2013-cü ildə hərbi strategiya necə olacaq?
2013-cü ilin birinci rübü geridə qaldı. Ümumi araşdırmalar göstərir ki, ötən 3 ay ərzində Azərbaycanın xarici hərbi siyasətində hər hansı ciddi hadisə baş verməyib. Ümumilikdə, son illərdə, xüsusilə də 2012-ci ildə baş verənlərə istinad edərək, eyni zamanda, Azərbaycanın xarici siyasi və iqtisadi strategiyasında baş verən bir sıra dəyişiklikləri nəzərə alaraq 2013-cü ildə ölkənin hədəfində duran prosesləri müəyyən dərəcədə qabarmaq mümkündür.
Xatırladaq ki, araşdırmalar göstərir ki, ötən il rəsmi Bakı NATO-nun ən azı 12 üzv ölkəsi ilə hərbi əməkdaşlıq siyasətini davam etdirib. Bunlar ABŞ, Türkiyə, Almaniya, Çexiya, Fransa, Böyük Britaniya, İtaliya, litva, Rumıniya, Bolqarıstan, Sloveniya və Polşadır. Eyni zamanda, ötən il Azərbaycanla Pakistan, İran, Xorvatiya, Kolumbiya, Qazaxistan, Çin, Malayziya, Özbəkistan, Koreya, İsrail, Avstriya, Ukrayna, Qətər, Bəhreyn və MDB çərçivəsində hərbi əməkdaşlıq prosesləri baş verib.
Ümumilikdə, son illərdə baş verən xarici hərbi əməkdaşlıq proseslərini aşağdakı qrupda ayırmaq olar:
— Birincisi, Azərbaycanın milli təhlükəsizlik və strateji maraqlarından irəli gələrək həyata keçirilən xarici hərbi siyasət;
— İkincisi, siyasi balans strategiyasından irəli gələn addımlar;
— Üçüncüsü, iqtisdadi və strateji mənfəət, gəlir əldə etmək səbəbindən ortaya çıxan maraqlar.
2013-cü ildə hansı ölkələrlə hərbi əməkdaşlıq güclənəcək? «SeDEP» QHT-lər Koalisiyasının ekspertləri hesab edirlər ki, bu il ərzində Azərbaycanın strateji münasibətlər qurduğu ölkələrlə hərbi əməkdaşlıq prosesləri davam etdiriləcək bir qədər də dərinləşdiriləcək. Bu qrupa aşağıdakı ölkələr daxildir:
Türkiyə. 2013-cü ildə Azərbaycanla Türkiyə arasında hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir neçə sənədin imzalanması, qarşısılıqlı səfərlərin dərinləşməsi gözlənilir. Əldə olunan araşdırmalar göstərir ki, bu hərbi əməkdaşlıq təkcə Müdafiə Nazirlikləri arasında deyil, eləcə də digər qoşun növləri arasında gerçəkləşdiriləcək. Xüsusilə də Türkiyə şirkətlərinin Azərbaycanın müdafiə sənayesi layihələrində iştirakının daha da artması gözlənlir.
Xatırladaq ki, cari ilin 19 fevralında müdafiə naziri Səfər Əbiyev Türkiyə Respublikasına səfər edib. Görüşlər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin daha da inkişaf etdirilməsi istiqamətində faydalı müzakirələr aparıldığı bildirilib və eyni zamanda, tərəflər niyyət bəyannaməsini imzalayıblar. Daha sonra Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Cümhuriyyətindəki müdafiə sənayesi təmayüllü bir neçə şirkətdə görüş keçirib.
Pakistan. Azərbaycanın strateji tərəfdaşlarından olan Pakistan İslam Respublikası ilə hərbi sahədə əməkdaşlığın dərinləşməsi 2013-cü il üçün də mümkün görünür. Müxtəlif hərbi mənbələrin məlumatına görə, cari il ərzində tərəflər arasında yüksək vəzifəli hərbi şəxslərin qarşılıqlı səfərləri gözlənilir.
Xatırladaq ki, bu ilin 30 yanvarında Azərbaycan MN Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşü keçirilib. Görüşə Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Tariq Qafur rəhbərlik edib.
Azərbaycan-Pakistan işçi qrupunun 4-cü görüşündə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın qarşılıqlı fayda verəcəyi vurğulanıb, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Görüşün gündəliyinə çıxarılan mövzular üzrə müzakirələrin yekununda «Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2013-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı» imzalanıb.
İsrail. 2013-cü ildə Azərbaycan — İsrail hərbi əməkdaşlığının daha da dərinləşməsi gözlənilir. Cari il ərzində Azərbaycan tərəfindən İsraildən müasir silah və hərbi texnikalar alışının davam etdiriləcəyinə dair məlumatlar var. Cari ildə istər Silahlı Qüvvələrin, istərsə də Dövlət Sərhəd Xidmətinin ehtiyacları üçün İsraildən müasir sistemlərin alınacağı bildirilir. Bu istiqamətdə əməkdaşlığın daha da səmərəli şəklə salınması üçün ilin ortalarında tərəfləri təmsil edən heyətin qarşılıqlı səfər edəcəyi gözlənilir.
ABŞ. Cari ildə Azərbaycan — ABŞ hərb münasibətlərində irəliləyişlər gözlənilir. Bir sıra məlumatlara görə, Birləşmiş Ştatlar Azərbaycana dəniz və sərhəd təhlükəsizliyi sahəsində təcrübi dəstəyini gücləndirəcək. Xüsusilə də enerji təhlükəsizliyi istiqamətində qarşılıqlı əməkdaşlığın üst səviyyəyə qalxması gözlənilir. Cari ilin birinci yarısında tərəflər arasında qeyd edilən istiqamətdə yüksək səviyyəli görüşlərin keçirilməsi mümkündür.
Xatırladaq ki, bu ilin 17 yanvarında ABŞ Müdafiə Katibinin siyasi məsələlər üzrə baş köməkçisinin müavini, xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev tərəfindən qəbul edilən xanım Hiks Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakından və terrorizmə qarşı mübarizədə birgə fəaliyyətindən məmnunluğunu qeyd edərək ABŞ-ın bundan sonra da bir sıra vacib məsələlərdə Azərbaycanla strateji əməkdaşlığı davam etdirmək niyyətində oldugunu vurğulayıb.
Bu günlərdə isə ABŞ-dan Azərbaycana yüksək rütbəli zabitlərin təmsil olunduğu hərbi heyətin səfər edəcəyinə dair məlumat yayılıb. APA-nın hərbi mənbələrə istinadən verdiyi məlumata görə, heyətdə ABŞ-ın Avropadakı Qüvvələrinin zabitləri təmsil olunacaqlar.
Səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əlaqələrin perspektivləri, o cümlədən ABŞ tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə göstəriləcək yardımlar, kadrların hazırlanması və s. məsələlər müzakirə olunacaq. Səfər müddətində Azərbaycan və ABŞ hərbçilərinin iştirakı ilə Bakıda konfrans keçiriləcək. ABŞ nümayəndə heyətində Silahlı Qüvvələrin müxtəlif növlərini təmsil edən zabitlər təmsil olunacaqlar.
NATO ilə əməkdaşlıq. Qeyd etdiyimiz kimi, 2012-ci ildə Azərbaycanla NATO arasında əməkdaşlıq üzrə tədbirlərin sayında artım hiss olunub. Cari il ərzində Azərbaycan — NATO hərbi münasibətlərində ciddi hadisələrin baş verməsi ehtimalı çox aşağıdır. Eyni zamanda, Azərbaycan tərəfindən NATO ilə razılaşdırılmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) 3-cü mərhələsindən irəli gələn islahatların sürətlə yerinə yetirilməsi gözlənilmir. Beləliklə, 2013-cü ildə Azərbaycan — NATO münasibətləri ənənəvi-sakit şəkildə davam edəcək. Nəzərdə olan hadisələrdən biri aprelin 8-12-də NATO ekspertlərinin Azərbaycanda səfərdə olması oldu. Səfərdə məqsəd Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi çərçivəsində həyata keçirdiyi işlərin NATO tərəfindən qiymətləndirilməsi idi. Nəticələr yəqin ki yaxın vaxtlarda bəlli olacaq.
Eyni zamanda, Azərbaycan tərəfi NATO ilə Əfqanıstanda sabitliyin yaradılması istiqamətində əməkdaşlığı gücləndirəcək. Azərbaycan həm Əfqanıstana maliyyə dəstəyini artıracaq, həm Əfqanıstan ordusunun hazırlığının gücləndirilməsinə praktik töhfə verəcək, həm də Əfqanıstandan daşımalar üçün öz tranzit dəstəyini elan edəcək. Qeyd edək ki, 2014-cü ilin sonuna qədər Əfqanıstandakı bütün xarici qoşunlar bu ölkəni tərk edib əraziyə nəzarəti yerli qüvvələrə verməlidirlər. Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev fevralın 20-də Əfqanıstanın İSAF əməliyyatlarına töhfə verən NATO və tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasına qatılıb.
Aprelin əvvəllərində Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə bildirdi ki, 2012ci ilin yanvar-avqust aylarında Əfqanıstandan Azərbaycan ərazisindən keçməklə 2200 yaralı daşınıb. Onun sözlərinə görə, yaralıların Azərbaycan ərazisindən daşınması tibbi evakuasiya müddətini iki saat azaltmağa imkan verir. Aslanov qeyd edib ki, NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə rolunu oynayan Azərbaycan hərbi alyansla aktiv əməkdaşlıq edir: «Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır. NATO Əfqanıstandan sülhməramlı kontingenti tam çıxardıqdan sonra da Azərbaycan Əfqanıstanın dövlət strukturlarının möhkəmləndirilməsi və yenidən qurulması prosesində aktiv iştirakını davam etdirəcək».
Dost ölkələrlə münasibətlər. Cari ildə Azərbaycanın strateji hərbi tərəfdaşları statusunda olmayan, lakin dost dövlətlər hesab olunan bir sıra dövlətlərlə hərbi əməkdaşlıq münasibətləri davam etdirilməsi gözlənilir:
Gürcüstan. Cari il ərzində Azərbaycan — Gürcüstan hərbi münasibətlərində inkişaf gözlənilir. Xatırladaq ki, martın 18-19-da Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya Azərbaycanda səfərdə olub. Görüşün sonunda müdafiə nazirlərı 2013cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.
Litva. 2013-cü ildə Azərbaycan — Litva hərbi əməkdaşlığında ciddi irəliləyişlər gözlənilməsə də iki ölkənin hərbçiləri ikitərəfli və çoxtərəfli qaydada hərbi təlimlərdə iştirak edəcəyi bildirilir. Litva ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində dəstəyini davam etdirəcək. Tərəflər 2012-ci ilin sentyabr arasında imzalanmış hərbi əməkdaşlıq haqqında yenilənmiş sazişin müddalarını yerinə yetirəcəklər. Eyni zamanda, bir sıra məlumatlara görə, Litva Azərbaycana enerji təhlükəsizliyi sahəsində ekspert dəstəyi göstərəcək və bu istiqamətdə NATO ilə əməkdaşlıq sənədləri üzrə razılaşmanın olduğuna dair məlumatlar mövcuddur.
Xatırladaq ki, cari il martın 6-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius Azərbaycanın müdafiə naziri tərəfindən qəbul edilib. Görüş zamanı hərbi əməkdaşlıq sahəsində əldə edilən nəticələrin daha da möhkəmləndirilməsi barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Böyük Britaniya və digər ölkələr. Azərbaycanın NATO ilə əməkdaşlıq sənədləri çərçivəsində sıx hərbi münasibətlər qurduğu ölkələrdən biri də Böyük Britaniyadır. Bu il iyul ayında Londonda Kral Müdafiə Tədqiqatları Kollecində təhsil alan Azərbaycan zabitləri ölkəyə qayıdacaqlar. Ekspertlərə görə, belə kadrlar Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi əhəmiyyət kəsb edir.
Bundan başqa, Azərbaycan 2013-cü ildə bir sıra ölkələrlə — Çexiya, Xorvatiya, Sloveniya, İtaliya, Polşa, Rumıniya, Bolqarıstan, Ukrayna, Çin, Özbəkistan, Koreya, Qazaxıstan ilə hərbi əməkdaşlıq münasibətlərini davam etdirəcəyi gözlənilir.
Xüsusilə də, hərbi mənbələrdən verilən məlumata görə, 2013-cü ildən etibarən İtaliya Azərbaycanla kadrların hazırlığı və silah və hərbi texnikaların satışı istiqamətində münasibətləri əməkdaşlığı gücləndirmək niyyətindədir.
Eyni zamanda, yaxın vaxtlarda İndoneziya ilə Azərbaycan respublikaları arasında hərbi əməkdaşlıq sazişinin imzalanması gözlənilir.
Xorvatiya ilə hərbi sahədə əməkdaşlığın güclənəcəyi gözlənilir. Xatırladaq ki, bu ilin 6 fevralında Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının müdafiə naziri Ante Kotromanoviçin Azərbaycanla hərbi əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayıb. Onun səfəri çərçivəsində Azərbaycan və Xorvatiya müdafiə nazirləri arasında hərbi-texniki əməkdaşlıq haqqında analaşma memorandumunu imzalanıb.
Hərbi münasibətlərdə ziddiyyətlər. Araşdırmalar göstərir ki, 2013-cü ildə Azərbaycanın bir sıra ölkələrlə hərbi münasibətlərində ziddiyyətlər qalmaqda davam edəcək. Bunlar sırasına aşağıdakılar daxildir:
İran İslam Respublikası. Son 5 il ərzində Azərbaycan — İran hərbi münasibətlərində ciddi təlatümlər yaşanır və faktik olaraq ölkələr arasında heç bir praktiki hərbi əməkdaşlıq münasibətləri həyata keçirilmir. Bunun əsas səbəblərindən biri beynəlxalq birliyin İranla hərbi əməkdaşlığı məhdudlaşdırmaq çağırışlarıdırsa, digər səbəbi rəsmi Tehranın əksər hallarda Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmək cəhdləridir. Ekspertlər 2013-cü ildə Azərbaycan — İran hərbi əməkdaşlığında hər hansı irəliləyiş gözləmirlər. Tərəflərin müdafiə nazirlərinin bir-birlərinə qarşılıqlı səfərləri gözlənilir və böyük ehtimalla bu səfərlər real hərbi əməkdaşlıq münasibətlərinin qurulmasına səbəb olmayacaq.
Rusiya Federasiyası. 2013-cü ildə Azərbaycan — Rusiya hərbi münasibətlərində ciddi dəyişikliklər gözlənilməsə də Qəbələ RLS-in fəaliyyətinin dayandırılması və təhvil proseduru ilə əlaqədar olaraq münasibətlərin intensivləşəcəyi, Rusiya hərbi-sənaye kompleksinin Azərbaycanın müdafiə sənayesində yer almasına dair danışıqların aparılması gözlənilir. Təsdiqlənməmiş məlumatlara görə, Rusiya, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatı prosesində rolunu artırmaq istəyindədir. Azərbaycanın bu istəyə necə cavab verəcəyi yaxın vaxtlarda bəlli olacaq.
Müstəqil Dövlətlər Birliyi ilə münasibətlər. Cari ildə Azərbaycanın MDB çərçivəsində hərbi əməkdaşlığı gücləndirməsi gözlənilmir. Azərbaycan tərəfinin MDB Müdafiə Nazirləri Şurası toplantılarına qatılması prosesi davam edəcək. Lakin bu çərçivədə hansısa ciddi sazişə imza atılması mümkün görünmür.
2013-cü ilin hərbi tədbirləri
Mənbə: www.mod.gov.az
FTP-dən (Fərdi Tərəfdaşlıq Proqramı) əlavə: 18-19.02.2013. Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertlərinin səfəri, Bakı, Azərbaycan.
Azərbaycan-ABŞ iş planına əsasən: 20-21.02.2013. Azərbaycan-ABŞ işçi qrupunun görüşü, Ştutqart, AFR.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən: 25.02-22.03.2013. Kiçik zabitlər üçün liderlik kursu, Vışkov, Çexiya
Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci Dünya kubokunun təşkili ilə əlaqədar səfəri, 25-27.02.2013, Bakı, Azərbaycan
FTP-dən əlavə: 25.02-01.03.2013. NATO-nun təhsil üzrə işçi qrupunun səfəri, Bakı, Azərbaycan.
Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli özünü- qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü. 03-08.03.2013. Bakı, Azərbaycan.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən. 03.03 — 05.07.2013. Beynəlxalq dalğıc kursu. Beykoz, İstanbul, Türkiyə.
«NATO Qərargah zabitəri üçün öyrənilmiş təcrübələr mövzusunda kurs». 04-08.03.2013. Kunqsaengen, İsveç.
NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi kursu. 04-08.03.2013. Riqa, Latviya.
«AMAN-2013» Çoxmillətli dəniz təlimi. 04-08.03.2013. Karaçi, Pakistan.
Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən. 04-08.03.2013. Kimyəvi, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kurs. Kaunas, Litva.
Xəzəryani ölkələrin hidroqrafiya xidmətləri rəhbərlərinin müşavirəsi. 05-07.03.2013. Həştərxan, RF.
Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlıq planına əsasən. 11-14.03.2013. «Ukrayna Milli Müdafiə Universitetinin nümayəndə heyətinin səfəri». Bakı, Azərbaycan.
Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən. 11-14.03.2013. «FELDBERG 13» səhra təlimi. Oberlauzits, AFR.
Silahlara nəzarət təlim kursu. 11-16.03.2013. London, Birləşmiş Krallıq.
Hava əməliyyatları terminologiyası üzrə təməl kursu. 11-22.03.2013. İzmir, Türkiyə.
Hərbi-mülki əməkdaşlıq üzrə qərargah zabiti kursu. 11-22.03.2013. Enschede, Niderland.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən. 11-15.03.2013. «Combined Endeavor-2013» təliminin əsas planlaşdırma konfransı. Dublin, İrlandiya.
Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən. 11.03-13.07. 2013. MTT Qərargah kursu. Mürri, Pakistan.
Azərbaycan-Qazaxstan ikitərəfli əməkdaşlıq proqramına əsasən: 17-20.03.2013. Qazaxstan Müdafiə Nazirliyi hərbi qulluqçularının hazılıq sistemi ilə tanışlıq, Almatı, Qazaxstan.
Gürcüstan Müdafiə Nazirinin Azərbaycana rəsmi səfəri: 18-19.03.2013. Bakı, Azərbaycan.
Azərbaycan-Sloveniya ikitərəfli əməkdaşlıq proqramına əsasən: 18.03-12.04. 2013. İngilis dili kursu, Novo Qoritsa, Sloveniya.
NATO-nun Qüvvələrin Qorunması kursu: 25-29.03.2013, Oberamer, AFR.
Verifikasiya heyəti üçün alman dili kursu. 03.04-25.09.2013. Hürt, AFR.
10-cu Beynəlxalq qərargah zabitlər kursu. 04.04-13.06.2013. Liptovski-Mikulaş, Slovakiya.
«Avropa psixiatrlarının 21-ci konqresi». 06-09.04.2013. Nitsa, Fransa.
Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən. 08.04-03.05.2013. «Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi kursu». Altınova-Yalova, Türkiyə.
FTƏP (IPAP) və PAP üzrə qiymətləndirmə görüşü. 08-12.04.2013. Bakı, Azərbaycan.
Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən. 09-12.04.2013. Döyüşdə yaralanmışlara hospitala aparılmazdan əvvəl tibbi xidmət kursu. Kaunas, Litva.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən. 09-12.04.2013. «Parlament — hərbi əlaqələri və nəzarət». Qarmiş-Partenkirxen, AFR.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən. 10.04.2013-04.03.2014. «Motoatıcı kapitanları» kursu. San-Antoniyo, ABŞ.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən. 10.04.2013-19.11.2013. «Artilleriya kapitanları» kursu. San-Antoniyo, ABŞ.