2050-ci ildə əhali sayımız 11 milyona çatacaq
Azərbaycanlılar artan millət gerçəkliyini qoruyub saxlayacaq. Bizi azalma təhlükəsi təhdid etmir. 2050-ci ildə ölkəmizin əhali sayı 11 milyona çatacaq. BMT-nin planetar demoqrafik tendensiyalara həsr olunmuş son hesabatında göstərilir ki, bu müddət ərzində Ukrayna əhalisi 45,5 milyondan 33 milyona, Gürcüstanın əhalisi 4,5 milyondan 3,5 milyona, Ermənistanın əhalisi isə 3,2 milyondan 3 milyon nəfərə düşəcək. Qeyd edək ki, Ermənistan üzrə 3,2 milyon rəqəmi gercəyi əks etdirmir. Erməni qaynaqlar bu fikirdədir ki, real olaraq ölkədə 1,7 — 2,0 milyon əhali mövcuddur.
İndi 9,4 milyon əhalisi olan Belarusda 2050-ci ildə 7,5 milyon insan yaşayacaq. 2 milyonluq Latviyada 300 minlik azalma gözlənilir. Litva, Estoniya və Moldovada da əhali azalacaq.
Qardaş Özbəkistanda indi 29 milyon əhali yaşayır, qarşıdakı 37 ildə isə 5 milyonluq artım proqnozlaşdırılır. Tacikistan (8 milyon) əhalisi də 2 milyon nəfər artacaq. 2050-ci ildə Qazaxıstan əhalisi (17 milyon) 21 milyon, Qırğızıstanın əhalisi (4,8 milyon) 7 milyon, Türkmənistanın əhalisi (5 milyon) 7 milyon nəfərə çatacaq.
Bu müddətdə Çinin əhalisi 100 milyon nəfər azalacaq.