21 dekabr — Çillə Gecəsi
Yüzillər boyu Türk tarix yaradıb, gündoğandan günbatana, günbatandan gündoğana — Böyük Çölə bir çox imperatorluqların, dövlətlərin adını yazdırıb. Bütün bunların sələfləri olan bugünkü türk dövlərləri, muxtar respublikalar, azsaylı türk topluluqları türkün möhtəşəm tarixinin olduğunu, Avrasiyaya sahibliyini bir daha sübut edir.
Təsərrüfat sahələrinin yaratdığı mübahisə və müharibələr, ətrafdakı xalqlarla, dövlətlərlə münasibətlərin öz dövlətinin mənafeyinə uyğun qurmaq, yeri gələndə savaşan tərəflərə müəyyən şərtlər müqabilində dəstək vermək, bəzən böyük əraziləri ələ keçirtməklə yanaşı, onları əldə saxlamaq kimi çətin vəzifənin öhdəsindən gələ bilmək bacarığı, dövrün böyük dövlətlərilə bərabərhüquqlu siyasət yürütmə qabiliyyəti də türklərin zəngin və keşməkeşli tarixinin bir parçasıdır. Elə bunun nəticəsi idi ki, dağılan hər türk dövlərtinin yerində yeni, daha güclü dövlət yaranırdı…
Türk tək güclü dövlətlər qurmayıb, eyni zamanda həm heyvandarlıqla, həm də əkinçiliklə bağlı zəngin mədəniyyət yaradıb. Onun at oynatdığı, qılınc çaldığı, sürülərinin keçdiyi, kotanlarının işlədiyi Böyük Çölün bir çox xalqları bu günə qədər də həmin mədəniyyətin izlərini yaşadırlar…
Daim təbiətin «şıltaqlıqlarından» asılı olan türklər onun oyanmasını, canlanmasını xüsusi həyəcanla izləyiblər. Müşahidəçi babalarımız səma cismlərinin yerdəyişməsini, gecə ilə gündüzün vaxtının uzanıb qısalmasını, təbiətdə baş verən digər dəyişiklikləri illərlə, əsrlərlə sınaqdan çıxararaq inamlar, mərasimlər, ayinlər şəklində günümüzə miras qoyublar. Təbii ki, babalarımız sadəcə seyrci olmayıb, bacardıqları qədər bu, ya da digər təbiət hadisəsinə öz münasibətlərini bildirib, bir çox hallarda onlara təsir göstərməyə çalışıblar. Bu təsir kəsilən qurbanlar, verilən paylar, hay-küy, tamaşalar… şəklində olub, yəni hər şeyin hami ruhu, yiyəsi olduğunu düşünən ulularımız yeri gələndə xarakterlərinə, çəkilərinə görə bu yiyələrin könlünü xoş etməyi, yeri gələndə hədə-qorxu gəlməyi, yeri gələndə kədərlənməyi, yeri gələndə kinayəylə, istehzayla yanaşmağı da bacarıblar… Bu gün astronomiya elminin, onunla bağlı texniki vasitələrin inkişaf etdiyi bir vaxtda xalqın dilində söylənilən kosmoqonik miflərin, rəvayətlərin, sınamaların, inamların nə qədər əsaslı olduğu bir daha ortaya çıxır…
İlin ən uzun, ən qaranlıq gecəsi, yəni dekabrın 21-dən 22-ə keçən gecə dünya xalqlarının əksəriyyəti tərəfindən ayrı-ayrı adlar altında qeyd olunur. Niderlandda bu gün Müqəddəs Tomas günü, Çində Dunçcitsze bayramı, Azərbaycanda Böyük Çillənin gəlişi (Çillə gecəsi), İran türkləri arasında Çillə gecəsi, farslarda Şəb-i Yelda — Yelda gecəsi, slavyan mifolojisində isə Karaçun kimi qeyd olunur…
Vaxtilə Osmanlıda Yelda gecəsi, yəni ilin ən uzun, ən qapranlıq gecəsi ilə bağlı bir beyt dillər əzbəri idi:
Şeb-i yeldayı müneccim ile muvakkit ne bilir
Müptela-yı gama sor kim geceler kaç saat.
Məşhur Türküstan şairi İshakxan İbrət (1862-1937) yazırdı:
Ahim tü tümle çozgarim.
Yelda tünidey qara bolubdur.
(Ahımın tüstüsündən həyatım
Yelda gecəsitək qara olubdur).
Oğlaq bürcündə Günəş 0 dərəcəlik açılır. 0 dərəcə həyat enerjisinin başlanğıcı olaraq qəbul edilir. Əski xalq inancında 21 dekabra «ayna günü» də deyilir. Dekabrın 21-dən 22-ə keçən gecə Günəşin yenidən doğulmasına inanırlar. Bu gecə Günəş öləcək, sabah isə yenidən doğulacaq. Xürrəmilər də Yelda gecəsini Xorrəm-Ruz (Mübarək Gün) kimi qeyd edirdilər…
Klassik ədəbiyyatda özünə dərin kök salan «şəb-i yelda», «yelda gecəsi» ilə gözəlin qaşlarının, gözlərinin, saçlarının, onsuz keçən günlərin qaranlığı müqayisə olunur.
XV yüzil Osmanlı şairlərindən olan Əhməd Paşa sevgilisinin saçlarını şəb-i yeldaya, yanaqlarını al-qırmızı Novruza bənzədir, uzun qış gecələrindən sonra gələn al-qırmızı Novruzla qara saçlar arasında paralellər aparır:
Ey müneccim ruh u zülfin göricek dilberümün
İyd-I nevruza bulaşmış şeb-i yelda göresin.
«Çillə» (qırx) sözünün türk xalqları arasında əsas mənası «ağırlıq», «çətinlik», «ağır sınaq»dır.
Bir çox xalqlarda, o cümlədən də özbəklərdə həm yay, həm də qış çilləsi var. Belə ki, 22 iyundan üç gün sonra, yəni iyunun 25-dən avqustun əvvəlinə qədər 40-41 günlük dəhşətli istilər «Yay Çilləsi», ya da «Suroton», 22 dekabrdan üç gün sonra, yəni 25 dekabrdan başlayaraq fevralın 5-ə qədər davam edən soyuqlar isə «Qış Çilləsi» adlandırılır. Qaraçay-malkarlıla çilləyə həm «ipək», həm də «soyuq» anlamı verirlər. Onlarda da çillə həm yayda («Çay Çillə»), həm də qışda («Kış Çillə») olur. Deyirlər ki, “kış Çillə üç ayın başını görür”. Bunlar yanvar, fevral və mart aylarıdır. Qış çilləsi girəndən 20 gün sonra “kış yaşlandı” deyirlər. Çillədən sonra gələn üç günün adına “Sarı Tamız”, onun arxasınca gələn üç günə isə “adsız günlər”, onların arxasınca gələn doqquz günə “Baldıracüz” deyirlər. Xalq arasında söyləyirlər ki, bu günlərdə Baldıracüz Çilləyə deyir: “Mən sənin qədər uzun olsam, beş yaşındakı öküzün buynuzlarını qoparıb alardım. Amma çəmənin qoxusu burnuma gəlir, gücüm məni tərk edir”. Burada “Çillə” Azərbaycan folklorundakı Böyük Çillə, “Baldıracüz” isə Kiçik Çillədir…
Türkmənlərdə Ulu Çillə (Böyük Çillə) dekabrın 22-dən yanvarın 30-a qədər davam edir. Kiçi Çillə (Kiçik Çillə) 22 gün, yəni 22 fevrala qədər uzanır. 22 fevral qışın son günü hesab olunur.
Anadoluda qış fəsli 90 gün olaraq iki yerə bölünür: İlk Kara Kış (Ərbain) dekabrın 21-də başlayıb yanvarın sonunda bitir və 40 gün çəkir. Son Kara Kış (Hamsin) fevralın 1-də başlayaraq martın 21-də başa çatır.
Adətən, zəif adam haqqında deyirlər: «elə bil çilləyə düşüb», «elə bil çillədən çıxıb», «elə bil çillə çıxardıb».
Türkmənlər çillə kəsmək ayininə «kırk çillədən çıkarmak», uşağın qırx saçına isə «çillə saç», ya da «qalpak» deyirlər. Eyni inamın izlərinə qaqauz, kırımtatar… kimi türk boylarında da rast gəlirik.
22 dekabr gününün xalqın həyatında iki önəmli yeri var. Bu, həm qışın ilk günü (Çillə gecəsinin keçirilməsi məhz bu günlə bağlıdır), həm də Günün doğması, günlərin uzanmasının başlanğıc günüdür. Bu münasibətlə də Gündoğan bayramı keçirilir… Əslində elə yeni il Gündoğanla, Günəşin doğuşu ilə başlayır. Çünki Günəş həyat deməkdir… Onun əsl doğuşu isə məhz 22 dekabrda, işıqlı günlərin qaranlıq gecələrə qalib gələrək yavaş-yavaş uzandığı anda baş verir. 22 martda isə sadəcə gündüz gecə ilə bərabərləşir, ertəsi gündən onu ötməyə başlayır.
Böyük Çillənin girişi ilə xalqların bir çoxu Gündoğan bayramına hazırlaşır…
Narduqanı, Nardoğanı, Gündoğanı bəzən İdel-Uralın yeni ili də adlandırırlar. İslamaqədərki bayramlar arasında özünün özəl yeri olan Narduqan bölgənin bir çox xalqlarında qeyd olunur.
Tədqiqatçılara görə, Narduqan monqol dilindəki «nar» (Günəş), türk dilindəki «tuqan» (doğulan, doğan) sözlərindən əmələ gəlib. Tatarca bu bayrama «Koyaş Tua», yəni «Günəş Doğan» gün deyirlər, tatarların bəzi qrupları, başkortlar, udmurdlar «Narduqan», «Marduqan», mişar tatarları «Raştua», çuvaşlar «Nartavan», ya da «Nartuken», erzyalar «Nardava», mokşalar «Nardvan» deyirlər. Təbii şəraitdən asılı olaraq Nardoğan bayramının keçirilməsində az da olsa, zaman fərqinə rast gəlirik…
Hər bir bayramın keçirilməsində olduğu kimi, Narduqan bayramı da mahnılarla, tamaşalarla, falabaxmalarla, idman yarışları ilə zəngindir… Axşam düşən kimi gənc oğlanlar, qızlar dəyişik paltarlar geyinərək özlərini tanınmaz hala salıb qapı-qapı gəzir, səhnələşdirilmiş tamaşalar göstərirlər. Adətən, gənc oğlanlar qoca qarı, qızlar isə qoca kişi paltarı geyinib hər kəsi Nardoğana dəvət edə-edə məhəllə-məhəllə gəzir, tamaşa göstərir, mahnı oxuyur, əvəzində isə müxtəlif bayram şirniyyatları, hədiyyələr alırlar. Adətən, xoşbəxtlik, taxılın, çovdarın bol, inəklərin, qoyunların südlü, buzovların, quzuların çox olması ilə bağlı alqışlar oxunur.
Öncədən nəzərdə tutulmuş həyətə toplaşanlar qarı paltarı geyinmiş oğlanın cəhrə arxasına keçərək yun əyirməklə məşğul olduğunu görürlər. Qoca kişi paltarı geyinmiş qız əlindəki süpürgəni havada yellədə-yellədə «qarıya» deyinir, hədə-qorxu gəlir. Birdən o, öncədən hazır duranlardan birinin əlindəki su dolu şüşəni qaparaq ətrafa toplaşanların ətəklərini su ilə isladır. Şən zarafatlarla müşaiyət olunan bu tamaşa rəqslə, musiqi ilə başa çatır. Adətən, qarı paltarı geyinən oğlanlar ətrafa toplaşan al-əlvan bayram libaslı gənc qızlara göz qoyur, onları rəqsə dəvət edirlər. Qılıqlarını dəyişmiş qızlar da qoca kişi paltarında xoşlarına gələn oğlanın həyətinə girməyə çəkinmirlər. Başqa vaxt onlar təbii ki, bu addımı atmazlar. Bayram günləri görüşənlər bir-birinə alqış deyirlər:
«Narduqanım nar bulsın,
«Gündoğanım gün olsun,
Eçe tulı nur bulsın!»
İçi dolu nur olsun!»
Evlərdə bu günlərdə şirnili, şəkərli un məmulatları hazırlanır. On iki gün davam edən Narduqan bayramında fala baxmaq adət halını almışdır. Ümumiyyətlə, hər yeni il insanda gələcəyə ümid, maraq, bəzən də onu dəyişmək həvəsi, istəyi yaradır. Falabaxmalardan biri «Yezek salu» («üzük salmaq») adlanır. Gənc qızlar gecə onlardan birinin bulaqdan arxasına baxmadan gətirərək ortaya qoyduğu su dolu qabın başına toplaşır, suya üzük, bəzən də düymə atır, sonra da fal xarakterli bəndlər oxuyurlar. Ən gənc qızınsudançıxartdığı əşya kimə məxsusdursa, mahnının sözləri də ona aid olur. Təbii ki, bütün bunlar bizə ilin, ayın Axır çərşənbəsindəki, İl başındakı falabaxmalarımızı xatırladılar…
Qədimdə Günəşin zəfərini bütün işlərində təbiətlə hesablaşan türklər ağ küknar ağacının altında qarşılayır, onun budaqlarından müxtəlif yeyəcəklər asır, al-əlvan iplər bağlayaraq dilək diləyirdilər.
Qeyd etmək lazımdır ki, doğrudan da eyni mahiyyət daşıyan, uzun zaman bir-birinin mədəniyyətinin təsiri altında qalmış qonşu xalqların həyatında önəmli rola malik olan bayramları ayırmaq çətindir. Buna səbəb də onlardakı adətlərin, ayinlərin bir-birinə çox bənzəməsidir. Məsələn, qədim Azərbaycanda və İranda insanlar bir yerə toplaşıb çilləni qarşılayır, çillə qarpızı kəsib yeyir, çalır, oxuyur, sabahacan yatmır, «dan atırlar». Bu da fərqli adlar altında keçirilən mərasimin mahiyyətinin, məqsədinin eyni olduğundan irəli gəlir. Günümüzdə əksər türk xalqlarının həyatında hələ də yaşayan «Nardoğan», yəni «Gündoğan» bayramı da eyni məqsədlə, məramla keçirilir, həmin gecə hamı Günəşlə birgə olduğunu, onun tərəfini tutduğunu bildirmək məqsədilə müxtəlif ayinlər icra edir, əyləncələr keçirir. Ertəsi gün isə hər kəs Günəşin qələbəsini bayram edir.
Eyni iqlim kəsiyində yaşayan insanlar da Günəşdə baş verən dəyişiklikləri görür, uzun qaranlıq gecələrin onların təsərrüfat həyatlarını dondurduğunu dərk edir, bundan keçirdikləri narahatlıq hissi 21 dekabrdan 22 dekabra keçən gecə daha da artır. Nəhayət, ertəsi gün Günəş bu mübarizədən qalib çıxır. Hər kəs Gündoğan bayramını qeyd edir, bir-birini görərkən «Üzünə Gün doğsun!», «Günün ağ olsun!», «Ağ Günə çıxasan!»… deyə alqış söyləyirlər. Cavab olaraq da «Səninlə belə», «Səninlə birgə» deyirlər. Beləcə, insanlar bu bayram sevincini tam 10-12 gün yaşayırlar… Gündoğan bayramı 31 dekabrda keçirdiyimiz Yeni ili də içinə alır…
Bizcə, Gündoğan bayramımızı bərpa eləməyin vaxtıdır! Beləcə, Yeni İl bayramına kimlərəsə xas bayram kimi baxanların şübhələrinin dağıdılmasına, türk xalqları ilə də bağlı olduğunu aşılamağa şərait yaratmış olarıq… Əslində elə Günəşin yenidən doğulması yeni ilin başlanğıcıdır. Hamınıza yeni ildə xeyir, bərəkət, uğur, ən əsası isə can sağlığı arzulayırıq… Can sağlığı olan yerdə hər kəs bu cəmiyyətdə layiq olduğu yeri tutacaq!..