77 yaşlı qocanı öldürən «igidlərə» — 15 il və 14 il
Tamah məqsədilə 77 yaşlı kişini qətlə yetirən şəxslər cəzalarını aldılar.
Xüsusi amansızlıqla ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakinləri Kamran Rüstəmov və Orxan Rüstəmovun cinayət işi ikrah doğururdu. Bu şəxslər ötən il fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovu yaşadığı mənzilində çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetiriblər.
İstintaq müəyyən edib ki, fevralın 27-də oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədi ilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürüblər. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürüb, izi itirmək üçün cinayət aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atıblar. Lakin hüquq-mühafizə orqanları əməkdaşları bu cinayətin üstü açmağı bacarıblar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Rüstəmov 15 il, Orxan Rüstəmov 14 il müddətinə azadlıqdan məhrum ediliblər.