Muəllif:

17 il sonra yenidən cənnət adasında

İstanbul
İlk dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) 1996-cı ildə mərhum Rauf Denktaşın dəvəti ilə sənədli film çəkmək üçün getmişdim. Qaldığımız 15 gün ərzində adanı qarış-qarış gəzmiş, çəkilişlər aparmış, müsahibələr almışdıq. Bir günü səhərdən axşama qədər prezident Denktaşın evində keçirtmiş, onunla kamera qarşısında iki saatdan çox söhbət etmişdik. Filmi çox götür-qoydan sonra «Türk adası Kıbrıs» adlandırmışdım.
AzTV-də yayınlanmadan əvvəl «Xəbərlər» proqramında filmin anonsunu verdilər. Və yer yerindən oynadı, Bakıdakı yunan səfirliyi filmin efirə getməsi halında AzTV-ni rəsmi Afinanın Azərbaycana nota verəcəyi ilə hədələdi. Təəssüf ki, o vaxtkı sədr çəkinib filmi proqramdan çıxartdı. 2 aylıq əməyim heç olmuşdu. Amma ən çox Türkiyə və Kıbrısda bizə «qorxaq» deyəcəklər deyə əzab çəkirdim. Kim bilir daha nələr düşünəcəklərdi haqqımızda.
Bir müddət sonra «Xəbərlər» redaksiyasının baş redaktoru Səyyad Ağbabalının türk damarı tutdu. Sədrin icazəsi olmadan, böyük bir riskə gedərək filmi AzTV 2-də yayınlatdı. Doğrudur, AzTV-2 ancaq Bakı və Sumqayıtı əhatə edirdi. Auditoriya kiçikdi, amma film efirə getmişdi. Məni Kiprdə göylərə qaldırdılar, bir an içində orada məşhurlaşdım. Filmi Kıbrısdakı Bayrak TV-də, sonra isə TRT-də dəfələrlə yayımladılar…
Keçən həftəsonu Kıbrısda idim. 17 illik fasilədən sonra yenidən bu gözəl adaya gedirdim. Amma bu dəfə prezidentin qonağı olaraq yox, bir dostumun dəvəti ilə. Kıbrısı sevirəm, amma Kıbrısdan yazmağı yox. Çətindir çünki bu cənnət ölkədən yazmaq, bilmirsən hardan başlayasan. Hadisələrə görə, adanın son 50 ili başqa bir ölkənin 500 illik tarixinə bərabərdir. 1974-cü ildə Kıbrısın ikiyə bölünməsinin sancısı hələ də davam etməkdədir. Yunan hissəsi «Cyprus» adı ilə 2004-dən Avropa Birliyindədir, amma dərin bir iqtisadi böhran içindədir. Şimalda isə böhranın izi-tozu da yoxdur.
Gəldiyim gün Girnedəki məşhur «Niyazi`s» restoranına dəvət etdilər bizi. «Niyazi`s» ilk gəldiyimdə qaldığım «Dome» otelin qarşısındadır. O vaxt «Dome» KKTC-nin ən göstərişli oteli idi. Bu gün isə paytaxt Lefkoşa, Maqosa və Girnedə bir-birindən dəbdəbəli otellər var. Arxalarında Türkiyə kimi bir ölkə var, onun iqtisadi şahlanışı buraya da təsirini göstərib. Milli gəlir 15 min dollara çatıb, rahatdırlar, güvəndə hiss edirlər özlərini.
Turistik yerlərdə kazinoların çoxluğu gözə çarpır. 17 il əvvəl onların müştəriləri əsasən ingilislər idi. 1996-nın avqustunda Türkiyədə kazinoların qapadılması ilə bütün qumarbazlar Bolqarıstan və Kıbrısa üz tutdular. Büdcəsinin əsas hissəsi Türkiyənin «dotasiyası» ilə ayaqda durur. Özləri isə əsasən turizm və qumarxanalardan qazanırlar.
Aralıq dənizi hövzəsi ölkələrinin bütün insanları kimi kıbrıslılara da tənbəl demək olar. Bu, onların milli xüsusiyyətləri deyil, nə etsinlər, iqlimləri belədir. Hamı ətalət içindədir sanki, heç kim heç yerə tələsmir. Fiesta ölkəsidir nə də olsa, yatmağı çox sevirlər. Restoranları da «yuxuludur», qarsonlar yavaş, servisləri yavaş, günorta yeməyi bu səbəbdən ehmalca axşam yeməyinə keçir — bizdə xaşın kababa keçdiyi kimi. Masa ətrafında söhbət gəlib çıxdı Annan planının üstünə. Adada olduğum günlərdə Annan planı referendumundan düz 9 il keçirdi.
2004-ün aprelində keçirilmiş referendumda KKTC-də xalqın 65%-i «lehinə», 35%-i isə «əleyhinə» səs vermişdələr. Adanın yunan hissəsi isə 75% «əleyhinə» səslə Annan planını rədd etmişdi. Əgər qəbul edilsəydi, yeni qurulacaq Federativ Kıbrıs Respublikasında türklər 300 min əhalisi ilə azlıq duruma düşəcək, ən əsası isə böyük qurbanlar verərək qazandıqları müstəqilliklərini itirmiş olacaqlardı. Amma tarixin qəribə cilvəsidir ki, rumlar onların mənfəətlərinə xidmət edən Annan planına «yox» deyərək, türklərlə bir yerdə yaşamaq istəmədiklərini göstərdilər.
Qərb təmayüllü, uzun illər Amerikada yaşamış rəssam dostum Annan planını tərif edə-edə göylərə qaldırır, hüquqçu dostum isə milliyətçi baxışlarından dolayı Annanı da, federasiya dəstəkçilərini də yerdən-yerə vururdu. «Niyazi`s»də nə illah etdimsə, onları ortaq məxrəcə gətirəmmədim, Annanın türklərlə rumları gətirə bilmədiyi kimi.
Hə, yazımın sonunda bir də bu «rum» kəlməsinə aydınlıq gətirim. Türklər tarixi Yunanıstan, yəni Ellada torpaqlarında yaşayanlara «yunan», bu torpaqların xaricində yaşayanlara isə «rum» deyirlər. Kıbrıslıların da bəxti onda gətirib ki, nə ingilislər, nə də yunanlar çox əlləşsələr də, onlara başqa ad qoymağa nail olmayıblar. Millətlərin adlarını dəyişəndə, onları coğrafi mənsubiyyəti ilə çağıranda çox ciddi problemlər çıxır ortaya…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 262