15 sentyabr — Bakının düşmənlərdən qurtarılması günü iftixarla anılır
15 sentyabr — Bakının düşmənlərdən qurtarılması günü tarixinə hörmət edən bütün Azərbaycan Türkləri tərəfindən iftixarla anılır. Bu gün — Bakıda daşnak-bolşevik nəzarətinə son qoyulub, onlar məğlub edilərək qovulub. Onlara silahın gücü ilə başa salıblar ki, bu torpaqların əzəli və əbədi sahibləri kimlərdir. İndi o şanlı gündən 95 il ötür.
Bəlli olduğu kimi, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandan, tam artilleriya generalı Əli ağa Şıxlinskinin müavin olduğu Qafqaz İslam Ordusu (Azərbaycan Korpusu onun tərkibinə daxil edilmişdi) təntənəli marşla Bakıya daxil olaraq nəzarəti rəsmən üzərinə götürüb. Azərbaycan hökuməti Gəncədən Bakıya köçüb. Bakı əbədi paytaxtımız olub.
Qafqaz İslam Ordusu sonra düşmənləri təqib edərək Petrovska (indiki Mahaçqala) qədər irəlilədi. O şəhəri də azad etdi və Dağlılar öz hökumətlərini qurdular. İndi gör nə gündəyik ki, Bakı prospektlərindən biri Nuru paşanın, o şanlı ordunun başçılıq edən paşaların adlarını daşımır. O şərəfli tarix möhtəşəm bir abidə ilə əbədiləşdirilmir. O şanlı günü yad edərkən Osmanlı əsgərlərinin şəhid məzarlıqlarına gedib dua oxumaqla təskinlik tapırıq…
Biz milli tariximizin o son dərəcə böhranlı günlərini və 15 Sentyabr xilas gününü heç vaxt unutmayacağıq.Azərbaycan Türkü o günü və o Əsgərin müqəddəs xatirəsini ürəyində yaşadır və özü var olduqca yaşadacaq.