32 il yatan: «Azadlıq məni sıxır. Məni tez zona göndərin”
Xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Fəxrəddin Şirinovun cinayət işi üzrə məhkəmə başlayıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ittihama görə, aprelin 25-də metronun “Nərimanov” stansiyası yaxınlığında 56 yaşlı Vəli Əmiraslanov Fəxrəddin Şirinov tərəfindən bıçaqlanıb. Əsasən baş və boyun nahiyəsindən bıçaq yaraları alan Vəli Əmiraslanov ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Aprelin 25-də içki məclisində 57 yaşlı Fəxrəddin Şirinov tərəfindən “şah damar”ı kəsilən 56 yaşlı Vəli Əmiraslanov hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib.
İstintaq müəyyən edib ki, Fəxrəddin Şirinovla Vəli Əmiraslanov birlikdə məhkumluq həyatı yaşayıblar. Azadlığa buraxılandan sonra günü 1 manata olan evlərdə yaşayıblar. Onlar hadisədən 3 gün əvvəl Ə.Əlizadə küçəsində gündəlik kirayə verilən evin zirzəmisinə köçüblər.
Hadisə günü özləri üçün içki məclisi təşkil ediblər. Bu məclis onların birgə yaşayışının sonu olub. Sərxoş olan dostlar köhnə məhkumluq həyatlarından danışmağa başlayıblar. Sonra onların sözləri çəp gəlib. Vəlinin mübahisə zamanı Fəxrəddinə “sən içəridə yaxşı oğlan olmamısan” deməsi cinayətin əsasını qoyub. Ömrünün 32 ilini məhkumluqda keçirən Fəxrəddin cib bıçağını çıxararaq onun boğazına çəkib. Bıçaq Vəlinin şah damarını yaralayıb.
Fəxrəddin Şirinov ifadəsində deyib ki, Vəlinin onun həbsxana həyatı ilə bağlı pis danışığından özündən çıxıb: “Mənə deyir ki, həbsxanada yaxşı oğlan olmamışam. Mən də bıçağı çıxarıb boğazını çərtdim”.
Ömrünün yarıdan çoxunu məhkumluqda keçirən Fəxrəddin həbsxana üçün darıxdığını da dilə gətirib: “Azadlıq məni sıxır. Məni tez zona göndərin”.
Onu da əlavə edək ki, Fəxrəddin Şirinov məhkumluq həyatı yaşayan zaman həbsxanada da qətl törədib. Hazırda bu cinayət işi üzrə məhkəmə araşdırması davam edir.