17 yaşlı gənci öldürən ata-oğula 13 il 6 ay az görünüb
Bələdiyyə sədrinin oğlunu qətlə yetirməkdə ittiham olunan ata və oğul məhkəmə qarşısında dayanıb. Hənifə və İlham Əliyevlərin cinayət işinə Şirvan Apelyasiya Məhkəməsində baxılır. Onlar ötən il iyulun 16-da, saat 19:40 radələrində İmişli rayonunun Qulubəyli kənd sakini, 1948-ci il doğumlu Hənifə Əliyev və oğlu İlham Əliyev həmkəndliləri — yetkinlik yaşına çatmayan 1995-ci il doğumlu Mirnahid Nağıyevi kustar üsulla hazırlanmış odlu silahla öldürüblər.
Onu da qeyd edək ki, Hənifə Əliyev Qulubəyli kənd icra nümayəndəsinin qardaşı oğlu, Mirnahid Nağıyev isə kənd bələdiyyə sədrinin oğludur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hənifə Əliyev və İlham Əliyev hər biri 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Təqsirləndirilən şəxslər də cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti veriblər.
Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər. Məhkəmə iclası sentyabrın 26-da davam edəcək.