40 milyon mənzil bazarında tələbatı artırmayacaq
Bəli, güzəştli ipoteka bir ailə üçün 50 min manata qaldırıldı. Prezidentin son fərmanı ilə həm də hərbçilərin əksəriyyəti güzəştli ipoteka kreditindən istifadə hüququna malik oldular. Yəni, adi hərbçilər belə güzəştli ipoteka kreditinə müraciət hüququ aldılar.
Ekspertlərin fikrincə, gələcəkdə güzəştli kateqoriyaya daxil olan əhali təbəqəsini artırmaq lazımdır. Məsələn, buraya Qarabağ əlillərini də əlavə etmək olar. Bundan öncə güzəştli ipotekanın həcmi 35 min manat idi. Güzəştli ipotekanın həcminin bir ailə üçün 50 min manata çatdırılması mənzili almaq imkanlarını artırır. Güzəştli ipoteka kreditinin verilməsindən 6 il keçir, yəni 6 il əvvəl 35 min manata mənzil almaq mümkün idisə, indi bu qiymətə mənzil tapmaq çətinləşib.
Kiçik bir hesablama aparsaq, bu il güzəştli ipoteka kreditindən istifadə edərək mənzil problemini həll edən vətəndaşların sayı təxminən minə yaxın olacaq. Təbii ki, bu, mənzil probleminin həll edilməsi baxımından sosial təminata ehtiyacı olan vətəndaşların mənzil probleminin həlli baxımından əhəmiyyətlidir.
Ötən ilki dövlət büdcəsində vətəndaşlara güzəştli ipoteka kreditləri verilməsi üçün ümumilikdə 20 milyon manat nəzərdə tutulmuşdursa, bu il sözügedən vəsaitin məbləği 40 milyon manat olacaq.
İqtisadçılar bildirirlər ki, güzəştli ipoteka kreditinin artırılması mənzil bazarında qiymətlərin qalxmasına səbəb olmayacaq. Çünki 2013-cü ildə güzəştli ipoteka kreditləri üçün ayrılan 40 milyon manat mənzil bazarında tələbatın kəskin olaraq artmasına imkan vermir. Eyni zamanda, nəzərə alaq ki, 50 min manat məbləğ ev almaq üçün uyğun olsa da, bu, Bakının birinci, ikinci zonalarında deyil, üçüncü, dördüncü zonalarında mənzil alınmasına imkan verir. Buna görə də üçüncü, dördüncü zonalarda ciddi olmayan qiymət artımı müşahidə edilə bilər.
«Əmlak Bazarı İştirakçılar» İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da hesab edir ki, sosial ipotekaların həcminin artırılması daşınmaz əmlak bazarında ciddi dəyişikliyə səbəb olmayacaq:
«Hesablama aparmışıq ki, daşınmaz əmlak bazarında əhəmiyyətli dəyişiklik olması üçün ipoteka kreditlərinin həcmi bütövlükdə 200 milyon manatdan çox olmalıdır. Eyni zamanda, mənzillərlə yanaşı, digər daşınmaz əmlak, qeyri-yaşayış sahələri, yəni torpaq sahələri də sosial ipotekaya daxil olmalıdır. Düşünürəm ki, mənzil bazarındakı qiymət artımını ipoteka kreditlərinin verilməsi ilə bağlamaq düzgün deyil. Amma növbəti aylarda güzəştli ipoteka kreditlərinin verilməsi təkrar mənzil bazarında aktivlik yaradacaq, amma bu, nəzərəçarpacaq dərəcədə olmayacaq».