7 ay 23 günə onun hirsi xeyli soyumuş olar
Polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 29 yaşlı Bəhman Əhmədovun məhkəməsi başa çatıb. Barəsində döymə maddəsi ilə istintaq aparılan Bəhmən Əhmədov müstəntiqin çağırışları ilə polisə gəlməyib. Bundan sonra müstəntiq onun polisə məcburi gətirilməsinə qərar verib. Bunun üçün də post-patrul xidmətinin əməkdaşları Mehman Paşayev, Pünhan Məhəmmədov, Araz Namətov, İbrahim Məmmədov və Samir Zamanpur əvvəlcə Bəhman Əhmədovun yaşadığı ünvana gediblər.
Evdə onu tapa bilməyib geri qayıdanda Ağdaş şəhəri, Üçqovaq küçəsində onunla rastlaşıblar. Bəhman Əhmədov polis əməkdaşlarını gördükdə cibindən bıçaq çıxararaq onu polis şöbəsinə aparacaqları təqdirdə, polis əməkdaşlarını, sonra da özünü doğrayacağı ilə hədələyib.
Polislər bıçağı onun əlindən alanda Bəhman Ağdaş rayon polis şöbəsinin əməliyyat müvəkkili İbrahim Məmmədova və polis nəfəri Samir Zamanpura xəsarətlər yetirib. Üstəlk də Samir Zamanpurun poqonlarını qoparıb.
…Bəhmən Əhmədov CM 315.2-ci (hakimiyyət orqanı nümayəndəsinə müqavimət) maddəsi ilə təqsirli bilinib və Ağdaş rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən təqsirləndirilən şəxs narazı qalıb və apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayətinə Şəki Apelyasiya Məhkəməsində baxılıb.
Hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib və Ağdaş rayon məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən Bəhman Əhmədovun barəsində olan CM 315.2-ci (hakimiyyət orqanı nümayəndəsinə müqavimət) maddəsindən həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Məhkəmə Bəhmən Əhmədovun barəsində 7 ay 23 gün azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun hirsi məüz bu müddət ərzində tamamilə soyuya bilər