Nabucco West: 4 prezidentdən İlham Əliyevə kollektiv məktub gəlib
Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan Azərbaycanı Nabucco West layihəsini dəstəkləməyə çağırıblar.Bu ölkələrin prezidentləri İlham Əliyevə birgə imzalanmış məktub göndəriblər. Bu barədə jurnalistlərə ötən həftə Slovakiyada Mərkəzi Avropa Sammitinin yekunlarına həsr olunmuş brifinqdə Avstriyanın prezidenti Haynts Fişer deyib.
Onun sözlərinə görə, Macarıstan, Avstriya, Rumıniya və Bolqarıstan prezidentləri adından Azərbaycan prezidenti İlham Əliyevə Nabucco West layihəsini dəstəkləməyə çağıran məktub göndərilib.
Şahdəniz konsorsiumu Azərbaycan qazını Avropaya çıxaracaq kəmər layihəsi ilə bağlı qərar qəbul etməlidir. Azərbaycan isə Nabucco West və TAP layihələri arasında seçim edəcək.
Haynts Fişer Nabucco West layihəsinə üstünlük verdiyini bəyan edib: “Çünki bu layihə böyük miqdarda enerji resursları nəql etməyə, təbii qazla təminat məsələsində Rusiyadan tam asılı olan Mərkəzi və Şərqi Avropaya qaz nəqlini şaxələndirməyə imkan verir. Biz şaxələndirməyə inanırıq. Bu sahədə inhisar və inhisarçı vəziyyət olmamalıdır”.
O qeyd edib ki, Nabucco West layihəsi ilə bağlı məktuba Türkiyə də dəstək verib.