7 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir.
Trend-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının 7 üzvü ¼ finala vəsiqə qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili italiyalı Covanni Sarçiottonu 3:0 hesabı ilə məğlub edib. Həmyerlimiz növbəti mərhələdə fransalı Kristof Fataki Bobozo ilə görüşəcək.
Şükran Mehdiyev də (80+kq) ¼ finala yüksələnlər arasındadır. Boksçumuz Rumıniya təmsilçisi Nikola Birneta üzərində qələbə qazanıb — 3:0. Mehdiyevin növbəti rəqibi bolqarıstanlı Angel Angelov olacaq. Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) isə uduzaraq, mübarizəni dayandırıblar.
Bu gün Rüfət Hüseynov (57 kq), Ümid Rüstəmov (50 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) ¼ final mərhələsinin döyüşlərini keçirəcəklər. Sabah isə Tayfur Əliyev (52 kq), Hüseyn Tarverdili (70 kq) və Şükran Mehdiyev (80+kq) rinqə çıxacaqlar.