya da RenTV göstərə bilər. Mən dediyimi isə ORT-də efirə verə bilər. Söhbət keyfiyyətdən gedir.
– Bildiyimə görə, oğlunuz da 3 ildir oradadır.
– Oğlum orada dünyaca tanınan isimlərin konsertlərini təşkil edir. Demis Russos, Stinq kimiləri Rusiyaya gətirir.
– Oğlunuzun vasitəsilə harasa çıxırsınız?
– Yox. Mən böyük səhnələrdə olmuşam. İndi də Moskvada Otto Vanla, “London bit”lə işləyirəm.
– Bakıda sənət dostlarınız varmı?
– İlqar Xəyalla illərlə dostuq. Amma belə tanışlarım çoxdur. Musiqiçi dostlarımın çoxu dünyasını dəyişib.
– Fəxri ad almamısınız.
– Bu fəxri ad məsələsi mənimçün də böyük bir sualdır. Neçə ildir səhnədəyəm, 14 il dövlət ansamblında çalışmışam, pul qazanmağı sənətə qurban vermişəm. O vaxt günü 25 dollara işləyirdik. Mən də öz yolumu tutub pulumu qazanardım. Dəfələrlə Bakıda solo konsertlərim olub. Amma “Qaya” ansamblı məni qabağa atdığı kimi, həm də dala atdı. Aygün Kazımova, Samir Bağırov “Qaya” ansamblında işləyirdilər. Kim o ansambldan qırıldısa, hamısı fəxri ad da aldı, qonorar da. Amma mən sırf sənətə qulluq etdim və ansambl dağılana kimi ayrılmadım.
– Bakıda olanda toya gedirdiniz?
– Bəli, amma çox az.
– Moskvada size tanıdan o “Ürəyim yanar” mahnısını oxuyursunuz?
Deyəsən, kiməsə həsr olunub.
– Az hallarda oxuyuram. Həyat yoldaşıma həsr etmişəm. Mən iki dəfə ailə həyatı qurmuşam. Oğlum ilk nikahımdandır. Amma ikinci həyat yoldaşımla 22 ildir evliyik, övladımız yoxdur.