9 rüşvətxor məmura hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ƏƏSMN Sabirabad şöbəsinin direktoru Bariz Mehdizadə, əməkdaşlar — İsgəndər Nadirov, Əli Məmmədli, Qəfər Əsgərov, Anar Muradov, Hacı Rəhimov, Mehman Əsədov, Mirələm Səmədov, Həmzə Əkbərovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bariz Mehdizadə bu şöbənin direktoru vəzifəsində işləyərkən şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar həmin şöbədən müavinət almaq istəyən şəxslərin pullarını mənimsəyiblər. Bəzi vətəndaşlardan rüşvət alıblar. Bununla da təqsirləndirilən şəxslər CM 179.3.1, 179.3.2-ci (mənimsəmə və ya israf etmə),311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub: Bariz Mehdizadə 10 il, İsgəndər Nadirov 10 il, Əli Məmmədli 9 il 6 ay, Qəfər Əsgərov 9 il, Anar Muradov 8 il 6 ay, Hacı Rəhimov 9 il, Mehman Əsədov 8 il 6 ay, Mirələm Səmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmzə Əkbərov isə 8 il 6 ay müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.