501 qızılgül çələngi və… 154 mənzil
Kömək əli uzada bilmədiyin yaxın dost-tanışın, uzaqdan-uzağa ruhi bağlılıq duyduğun insanların faciəsindən xəbər tutanda keçirdiyin səbəbsiz günah hissi.
Son vaxtlar tez-tez olur. Ona görə yox ki, mənsub olduğum nəslin yarpaq tökümü vaxtı yetişib. Hələ tezdir. Amma yola salırlar, sıradan çıxarırlar.
Bir həftə əvvəl Moskvadan tələbə dostlarım zəng etmişdilər. Telefonun dəstəyini bir-birlərinə ötürürdülər. Bəzilərinin 1983-cü ildən, universiteti qurtaran gündən heç səsini də eşitməmişdim. Hər şey gözəl idi. Bircə onların Mişanın Mərkəzi Jurnalist Evində düzənlənmiş təntənəli dəfn mərasimindən zəng eləmələri həmişə həsrətində olduğum bu ünsiyyətə ürəkdən sevinməyə qoymurdu.
Mixail Beketovla bir kursda oxumuşduq, dost idik, 3 il yataqxanada bir otaqda yaşamışdıq. Cəsarətli, ədalətli və çox çılğın idi. İti qələmi vardı. Aramızda ən böyük romantik də, yəqin, o olardı: şeir yazırdı, gitarada çalırdı, mahnı oxuyurdu.
Universitet illərindən sonra bir müddət əlaqə saxladıq. Hərdən məktublaşır, zəngləşirdik, hal-əhval tuturduq, hətta bir dəfə görüşdük də. Amma zaman keçdikcə yavaş-yavaş ara kəsildi.
Mixail Beketovun adını mən bir də təxminən 25 il sonra eşitdim. Rusiya jurnalistikasının cəsarət, ədalət və mərdlik simvolu kimi.
Beketovu 2008-ci il noyabr ayının 13-də yaşadığı evin həyətində huşsuz vəziyyətdə tapmışdılar. Başı əzilmişdi, xırçımlanmış sümüklər beyninə batmışdı. Ayaqları sındırılmışdı. Barmaqlarına küt alətlə o qədər döyəcləmişdilər ki, torpağa qarışmışdı. Jurnalistin barmaqlarını bu kökə salmaq — öz-özlüyündə məsələnin nə yerdə olduğundan xəbər verir.
Mişa 2007-ci ildən Moskva yaxınlığındakı Ximki şəhərində «Ximkinskaya pravda» qəzetinin redaktoru idi. Şəhər administrasiyasının yeni tikinti sahələri əldə etmək üçün diriləri evlərindən, ölüləri qəbirlərindən çıxartdığından yazırdı. Onun Böyük Vətən müharibəsində həlak olanların məzarlarının acgöz məmurlar tərəfindən dağıdılması, unikal Ximki meşələrinin məhv edilməsi barədə yazıları Rusiyaya səs salmışdı. Beketov bir neçə dəfə «naməlum şəxslər»dən xəbərdarlıq almışdı: maşınını partlatmışdılar, evinin qapısını yandırmışdılar, özünə qarşı cinayət işi qaldırmışdılar. O isə gənclik cəsarəti və çılğınlığı ilə yazmaqda davam edirdi…
İl yarımlıq xəstəxana həyatından sonra 2010-cu ilin iyununda Mixail evinə qayıtdı. Artıq o nə yeriyə, nə danışa, nə də yaza bilirdi. Təsəllisi bir onda idi ki, sağlamlığı bahasına da olsa, həyatda nəyisə dəyişməyə müvəffəq olmuşdu, dirilərə də, ölülərə də, ağaclara da köməyi dəymişdi. Və insanların məhəbbətini, dövlətin minnətdarlığını qazanmışdı. Mişa evə qayıdandan sonra tanımadığı adamlar ona 501 qızılgül gətirmişdilər: xəstəxanada keçirdiyi günlərin sayı qədər. Hər gülün üstündə isə ona pərəstiş edənlərin adları həkk olunmuşdu. Beketovun adına Fond yaradıldı, ev şəraitində müalicəsi, mənzilinin mühafizəsi təşkil olundu. 2011-ci ilin oktyabrında o, çap mediası sahəsində dövlət mükafatına layiq görüldü. Rusiya hökumətinin rəhbəri Putin bu mükafatı şəxsən təqdim etdi və jurnalistə öz ehtiramını bildirdi. Ölümündən sonra Mixail Beketovun adının əbədiləşdirilməsi üçün oxuduğu universitet, hökumət orqanları, jurnalist təşkilatları təkliflər hazırlayırlar.
Əlbəttə, bütün bunlarla itkinin ağrısını azaltmaq olmaz. 2010-cu ilin dekabrında mən də Mişanı görmək istəmişdim. Moskvada tələbə yoldaşlarımla görüşüb onun yanına aparmalarını xahiş etmişdim. Məsləhət bilməmişdilər. Daha doğrusu, həkimlər icazə vermir, demişdilər: köhnə dostları görəndə yerindən qalxa və danışa bilmədiyi üçün həyəcanlanırdı, utanırdı, əsəbiləşirdi, halı pisləşirdi.
Niyə danışdım bunları sizə? Yəqin, istədim ki, vicdanlı jurnalistikanın nə qədər təhlükəli, amma nə qədər şərəfli və cəmiyyət üçün gərəkli olduğunu bir də yada salım. Onu da yada salım ki, bizim də peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş, sağlamlığını itirmiş, şikəst edilmiş jurnalistlərimiz var.
* * *
2013-cü ilin sentyabrında, seçkilər ərəfəsində, Bakıda prezidentin ayırdığı vəsait hesabına tikilən 154 mənzilli jurnalistlər evinin istifadəyə veriləcəyi bildirilir. Mənzil almaq istəyənlərin fərdi qaydada müraciət etməli olduqları deyilir.
Ancaq aramızda olmayan, ailəsinə problemlərdən başqa bir şey qoymayıb gedən həmkarlarımız fərdi qaydada müraciət edə bilməyəcəklər.
Evlər paylanarkən ilk növbədə peşə fəaliyyəti ilə əlaqədar həlak olmuş jurnalistlərin ailələrinin, ağır xəsarət almış həmkarlarımızın ehtiyaclarını nəzərə almaq yaxşı olmazmı?
Mən bir neçə dəfə bu təklifi səsləndirmişəm, deyəsən, diqqəti cəlb etməyib.
Ancaq bu da bizim həmkarlarımızın xatirəsinə, yaxud vicdanlı əməyinə ehtiramımızın bir nişanəsi olardı. 501 qızılgül çələnginə dəyərdi.
[email protected]
Aynanın yeni köşə rubrikasından.