“9×9” bədii filmi Kann kinofestivalı üçün seçilib
Nərimanfilm kinoşirkəti ilə İtaliyanın TORRE şirkətinin birgə istehsalı olan qısametrajlı “9×9” bədii filmi Kann kinofestivalının “Qısa metr” proqramında iştirak etmək üçün seçilib.
Nərimanfilm-dən AYNAya bildirilib ki, “9×9“ qısametrajlı bədii filmi “Pasha Bank”ın maliyyə dəstəyi ilə çəkilib. Çəkilişləri Bakıda və Veronada (İtaliya) aparılmış filmin ssenari müəllifi və rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir:
“Memar taleyi tamamilə başqa bir taledir. O, çox vaxt bütün istedadını və ehtirasını elə məkanların yaradılmasına həsr edir ki, orada onun üçün yer olmur. “9×9” filmi memarın evindən ofisinə yol boyunca düşüncələrini təqdim edir. Biz yalnız onun kölgəsini görürük: onun parlaq günəş şüaları altında velosiped gəzintisi yaradıcılıq prosesinin dərinliklərinə səyahətə çevrilir.
Bu yolda onu müşayiət edən divarlar, küçələr, şən uşaq səsləri, qədim xarabalıqların vahiməli sükutu, təzəcə yuyulmuş paltar, yaxud təzə çörəyin qoxusu, xüsusi işıqlandırma canlı iş materialına çevrilir. Bizə belə bir hiss hakim kəsilir ki, sanki onun velosiped səyahətində iştirak etmirik, hansısa başqa bir yerdə, başqa ölkədə, başqa küçələrdə — onun düşüncəsindəki küçələrdəyik. O, məhkumdur və bu, onun ürəyincədir. Memarın şüuru daim oyaqdır: onun dünyaya xüsusi baxışı vardır, yaşadığı təcrübə vardır və o, bütün bunları sintez edib böyük bir ideyaya — 9×9-a çevirməlidir”.
Qeyd edək ki, bu il Kann kinofestivalı mayın 15-26-da keçiriləcək. Festival təsis edildiyi ilk gündən əsas missiyasına — kino sənətinin təkamülünə və dünya kino sənayesinin inkişafına kömək edən filmləri üzə çıxarmaq və təqdim etmək, habelə dünya kino sənətinin şərəfini uca tutmaq missiyasına sadiq qalıb.
Zəminə