20 illik Kəpəz TV
Əslində 20 il televiziya üçün elə də böyük tarix deyil. Lakin söhbət region televiziyasından gedirsə, onda bu tarixin nə demək olduğu hər kəsə bəlli olar. Əhatə dairəsində xüsusi çəkiyə malik olan Kəpəz Müstəqil Teleradio Şirkəti uzun bir inkişaf yolu keçmişdir. Təəssüf ki, bu yol heç də hər zaman hamar olmayıb. 1993-cü ildən fəaliyyətə başlamasına baxmayaraq, televiziya daha çox son 5 ildə özünü təsdiqləyə bilib. Çünki müəyyən zaman kəsiyində bu kanal lokal izləyicisi üçün çalışırdı. Yalnız əyləncəli verilişlər hazırlayan televiziya 15 il ərzində Gəncə əhalisinə keyfiyyətli layihələr təqdim edə bilmirdi. Bunun isə müəyyən səbəbləri var idi. Qeyri-peşəkarlıq, televiziya sahəsində anlayışın az olması, cəmiyyətin maraqlarını təmin edə bilməmək və ən əsası, texniki çatışmazlıq. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə üçün belə bir televiziyanın mövcudluğu, deyərdim ki, qəbulolunmaz idi. Kiçik bir evdə yayıma başlayan televiziya 2008-ci ildə daxili strukturunu dəyişməyə müvəffəq oldu. Artıq həmin ildən etibarən teleməkanda yeni bir televiziya yaranmış oldu. İlk işimiz isə ixtisaslı və peşəkar kadrların televiziyaya cəlb olunması oldu. Hələ də təəssüf hissi ilə qeyd edə biləcəyim bu məsələ bu gün də problem olaraq qalmaqdadır. Sevindirici hal ondan ibarətdir ki, gender bərabərliyi sahəsində tarazlığı yarada bilmişik. Televiziyada yenidənqurma işləri başladıqdan sonra Xüsusi Layihələr Departamentinin bütün işçiləri, Xəbərlər xidməti, hər kəs, Gəncə və Gəncəətrafı rayonlarda televiziyaya xanımların işə cəlb olunması yönündə bir sıra təbliğat xarakterli süjetlər hazırladılar. Nəticədə bu gün kanalda xeyli sayda xanım çalışır. Hazırda da kadr qıtlığı olmasına baxmayaraq, öz qüvvəmizlə topladığımız işçilər zamanla təcrübə keçərək peşəkarlıqlarını artırırlar. Əvvəllər əməkdaşlarımız yalnız işə olan sevgisindən burada çalışırdılarsa, indi onlar peşəkarlığı da onun üzərinə əlavə ediblər. Nəticədə onların hazırladığı verilişlər bu gün reytinqlərdə ön sıralarda qərarlaşıb. İndi rahat şəkildə deyə bilərəm ki, Kəpəz televiziyası peşəkar kadrlar yetişdirib. Əməkdaşlarımız 2012-ci ildə Azərbaycanda keçirilən «Avroviziya» mahnı müsabiqəsinin işıqlandırılmasında iştirak edərək, ən son məlumatları operativ şəkildə region tamaşaçılarına çatdırırdı, «Azərbaycan ailəsi-2010» müsabiqəsində «Reportyor» verilişi mükafata layiq görüldü. Teleməkanda ilk dəfə olaraq uşaqlar üçün «Dostlar» kukla serialını məhz Kəpəz TV ərsəyə gətirib. Adını çəkmədiyim daha bir neçə ilklərə və uğurlara imza atmışıq. Ən əsası isə odur ki, bütün bunlar şəraitsiz bir evdə həyata keçirilirdi. Həmin dövrdə şəraitimiz də lazımi səviyyədə deyildi. Zamanla müəyyən çatışmayan avadanlıqlar alınsa da, bu, televiziyanın vizuallığına bəs etmirdi. Orada çalışdığımız müddətdə televiziya üçün yeni bina tikilirdi. 2012-ci ildə yeni mövsümü artıq möhtəşəm binada açdıq. Əzəmətli binanın keyfiyyət baxımından da irəlidə olması göz önündədir. Televiziya bu gün ən müasir avadanlıqlarla təchiz olunub. Alman texnologiyası əsasında quraşdırılan avadanlıqlarda işləmək üçün ezam olunan mütəxəssislərimiz bu ölkədə xüsusi təlim keçiblər. Avtomatlaşdırılmış yayıma keçən televiziya bununla da Azərbaycanda bir yeniliyə imza atmış oldu. Sevindirici haldır ki, bu gün texniki heyətimiz digər kanallardan gəlmiş kadrlara avadanlıqların iş prinsipini başa salırlar.
Təbii ki, hər uğurun arxasında güclü əmək dayanır. Qərb regionunda yaşayanlar informasiyanı Kəpəz televiziyasından alırlar. Maarifləndirmə, təhqiqat, informasiya çatdırmaq bizim işimizdir. Gəncənin tarixinə hopmuş şəxsiyyətlərinin həyatları canlandırılaraq sənədli film şəklində izləyiciyə təqdim olunur. Biz çəkdiyimiz əziyyətlər sayəsində irəliyə inamla addımlayırıq. Lakin bizə dəstək vermək tamaşaçıdan asılıdır. Çünki biz onlar üçün çalışırıq.
Məlumdur ki, kanalın gəlir mənbəyi onun reklamıdır. Reklam şirkətləri isə daha baxımlı telekanallara üz tutur. Bu sırada paytaxt televiziyalarının adını çəkmək olar. «Şou proqramlarla» tamaşaçını ələ alan televiziyalar reklamlardan çox qazanırlar. Beləliklə, bölgə televiziyası həm tamaşaçısını itirmiş olur, həm də pulunu.
Lakin biz kütlə arxasınca qaçmırıq, onları tok-şoularımıza dəvət edərək, müəyyən problemin həllində onların da payının olmasına çalışırıq. Bölgələrlə sıx əməkdaşlıq edirik, verilişlərə qonaqlar dəvət edirik. Bütün bunlar region televiziyasının uğurudur.
Bölgələrdə bir neçə televiziya fəaliyyət göstərir. Onlar Kəpəz TV-dən sonra yaransa da, inkişaf yolundadırlar. Əvvəllər yalnız mərkəz Bakıda cəmləşən media hazırda bölgələr üzrə paylanıb. Dövlətdəki iqtisadi inkişafın və siyasi stabilliyin fonunda mediaya göstərilən diqqətdən irəli gələrək inkişaf edən region televiziyaları heç də paytaxt kanallarından geri qalmır. Onların texniki və yaradıcılıq potensialına malik olan kollektivləri istənilən sağlam rəqabətə malikdirlər.
Kəpəz televiziyasının zirvəni fəth etmək məqsədi üçün 20 il az bir zamandır. Son 5 ildə bu qədər tamaşaçı rəğbətinə nail olmuşuqsa, onların istədiyini verə bilmişiksə, deməli, biz düzgün yoldayıq.
[email protected]