Muəllif:

26 sentyabr teledebatında tanış «üslub» hakim olub

Sentyabrın 26-da İctimai TV-nin efirində prezidentliyə namizədlərin teledebatında tanış «üslub» davam edib. Cəmil Həsənli və digər müxalifət liderləri yenə də hücumlara məruz qalıblar. Öz növbəsində Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənli yenə də korrupsiya ittihamları ilə çıxış edib.
Turan-ın şərhində deyilir ki, C.Həsənlinin opponentləri bu dəfə bir qədər başqa taktika seçiblər. Öncə onlar digər müxalifət liderləri İsa Qəmbərlə Əli Kərimliyə kəskin hücumlar ediblər, C.Həsənlini bu siyasətçilər tərəfindən aldadılan “qurban” kimi təqdim etməyə çalışıblar.
Belə ki, Zahid Oruc bildirib ki, C.Həsənlinin DQMŞ üzrə ətrafı onun arxasında gizlənir, debatlara gəlmir və seçkilərdən sonra onu meydanda tək qoyacaqlar. Əbülfəz Elçibəylə də belə etmişdilər.
Buna cavab olaraq C.Həsənli bildirib ki, şəxsən onun prezidentliyə namizədliyi irəli sürülüb və digər siyasətçiləri ittiham etmək lazım deyil. Öz növbəsində C.Həsənli öz tənqidçilərini İlham Əliyevin etibarlı nümayəndələri kimi çıxış etməməyə çağırıb.
Bundan sonra C.Həsənli özü hücum obyektinə çevrilib.
Belə ki, Z.Oruc parlamentdə və digər hökumət tədbirlərində onun Heydər və İlham Əliyevi alqışlamaqda ittiham edib.
Q.Həsənquliyev isə xatırladıb ki, vaxtilə C.Həsənli deputat mandatına görə partiyanın qərarının əleyhinə çıxdığı üçün AXCP sıralarından xaric edilib.
Bunun cavabında C.Həsənli deyib ki, Z.Orucun deputat olmağa mənəvi haqqı yoxdur, çünki Avropa İnsan Hüquqları Məhkəməsi onun dairəsində seçkilərin nəticələrinin qanunsuz olduğunu tanıyıb və digər namizəd, AXCP üzvü Nemət Əliyevin şikayətini təmin edib.
Sonra C.Həsənli İlham Əliyevin səlahiyyətli nümayəndəsi, hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədova müraciət edərək hakim elitanın ölkədən çıxardığı 48 mlrd. dolların hesabatını tələb edib.
Bundan əlavə, C.Həsənli xatırladıb ki, “Gülərgeyt” qalmaqalının (mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev 2012-ci il sentyabrın 26-da o zamankı deputat Gülər Əhmədova ilə söhbətini İnternetdə yerləşdirib. Söhbət zamanı G.Əhmədova E.Abdullayevə 2005-ci il parlament seçkilərində deputat seçiləcəyini vəd edib və prezidentin siyahısına düşəcəyinə zəmanət verib) bir ili tamam olub.
C.Həsənli xatırladıb ki, bu söhbətdə rüşvət təklif edən və rüşvət alan Yeni Azərbaycan Partiyasının üzvləri olub.
Hakimiyyətin qəsb edilməsinin ən ağır dövlət cinayəti olduğunu bildirən C.Həsənli buna görə Yeni Azərbaycan Partiyasının və onun liderinin məsuliyyət daşıdığını bildirib.
O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri “deputat mandatını ya hədiyyə edir, ya da satır”.
Buna cavab olaraq Ə.Əhmədov bildirib ki, “Cəmil Həsənlinin öz böhtan dolu bəyanatlarına görə hüquq-mühafizə orqanlarının qarşısında cavab verəcəyi vaxta çox az qalıb”.
Ə.Əhmədov ölkədən 48 mlrd. dolların çıxarıldığını təkzib edərək deyib ki, “Azərbaycanda ümumiyyətlə bu pul yoxdur” və bütün bunlar antiazərbaycan əhval-ruhiyyəli xarici KİV-in uydurmasıdır. “Gülərgeyt”ə gəlincə, Gülər Əhmədova məsuliyyətə cəlb olunub və tezliklə məhkəmə qarşısında dayanacaq.
Sonra C.Həsənli Azərbaycanda müxtəlif sahələrdə inhisara toxunub. Onun sözlərinə görə, əslində Azərbaycanda bir inhisarçı var – ölkəni öz holdinqi kimi idarə edən İlham Əliyev.
C.Həsənli hesab edir ki, ölkə əhalisi ağır sosial durumdadır. Onun sözlərinə görə, ildə büdcədən müəyyən kateqoriyadan olan xəstələrin dərmanla pulsuz təminatı üçün 140 mlr. manat ayrılsa da onların əksəriyyəti bunu ala bilmir.
Teledebatlarda son çıxışında vaxtına qənaət edən Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev studiyanı tərk edən C.Həsənlini növbəti dəfə “erməninin qaynatası”, “satqın” adlandırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 265