16 manat 50 qəpik
1 sentyabr 2013-cü ildən məcburi köçkünlərə yemək üçün verilən aylıq müavinət 10% artırılır. Maraqlıdır ki, bu müavinətin məbləği cəmi 15 manat təşkil edirdi. Beləliklə, artım cəmi 1,5 manat təşkil edəcək. Yəni innən belə məcburi köçkünlər 16 manat 50 qəpik yemək pulu alacaqlar.
Ümumiyyətlə bizdə seçkilər öncəsi seçicilərə dövlət adından «rüşvət», üzr istəyirəm, «hədiyyələr» paylamaq dəbdir. Özü də həm fərdi, həm də toplum şəklində. Bütün seçkilər öncəsi dövlət məmurlarının, büdcə təşkilatları işçilərinin maaşlarının 10 faiz civarında artırılması, rayonların sosial-iqtisadi inkişafı üçün milyonların ayrılması bir dəb halını alıb.
Normalda bu dövrdə, yəni seçki öncəsi «hədiyyələr» paylanmamalı, vədlər verilməlidir. «Hədiyyələr» isə seçkilərarası dövrdə vədlərin yerinə yetirilməsi şəklində adamlara «paylanmalıdır». Amma yaddaşla bağlı ciddi problemlərimiz var. Çox önəmli məsələləri çox tez bir zamanda yaddan çıxarırıq.
Elə bilməyin ki, söhbət bizim iqtidardan gedir. Onlar xərclənən bir qəpiyin hesabını belə çox gözəl bilirlər və kimdən lazımdır, ondan da soruşurlar. Problem bizdədir, yəni millətdə. Daha doğrusu, bu milləti təşkil edən hər bir fərddədir. «Yeni azərbaycanlılar» xaric. Onlar bizdən deyil. Onlar tam başqa xəmirdən yoğrulublar. Ona görə də əvəzolunmazdırlar. Amma bu millətin onlardan olmayan qalan hissəsi olan bizlər çox naşükürük. Bizə edilən yaxşılığı anındaca unuduruq. Necə ki bəziləri səhər yediyini axşam yadına sala bilmir. Ona görə də «hədiyyələrimizi» bizə seçkilər ərəfəsində paylayırlar ki, səsvermə günü səs verən anda kimdən nəyi və nə üçün aldığımızı unutmayaq.
Özü də yadda saxlamaq lazımdır ki, bu ölkədə hər kəsin cəsarət edib seçkiqabağı hədiyyələr paylamaq imtiyazı yoxdur. Moskvada yaşayan Söyün Sadıqov adlı birisini çoxları tanıyır. Əvvəllər çoxumuz adını belə eşitməsək də, son zamanlar hamımız Söyün Sadıqovu yaxşı tanıdıq. «Yeni azərbaycanlılara» xəyanət etmiş «vətən xainlərini» hamı tanımalıdır. Qəhrəmanlarımızı tanımaq o qədər də önəmli deyil. Bəzi hallarda heç tanımasaq, daha yaxşıdır. Necə ki çoxlarını tanımırıq da. Amma bu «vətən xainlərini» səsindən, hətta nəfəsindən tanımaq lazımdır. Ən azından ona görə ki, torlarına düşməyək, onların məkrli niyyətlərinin qurbanı olmayaq. Hə, uzun sözün qısası, jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sahibləri məlum olan kimi, bu Söyün Sadıqov bütün narazı qələm sahiblərini evlə təmin etmək arzusunda olduğunu bildirdi. Yəni öz cibinin parası hesabına jurnalistlər üçün daha bir bina tikəcəyini bəyan etdi. Söyün Sadıqova heç bir simpatiyam yoxdur. Hətta binanın tikilməsi üçün ona icazə verilsəydi belə, sözünün üstündə duracağına inanmıram. Amma, necə deyərlər, yalançını mənzilinə qədər qovarlar. Normalda Bakı şəhər icra hakimiyyətinin başçısı təcili olaraq Söyün Sadıqovla əlaqə yaratmalı və ona bu tikintini başlamaq üçün bütün şəraiti yaratmalı idi. Axı haqqında söhbət gedən binadakı mənzillərin açarları sahiblərinə paylananda ən yüksək dövlət səviyyəsində etiraf edildi ki, biz yazıq jurnalistlərə verilən maaş hesabına heç 50 ildən sonra belə ev almaq mümkün deyil. Sadıqov isə bu sosial problemin həllinə öz cibinin parası ilə dəstək verməyə hazır olduğunu bildirdi. Şərait yaratmaq əvəzinə Söyün Sadıqovu təxribatçı elan etdilər. Dedilər ki, «sən kimsən, nə karəsən ki, belə dövlət məsələlərinə burnunu soxasan». Bir sözlə, Tağıyevlər, Nağıyevlər dövrü çoxdan keçib. İndiki dövrdə xeyriyyəçilik belə dövlətə və dövlətin müəyyənləşdirdiyi siyahıya daxil şəxslərə aid imtiyazdır. Vəssalam, şüttamam.
İndi isə qayıdaq məcburi köçkünlərin bundan sonra alacağı 16 manat 50 qəpiyə. Deyirlər ki, toxun acdan xəbəri olmaz. Amma bu qədər də yox. Doğrudanmı bizim çinovniklərin xəbəri yoxdur ki, 16 manat 50 qəpiyə bir ay ərzində azyaşlı bir uşağın belə qarnını doldurmaq olmaz?! İnanıram ki, bilirlər! Yəni on minlərlə və bəlkə də yüz minlərlə insanı 16 manat 50 qəpiyə möhtac qaldıqları üçün ələ salırlar?! Yenə də Mirzə Ələkbər Sabir yadıma düşdü:
«Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, İlahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, —
Bilməm belə dövranları neylərdin, İlahi?!
Məzlumların goz yaşı dərya olacaqmış, —
Dəryaları, ümmanları neylərdin, İlahi?!
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, —
Ahuləri, ceyranları neylərdin, İlahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, —
Töxm əkməyə dehqanları neylərdin, İlahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, —
Bəyzadələri, xanları neylərdin, İlahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, —
Dildadeyi-irfanları neylərdin, İlahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşlüklü müsəlmanları neylərdin, İlahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, —
Beş-üç bu süxəndanları neylərdin, İlahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən, —
Tənbəl, dəli şeytanları neylərdin, İlahi?!»
Yox, buna inanmıram. Yox, bizim «yeni azərbaycanlı» dövlət məmurları daş qəlbli ola bilməzlər. Yuxarıda qeyd etdim ki, onlar bizdən deyillər, onlar başqa xəmirdən yoğrulublar. Onlar yuxuda belə bizim rifahımız haqqında düşünürlər. Bəs onda bu 16 manat 50 qəpik nədir?!
Birdən «Uşaqlığın son gecəsi» filmində qəhrəmanlardan birinin dilindən səslənən bir cümlə yadıma düşdü:»Məsələ sosiskada deyil e, adam gərək «vnimatelnı» olsun». Yəni onu demək istəyirəm ki, məcburi köçkünlərimizin birinin belə bu 16 manat 50 qəpiyə ehtiyacı yoxdur. 16 manat 50 qəpik yalnız və yalnız hökumətin seçkilər kimi bir böyük bayramın ərəfəsində onları yaddan çıxarmadığının, yəni məcburi köçkünlərə qarşı «vnimatelnı» olmasının göstəricisidir…
[email protected]