Muəllif:

20 il bəs deyilmi?..

Yenə dekabr… Daha bir maliyyə ili sona yaxınlaşır. Mən iş adamı deyiləm, qəzetçiyəm və illərin ötüb keçməsinə də manat sayan maliyyəçi gözü ilə baxmıram. Mən illərə tarixçi gözü ilə, qəzetçi gözü ilə, Vətəninin bir parçası işğal altında olan vətəndaşın mənəvi əzablarla başa vurduğu zaman kəsimi kimi baxmağa öyrəşmişəm. Biz qəzetçilər əslində hər gün bu əzab-iztirabla keçən zamanın tarixini yazırıq — baş verənləri və onun təfsilatlarını qeydə alırıqsa, deməli, elə belədir ki var. Həmkarlarım razılaşar ki, biz — günləri (oxu: qəzet saylarını), ayları və sonda bütöv bir ili yola salanda da hər şeyə bu gözlə baxmış oluruq.
Bəlkə də bu, məndə işimizin özəlliyindən doğan bir duyğudur, hər il başa çatanda mən özlüyümdə şəxsi uğurlarımdan çox bir ölkə və bir millət olaraq bu ötüb keçən zaman kəsimində nəyi qazanıb, nəyi itirdiklərimizin fərqinə varmağa çalışır və hər dəfə də bir qeyri-müəyyənlik içində qalıram. Sonra isə — bir-birini əvəz edən günlər öz sözünü deyir, mən də yeni gələn ilin yeni tarixinin və öz şəxsi qayğılarımın axarında üzməyə başlayıram. Bir də ilin sonunda çevrilib arxaya baxır, «bu ölkə daha hansı başarılara çatdı, dünyanın dövlətlər cəngəlliyində, bu mürəkkəb zəmanədə yerimizi nə dərəcə möhkəmlədə bildik?» deyə nələrisə özüm üçün aydınlaşdırmağa çalışır, bir yana çıxara bilmirəm. Beləcə illər, ilə calanır.
Üzbəüzdə divardan asılı təqvimdə hər gün gözümə dəyən 2013-ün tarixə qovuşmaqda olduğu bu günlərdə istər-istəməz 1993-ü xatırlayır və Qarabağ üzərində nəzarəti itirdiyimizin 20 ilinin tamam olduğunun fərqinə varıram. Paho…
20 illik bir zaman tarix rakursunda balaca dönəm deyildir. Buna xalq arasında bir igidin ömrü də deyilir.
Niyə 93? Əslində bizim 93 Viktor Hüqonun «93-cü il»i kimi bir şey idi. Qeyri-bərabər savaş içərisində olsaq da, qonşunun iddia etdiyi və bütün açıq və gizli vasitələrlə burun soxmaq istədiyi torpaqların az qala yarısı üzərində nəzarət bizdə idi. İçimizdə bir ümid vardı ki, uzağı bir aya hər şey bitəcək… Quldur-muldur dəstələrini qovub çıxaracağıq. Həmin o 93-də qəfildən hər şey qarışdı, gözlənilməz söhbətlər ortaya çıxdı və düşmən bundan istifadə etmək fürsətini əldən vermədi. Böyük bir ərazi üzərində — ölkənin beşdə biri üzərində — nəzarəti, o qeyb edən etdik…
İndi o qan qırmızı xətdən sonrakı yaşam tariximiz 20 yaşına dolur. Ağrılarla yaşanmış 20 il… Nə qədər namuslu və təəssübkeş vətəndaşımızın bu ağrıları özü ilə o dünyaya apardığı gözlərimin önündədir. Torpaq itkisi kimi bir rəzaləti bir millət olaraq üstümüzdən silə bilmədiyimiz 20 il… Yəni 93 bizim tariximizdə ayırıcı bir xəttdir. Bunun üzərinə tarixçilər (bəlkə yazıçılar da) hələ çox qayıdacaqlar. Biz isə dözüb dururuq və bu yazıq Vətənimizin torpaq bütünlüyünün bir gerçək olacağı günü gözləməkdəyik.
93-dən sonrakı ilk illərdə hər dəfə il başa çatanda, gələn il üçün dövlətdən bir «Qarabağ vədi» də olardı, sonra leksikon dəyişikliyə uğradı.
Hə, qardaşlar, 2013 səfər çantasını yığışdırıb, 2014 qapıdadır. Yəqin üzümüzə gələn həftədən yenə bütün nazirliklər əldə etdikləri uğurlu rəqəmləri sadalayacaq, iqtisadi sektor — iqtisadi, siyasi sektor — siyasi, güc strukturları — cinayətkarlıqla mücadilədə başarılarını, sənətçilər, söz adamları ötüb keçən ilə baxışlarını topluma təqdim edəcəklər. Təbii ki, dinçilər də özlərini hiss etdirəcək, «bu bizim yeni il deyil» deyə qəzet səhifələrində görünmək fürsətini əldən qaçırmayacaqlar. Fəqət Qarabağ… Fərqindəyikmi ki, 20 ildir o gözəl, cənnətmisal yurdlara aralıdan baxırıq? Sizə 20 il deyirəm. Sizə yurd deyirəm — bunu oraları görməyənlərə, bilməyənlərə deyirəm.
Hə, necə bilirsiniz, 20 il bəs deyilmi?.. Bəlkə bir fikirləşək? Nəsə çox götür-qoy edirik.
Erix Mariya Remarkın savaş romanının adı kimi, «Qərb cəbhəsində təbəddülat yoxdur». Bu yoxdursa da, siyasi şərhçilər Qarabağ danışıqları ətrafında diplomatik cəbhədə hansısa bir canlanmadan yazırlar…
Nəsə heç inanmağımız gəlmir ki, dincliklə nəsə bir iş olsun.
Başqasını bilmirəm, mənə görə bütün bu haqqında söz gedən və ilbaşında da mütləq eşidəcəyimiz iqtisadi uğurlar, ölkənin simasında baş verən müsbət dəyişiklik, idmançıların medalları ölkənin 20 faizinin işğal altında olmasını, bir milyondan çox insanın yerindən-yurdundan qovulmuş olmasını kompensasiya etmir. Edə də bilməz. Nə qədər yaxamızı cırırıq cıraq. Bütün bunlar işğal rəzalətini yaşamağın fonunda hələ nəsə demək deyildir. İşğalı yaşamağa məcburuqsa, qalan hər şey bir heç nə… Vallah ləzzət eləmir.
Özü də necə torpaqlar… 300 milyarda hesablanan zərər…
Gələn həftədən başlayaraq şouçular öz çal-çağırlarında olacaq. Zarafat deyil, il başa çatır. 2013 gedib tarixə qovuşmaqdan ötrü səfər çantasının ağzını düyünləyib. 2014 qapıdadır. O bizə necə bir il yaşadacaq?
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 499