AB ilə Gürcüstan arasında assosiasiya sazişi paraflanıb
Vilnüsdə Avropa Birliyi ilə Gürcüstan arasında assosiasiya sazişinin texniki paraflanması baş tutub. APA-nın xəbərinə görə, Gürcüstan telekanalları sənədə Gürcüstan tərəfdən xarici işlər nazirinin müavini David Zalkalianinin imza atdığını xəbər veriblər.
Zalkaliani son 3 ildə AB ilə danışıqlar aparan Gürcüstan nümayəndə heyətinin rəhbəri olub. O, min səhifədən ibarət sənədə imza atmazdan əvvəl jurnalistlərə bildirib ki, sənədin paraflanması Gürcüstan üçün tarixi hadisədir. Noyabrın 29-da Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton və Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bu sənədə medianın iştirakı ilə təntənəli şəkildə simvolik imza atacaqlar.
Qeyd edək ki, beynəlxalq hüquqda paraflanma həmin müqavilənin (sazişin) hazırlanmasında iştirak edən rəsmi şəxslərin sənədin qarşılıqlı razılaşdırılmış yekun variantına imza atması deməkdir. Paraflanmış sənəd daha sonra siyasi rəhbərliklər səviyyəsində rəsmi şəkildə imzalanır.
Avropa Parlamentinin sədri Martin Şults Gürcüstan və Moldovanı təbrik edərək Ukrayna və Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etmələrindən məyus olduğunu bildirib.
Şults deyib ki, “Şərq tərəfdaşlığı” AB və onun şərqdəki qonşularını vətəndaşların rifahı naminə yaxınlaşdıran vacib layihədir. O, Vilnüs sammitini bu prosesdə önəmli addım olduğunu söyləyib: “Mən Moldova və Gürcüstanı AB ilə assosiasiya sazişini paraflamaq barədə qərarları ilə əlaqədar təbrik edirəm. Lakin mən Ukrayna və Ermənistanın sazişi imzalamaqdan imtina etmələrindən dərin məyusluq keçirirəm. Təəssüfləndirici hal odur ki, bu ölkələrin öz seçimlərinə yenidən baxmaları xarici təzyiqlə əlaqədardır. Biz aydın və ucadan bəyan etməliyik ki, Rusiyanın bizim qonşularımıza qarşı iqtisadi və siyasi təzyiqləri qəbuledilməzdir”.
AP rəhbəri sonda vurğulayıb ki, assosiasiya sazişi imzalamaq üçün AB-nin qapıları açıqdır və Avropa Birliyi xalqların Avropa ümidinə heç vaxt əngəl olmayacaq.