Abbas Abbasov İlham Əliyevi dəstəkləyir
Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti «AzərRos»un V qurultayı keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda Rusiyanın yüksək səviyyəli rəsmi şəxslərindən iştirak edən olmayıb, Rusiya prezidenti və baş nazirinin də tədbirə hər hansı təbrik məktubu ünvanlanmayıb.
Qurultayda yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqında (RATİ) toplaşmış tanınmış azərbaycanlı biznesmenlərdən də iştirak edən olmayıb. RATİ-də təmsil olunanlardan yalnız Rüstəm İbrahimbəyov və Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov qurultaya qatılıb.
Qurultayda hazırkı prezident Söyün Sadıqov hesabat məruzəsi ilə çıxış edib, hesabat səsə qoyularaq, qəbul edilib. Qurultayda daha sonra təşkilatın Nizamnaməsinə bəzi dəyişikliklər müzakirəyə çıxarılıb. S.Sadıqovun təklifi ilə «AzərRos»un Federal Şurasının strukturuna dəyişiklik edilib, şuranın sədri vəzifəsi ləğv edilərək, katiblik yaradılıb.
S.Sadıqov qurumun prezidenti postunun ləğv edilərək, əvəzində direktor vəzifəsinin yaradılmasını təklif etsə də, onun bu təklifi qəbul olunmayıb.
«AzərRos»un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. Ağsaqqallar Şurasının tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov seçiliblər. A.Abbasov Ağsaqqallar Şurasının sədri seçilib.
Daha sonra «AzərRos»un prezidenti postuna seçki olub. Asif Məhərrəmov qurumun prezidenti seçilib. Prezidentlik institutu bundan sonra «AzərRos»un qərarverici və idarəedici deyil, icraedici orqanı kimi fəaliyyət göstərəcək. Söyün Sadıqov isə qurumun fəxri prezidenti seçilib. Bununla da qurultay başa çatıb.
Qeyd edək ki, bir müddət öncə S. Sadıqov yeni siyasi partiya yaratması ilə əlaqədar «AzərRos»un prezidenti vəzifəsindən istefa verdiyini bildirmişdi. O, hazırda Rusiyada fəaliyyət göstərən Abbas Abbasovun «AzərRos»un prezidenti vəzifəsinə namizədliyini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini açıqlayıb.
«Ümumrusiya Azərbaycan Konqresinin öz, «AzərRos»un isə öz vəzifələri var. Azərbaycanla bağlı hər bir ictimai təşkilatın bir amalı olmalıdır. Bu amal da Azərbaycan, azərbaycanlılar, Rusiyada yaşayan həmvətənlərimizin problemlərinin yaxşılaşdırılması olmalıdır. Başqa cür mümkün deyil. Bəzən deyirlər ki, bu təşkilatlar bir-birilə rəqabət aparacaqlar. Bunlar hamısı boş fikirlərdir».
Bunu «AzərRos»un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov deyib. O qeyd edib ki, o həm də Rusiya Azərbaycan Təşkilatları İttifaqında da təmsil olunur:
«Bu təşkilat da fəaliyyətini davam etdirəcək. Bu təşkilat da elə Ağsaqqallar Şurası kimi təşkilatdır. İndi kimsə nədənsə narahat olursa, bu, onun öz işidir. Mən çıxışımda da dedim, Azərbaycan, azərbaycanlılar və yaşadığım ölkə olan Rusiya. Burdakı qanunvericiliyə uyğun hərəkət etməliyik. Yerdə qalan söhbətlərlə, intriqalarla mənim işim yoxdur. Başqa fikrim və amalım yoxdur. 15 il Azərbaycan hökumətinin rəhbərlərindən biri olmuşam. Bu illər ərzində Heydər Əliyevin xeyir-duası ilə yaşamışam. Hazırda da prezidentimiz İlham Əliyevi dəstəkləyirəm».
Abbasov «Siz Azərbaycan hakimiyyətini dəstəklədiyinizi deyirsiniz. Amma Sizinlə birgə hər iki qurumda fəaliyyət göstərən Rüstəm İbrahimbəyov hakimiyyəti sərt tənqid edir. Sizin buna münasibətiniz necədir?» sualına cavabında bildirib: «Biz demokratik cəmiyyətdə yaşayırıq. Hərənin öz mövqeyi var. Mən Rüstəm İbrahimbəyovun mövqeyi ilə razıyam. Vətəndaş mövqeyini hər bir insan göstərə, fikrini söyləyə bilər. Bu fikirləri kimsə qəbul edir, kimsə etmir, bu, tamamilə başqa məsələdir. Hərənin bir mövqeyi olur. Azad ölkədə yaşayırıq, hər kəs öz mövqeyini bildirə bilər. Amma ümumi aspektdə götürsək, biz hamımız istəyirik ki, Azərbaycan sabit və firavan bir ölkə olsun. Xalqımız firavan yaşasın. Cəmiyyətdə olan korrupsiya məsələsinə gəldikdə isə, bu hər bir cəmiyyətdə var. Bunun qarşısını isə, əlbəttə ki, iqtidar və iqtidara yaxın qüvvələr almalıdırlar ki, xalq onlardan narazı qalmasın».
A.Abbasov Diaspor Komitəsinin sədri Nazim İbrahimovun RATİ və «AzərRos»la bağlı mövqeyinə də münasibət bildirib: «Sifarişlə Həcc qəbul olunmur. Birgə işləmək lazımdır. Onun bəyanatı düzgün deyildi. Əgər Nazim İbrahimov o vəzifəni daşıyırsa və o istəyirsə ki, burda yaşayan azərbaycanlılar yaxşı yaşasın onda o, bütün təşkilatlara eyni münasibət göstərməlidir. Söhbət burada şəxsi münasibətlərdən getmir. Söhbət Azərbaycan icmasından gedir. Bu icma sənin yanına gələsi deyil. Sən bir məmur olaraq bu icmanın yanına gəlməlisən. Çünki İcma böyükdür. Sən məmursan, icmaya diktə edə bilməzsən. İcmanın dediyini həyata keçirməlisən. Bakıdan durub, burdakı azərbaycanlılara ağıl, öyüd nəsihət vermək lazım deyil. Bunlar Rusiyanın vətəndaşlarıdırlar. Rusiya dövlətinə tabedirlər. Nazim İbrahimovun başqa dövlətin işlərinə qarışmağa səlahiyyətləri çatmır. Amma o gəlsə bura, otursaq bir masa ətrafında məsləhətləşsək, qərar qəbul etsək, yaxşı olar. Bir hissəmiz Rusiyanın vətəndaşıdır, bir hissəmiz də Azərbaycanın. Bizim əsas amalımız Azərbaycanda siyasi-ictimai sabitlik olmasıdır».