15 ildən sonra yenidən Neft İnstitutu yaradıla bilər
Azərbaycan MEA yeni bir neft institutu yaratmağı nəzərdə tutur. Bunu mətbuata açıqlamasında prezident Akif Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan neft diyarı olduğu üçün belə bir instututun yaradılması vacibdir, hazırda bu məsələyə hökumətdə baxılır və ümid edir ki, yaxın günlərdə müsbət cavab alacaqlar. A.Əlizadə Xəzər Elm Mərkəzinin yaradılacağını da xəbər verir. Alim deyib ki, bütün Xəzəryanı ölkələrdə bu dənizi araşdıran elm mərkəzləri var, amma Azərbaycanda yoxdur: «Sözügedən qurum ən müasir texnologiyalarla təchiz olunacaq, Xəzər dənizi, ümumilikdə isə Xəzər regionu ilə bağlı elmi tədqiqatlar həyata keçirəcək».
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban MEA rəhbərinin təşəbbüsünü təqdirəlayiq hesab edir: «Vaxtı ilə akademiyanın nəzdində Midhət Abbasovun rəhbərlik etdiyi Neft İnstitutu var idi. Amma 1990-cı illərin ortalarında bu institut ləğv edilərək Biologiya İnstitutuna birləşdirildi. Ancaq neft ölkəsi sayılan Azərbaycanda, neft institutunun qapadılması heç də başadüşülən deyildi. Özü də neft və biologiya tamam fərqli sahələrdir. Biologiya neftdən fərqli olaraq axtarış sahəsidir. Düzdür, bunların bir-birinə müəyyən bağlılığı var, amma fərqli cəhətləri hədsiz çoxdur. Bu baxımdan Akif müəllimin bu addımını dəstəkləyirəm. Nəhayət ki, akademiya nəzdində, təqribən 15 il keçəndən sonra yenidən ayrıca bir Neft İnstitutu yaradılacaq. Yəni daha professional şəkildə neft tədqiqatları ilə məşğul olan elm ocağı meydana gələcək».
Ekspert bununla bağlı mətbuatda yazılanlara da münasibət bildirib: «Çoxları deyirlər ki, neft akademiyası olduğu halda, bu institut niyə lazımdır? Bunlar tamamilə fərqli şeylərdir. Bir var, ali məktəb ocağı, bir də var ki, Elmlər Akademiyasının nəzdində institut. Hər qurumun qurulma məqsədi və fəaliyyət istiqaməti ayrıdır. Yüksək dərəcəli kadrlar təkcə ali məktəblərdə yetişmir ki? «BP-Azərbaycan» şirkətinin keçmiş prezidenti Rəşid Cavanşir MEA neft tədqiqatları institunun direktor müavini olub. Elə özü də həmin istitutda yetişmişdi. Başqa bir çox sanballı alimlər məhz həmin tədqiqat institutunun «məhsuludurlar». Yəni ali məktəb xarakterli deyil, daha yüksək səviyyədə elmi fəaliyyət göstərən, təcrübəli kadrlar və neft mütəxəssisləri yetişdirən belə elmi mərkəzin yaradılmasına böyük ehtiyac duyulur. Çünki bizim ən azı 30 illik neft və 100 illik qaz hasilatı ilə bağlı gələcək proqnozlarımız var».
İ.Şaban akademikin Xəzərlə bağlı təklifini də yüksək qiymətləndirib: «Biz özümüzü «Xəzərin dünyaya açılan qapısı» adlandırırıq. Buna görə də, dənizlə bağlı bütün tədqiqat işlərini və elmi mərkəzləri Bakıda cəmləmək lazımdır. Bakı bulvarını bu başdan-o başa, düz 20 kilometr uzatmaq planları var. Lap yaxşı, qoy istədikləri qədər uzatsınlar. Amma uzanıb gedən bulvarda insanlar üçün baxılası bir şey yoxdur axı. Orda muzeylər yaradılmalı, Xəzərlə bağlı sərgilər qurulmalıdır. Mənim təklifim belə idi ki, bulvarda Xəzərin maketi yaradılsın və dənizdə olan bütün neft və qaz yataqlarının modeli hazırlansın. Ora gələn insanlarımız və ya əcnəbilər, turistlər İçərişəhər örnəyində olduğu kimi bir neçə dildə Xəzərin faunası, florası, karbohidrogenindən tutmuş hər şeyi haqqında informasiya alsınlar. Görün, onda nə gözəl olardı. Yoxsa, elə get çöllüyə, bax biyabana, sonra da qayıt gəl. Nə olsun? Yerə-yurda kafel, mərmər döşəməklə iş bitmir axı. Biz dənizdən ilk neft çıxaran ölkəyik, ancaq bu günə kimi neft muzeyimiz yoxdur. Baxmayaraq ki, 2008-ci ildən Nazirlər Kabinetinin bu barədə qərarı var. Yəni çox şeyi deyirik, amma reallaşdırmaq istiqamətində addımlar atmırıq».
21-ci əsr Təhsil Mərkəzinin sərdi Etibar Əliyev hesab edir ki, belə bir elmi tədqiqat mərkəzinin akademiyanın nəzdində yaradılması bu istiqamətdə müxtəlif tədqiqatların aparılmasına şərait yarada bilər. Belə ki, indiyə qədər ölkədə Neft Akademiyası fəaliyyət göstərir və bu təhsil ocağı ilk yaradılan institutlardandır. O cümlədən, Ali Neft Məktəbinin yaradılması da uğurlu addım kimi dəyərləndirilir: «Müasir, Avropa təhsili tələblərinə cavab verən Bakı Neft Məktəbi yaradılıb və dərslər ingilis dilində tədris olunur. Bu məktəb yarandığı gündən özünü doğrultdu. Əsasən 600-dən yuxarı bal toplayan abituriyentlər həmin ali məktəbə üz tutdular. Bu məktəbi fərqli proqramlar əsasında ən müasir təhsil ocaqlarından biri saymaq olar. MEA nəzdində neft institutunun yaradılması isə şübhəsiz ki, elmi-tədqiqat xarakterlidir. Çünki akademiya elmi müəssisə olduğu üçün onun nəzdində hər hansı ali məktəb nəzərdə tutula bilməz. Bu müzakirəyə verilən «Elm haqqında» qanunda da öz əksini tapıb. Ola bilsin ki, daha dərin tədqiqatlardan ötrü, daha spesifik sahə olduğu üçün ayrıca elmi-tədqiqat institutu kimi yaradıla bilər». İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, belə bir institutun yaradılmasına ehtiyac yoxdur: «Çünki akademiyanın institutları sovet dövründə təşkil olunan institutlardır. Eyni zamanda, neft problemləri ilə məşğul olan hansısa institut var. Əgər biz neft sənayesinin inkişafına yardım etmək, elmi tədqiqat işlərini davam etdirmək istəyiriksə, bunu ARDNŞ nəzdində müəyyən elmi-tədqiqat qrupu yaratmaqla həyata keçirmək olar. Çünki faktlar göstərir ki, ölkə müstəqilliyini bərpa edəndən sonra akademiyanın institutları maddi cəhətdən zəif, imkanları məhdud olduğuna görə onlar yeniliklər verə bilmirlər».
Zülfüqarlı hesab edir ki, əgər akademiyanın institutlarının sayını artırmağa ehtiyac varsa, ilk növbədə mövcud olan institutların iş keyfiyyətini yüksəltmək lazımdır. Belə ki, cüzi maaşla hər hansı elmi nailiyyətlərə qol qoymaq mümkün deyil. «Əgər alimlər yüksək əmək haqqı alırlarsa tədqiqatlarla məşğul olar və müəyyən keyfiyyət əldə edərlər. Əgər orada alimə minimum yaşayışını təmin etmək üçün əmək haqqı verilmirsə, akademiyada jurnala qol çəkib hansısa universitetlərdə saat hesabı dərs deməklə çörəkpulu qazanırlarsa, onda hansı keyfiyyətdən danışmaq olar? İnstitutu açıb, ştatları doldurub, dövlətdən pul alıb heç bir iş görməməkdənsə, ya akademiyanın işini gücləndirmək, ya da akademiya institutlarını universitetlərə vermək lazımdır».
Təhsil Nazirliyi: «Xaricdə təhsil sahəsində bir şirkətlə əməkdaşlıq etmirik!»
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyən gənclərə və onların valideynlərinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, Azərbaycanda tələbələrin xarici ölkələrin ali təhsil müəssisələrinə qəbulu sahəsində çalışan şirkətlərin sayı artır və bəzi vətəndaşlarımızın bu şirkətlərin fəaliyyəti ilə bağlı şikayətləri daxil olmaqdadır:
«Bununla əlaqədar vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə və onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər».
Nazirlik bildirib ki, hər hansı yerli şirkətlə əməkdaşlıq nəticəsində maddi və ya mənəvi ziyan çəkmiş vətəndaşlarımız isə birbaşa olaraq aidiyyəti orqanlarına müraciət edə bilərlər.
Qeyd edək ki, 2012-2013-cü tədris ilində «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil alıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, həmin tədris ilində 607 nəfər azərbaycanlı xarici ölkələrin ali məktəblərinə daxil olub.
2011-2012-ci təsdris ilində xaricdə 1218 nəfər azərbaycanlı gənc təhsil alıb. 435 nəfər azərbaycanlı isə xarici ölkələrin ali məktəblərinə daxil olub.
2009-2010-cu tədris ilində xarici ölkələrin ali məktəblərinə daxil olanların sayı 275, ümumilikdə təhsil alanların sayı 783 nəfər idi.
2008-2009-cu tədris ilində xarici ölkələrin ali məktəblərində təhsil alanların sayı 200, qəbul olanların sayı isə 134 nəfər olub.
Proqramın həyata keçirildiyi ilk tədris ilində xarici ölkələrin ali məktəblərinə 66 nəfər daxil olub.