Muəllif:

Azərbaycan türkləri Kölndə etiraz aksiyası keçiriblər

Azərbaycan türkləri Almaniyanın Köln şəhərində etiraz aksiyası keçiriblər. Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşkilatçılığı ilə iyulun 28-də baş tutan piket 18 gündür aclıq aksiyası keçirən və hazırda Kərəcin Rəcayişəhr həbsxanasında saxlanılan Yeni GAMOH təşkilatının üzvləri — doktor Lətif Həsəni, Yuruş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr və Behbud Quluzadəyə, eyni zamanda milli-mədəni haqlarını müdafiə etdiklərinə görə İranın müxtəlif həbsxanalarında cəza çəkən azərbaycanlı vicdan məhbuslarına dəstək məqsədi daşıyıb. Köln şəhərinin mərkəzindəki Dom kilsəsinin qarşısında keçirilən və iki saat davam edən aksiyada İran əleyhinə müxtəlif siyasi şüarlar səsləndirilib, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması, azərbaycanlı fəallara qarşı təqiblərə, təzyiqlərə, qeyri-qanuni həbslərə və məhkəmə hökmlərinə son verilməsi, Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi tələb edilib. Piket dinc şəraitdə keçirilib və İsveç polisi aksiyaya heç bir müdaxilə etməyib. Piket qətnamənin oxunması ilə başa çatıb. Eyni zamanda azərbaycanlı siyasi məhbusların vəziyyəti ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün alman dilində bildirişlər paylanılıb və imzatoplama kampaniyası keçirilib.
Bu arada Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq Yeni GAMOH üzvlərinə aclıq aksiyasını dayandırmaları üçün müraciət edib: “Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız iradəli, əzmkar, qətiyyətli mübarizə milli hərəkat tariximizin ən şanlı səhifələrindən birinə çevrilib. Biz Bütöv Azərbaycan Ocaqları olaraq sizin bu mübarizənizi yüksək qiymətləndirir, sizinlə fəxr edirik. Ancaq fars rejimi, sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirdi. Əziz soydaşlarımız! Biz sizin fiziki durumunuzun ağırlaşmasından son dərəcə narahatıq. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Haqq uğrunda aparılan mücadilə mütləq qalib gələcək. Gələcək mübarizədə iştirak etmək və həmin qalibiyyəti görmək ən çox sizin haqqınızdır. Bütün bunları və 18 günlük aclıq aksiyanızın artıq beynəlxalq aləmə kifayət qədər səs saldığını və müxtəlif reaksiyalara səbəb olduğunu nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq”.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182