2 manatda israr və 13 il həbsxana həyatı…
Ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən Tərtər rayon sakini, 21 yaşlı Büsat Əliyevin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində başa çatıb.
İttihama görə, ötən il avqustun 5-dən 6-na keçən gecə, saat 04 radələrində rayonun Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini, 21 yaşlı Şamo Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib, həkimlərin səylərinə baxmayaraq, orada keçinib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində Ş. Məmmədovu qətlə yetirənin Büsat Əliyev olduğu müəyyən edilərək tutulub. Bəlli olub ki, Büsatın bibisi oğlu dostları ilə birlikdə hadisə baş verən kafedə yeyib-içiblər. Qonaqlığın sonunda hesabı gətirən Şamo ilə Büsatın bibisi oğlu arasında hesab məbləğinin çox olması üstündə mübahisə baş verib.
Yeyib-içənlər hesabın 6 manat olduğunu bildirsələr də, Şamo 8 manat ödəmələrinə israr edib. O, bu barədə dayısı oğlu Büsata şikayət edib. Büsat kafeyə gedəcəyini, məsələni aydınlaşdıracağını deyib.
Gecə saat 3 radələrində kafeyə tək gələn Büsatı oranın işçiləri mühasirəyə alıb. Hadisə zamanı döyüləcəyini görən Büsat Əliyev bıçağı çıxararaq özünü müdafiə etməyə başlayıb. Bu zaman bıçağı Şamo Məmmədovun ürəyinə vurub.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə Büsat Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.