Muəllif:

20 Yanvar: Qorbaçovu məhkəməyə biz yox, əslində ruslar verməlidirlər

20 Yanvarın 23-cü ildönümüdür. 23 ildir bu günü kədər və xalqımıza pislik etmiş canilərə əbədi nifrət hissi ilə qeyd edir, bir daha o günləri, verdiyimiz qurbanları anırıq. Kiçik bir ölkənin vətəndaşları olaraq, yenə də bəyan edirik ki, bu cinayətin baş memarı hələ həyatdadır, onu müttəhimlər kürsüsündə əyləşdirmək lazımdır. 20 Yanvar ötəndən sonra bu tələbimiz unudulur. Əslində bu işi indi SSRİ-nin həsrətində olan, onun bu və digər formada bərpasında maraqlı olanlar etməlidir. Çünki SSRİ-nin süqutu Qarabağ hadisələrindən, 20 Yanvardan başlandı. Korafəhim siyasətçi olan Mixail Qorbaçov ermənilərin əlində oyuncağa çevrildi, bu hadisələr təhrik olundu və o, böyük bir ölkənin başçısı olaraq burnundan uzağı görə bilmədi. Dağlıq Qarabağ detonatoru SSRİ-ni dağıtdı. Rusiya dünya siyasətində mövqeyini itirdi və özü də həmişəlik itirdi. İndi Putin bu mövqeyi bərpa etməyə çalışır. Lakin öz sələfini təkrar edir, onun böyük ölkəsini dağıtmaqda Qərb imperializminə əvəzsiz xidmətlər göstərmiş erməni çevrələrini anlaya bilmir. Onları bu tarixi cinayət üstündə cəzalandırmaq əvəzinə onlara silah-sursat göndərir. Buna dımrığı ikinci dəfə tapdamaq deyirlər.
Nə oldu? O oldu ki, proseslər idarəedilməz bir şəkil aldı. Qarabağın ardınca etnik münaqişələrin zəncirvari reaksiyası baş verdi. Mişa Qorbaçov hakimiyyətdən rüsvayçılıqla qovuldu. İndi qocalıb, oturub kitab yazır, arabir yenə də danışır. Özü də çox danışır. Amma Qarabağ hadisələrindən söz düşəndə susmağa çalışır, çünki o vaxtkı siyasi əfəlliyini, bir nömrəli postda otursa da, ermənilərin əlində oyuncaq olduğunu, ermənilər tərəfindən asanlıqla hərifləndiyini yaxşı bilir. Bioqrafiyasında ağır epizoddur…
Hər il olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı yenə də bəyanat verib. AYNA-ya daxil olan bəyanatda bildirilir ki, Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, kədər, eyni zamanda, milli qürur günü kimi həkk olunmuş 20 yanvar tarixi əsla unudulmayacaq.
«23-cü ildönümünü qeyd etməyə hazırlaşdığımız Yanvar faciəsi nə qədər zaman keçməsindən asılı olmayaraq, əsla unudulmayacaq. Haqqı tələb etdiklərinə görə minlərlə insanın gülləbaran edilməsini yaddaşlardan silmək mümkün deyil! Şəhid olanların, yaralananların, itkin düşənlərin ağrı-acısı hələ də qəlblərdədir. Bütün faciəsi ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi».
Bəyanatda qeyd olunur ki, Bakıda Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb dolu məktubundə hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderin və dini rəhbərin kəskin mövqeləri xalqı ruhlandırdı və birləşdirdi.
«Bir milyondan artıq insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərin ruhuna and içərək onları torpağa tapşırdı. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar bilərəkdən susmağa üstünlük versələr də, Dərbənddə, Borçalıda, Təbrizdə, İstanbulda və dünyanın bir çox ölkələrində şəhidlərimizə matəm saxlanıldı, xalqımızla həmrəylik bildirildi».
Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət bəşəriyyətə qarşı yönəldilən amansız cəza tədbiri kimi qiymətləndirilsin.
«Təəssüf edirik ki, bu günə qədər bu faciə tam hüquqi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb və Azərbaycan xalqının cəlladları layiqli cəzalarını almayıblar. Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini — M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın».
Şeyxülislam qeyd edir ki, azadlığın, müstəqilliyin yolu ağırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildir. «Şəhidlərimiz olmuş və torpaqlarımızın bütövlüyü bərpa olunanadək yenə də ola bilər. Odur ki, 20 Yanvar günü matəm libası geyib kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımızda, xüsusilə gənclərimizdə qəhrəmanlıq və vətənpərvərlik ruhu tərbiyə etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar. Qurani-Kərimdə buyurulur: «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər…» (Ali-İmran, 169).
Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanları adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Biz şəhid ailələrini unutmuruq və heç zaman unutmayacağıq. Əlimizdən gələni etməliyik ki, onlar bizim qayğı və diqqətimizlə əhatə olunsunlar.
Şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin qüdrəti, xalqımızın xoşbəxtliyidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir və doğma Azərbaycanda qələbə naminə bayram namazları qılınacaqdır.
Qafqaz Müsəlmanları İdarəsi bütün din xadimlərinə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə şəhidlərin şəninə xütbələr deyilməli, onların əziz ruhlarına Quran oxunmalı, dualar edilməlidir. Həmin gün oxunacaq moizələrdə müqəddəs dinimizdə şəhidlik məqamının yüksək tutulması haqqında fikirlər əsas yer tutmalıdır. Təlqin edilməlidir ki, şəhidlik imanın, vətənpərvərliyin, əqidə uğrunda mübarizənin ən yüksək zirvəsidir. Gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ edilməlidir».
X.İBADOV
İ.BALIOĞLU

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 232